İLAXIR Çərşənbəniz mübarək! – Bilal ALARLI yazır

Bu çərşənbə bizdə, yəni Muğanda daha təmtəraqlı keçirilir. Bunun şərtləri var. Belə ki, bu gün bizlərdə həm də dədə-baba günü sayılır. Hamı yaşlı adamlara baş çəkir, qohumlara dəyir, dünyasını dəyişənləri yad edir, qəbirlərin üstünü səliqəyə salır, şam yandırırlar.

Evdə dilək şamları yandırılır, tonqallar qalanır.
Mütləq qazan asılır. Qazan bizim bölgədə müqəddəs sayılır. Hətta EL qazanı deyilən bir ocaq da çatılır, bu qazana imkanlılar ət, yağ, düyü verirlər, qazan hazır olanda gəlib imkansızlarla birlikdə süfrəyə əl uzadırlar. Bu gün ona görə də bərabərlik günü sayılır.
Gecə isə adamlar yatmır, çillə çıxarırlar, dilək tutub səhər gün qalxmamış axar su üstünə gedirlər. Diləklər istənilir axar Sudan…
Bu gün həm də imkansız ailələr üçün paylar hazırlanır, şirniyyat qoyulur, gün batanda sakitcə aparıb həmin payları paylayırlar.
Deməyim odur, əslində ilaxır çərşənbə Muğanda Novruz bayramı səviyyəsində qeyd olunur.
Bir adət də var: Adamlar çərşənbə plovunu yeyib əkinə başlayırlar. Amma bu vaxtadək şum vurulur, ağacların dibləri bellənir.
Artıq alçalarım çiçəkləyib, il ruzulu görünür.
Əslində İlaxır çərşənbə özündə qədim Danatma mərasiminin izlərini yaşadır. Danatma mərasimi Dan Tanrının – Alın şərəfinə təşkil olunurdu. Al Günəşin qədim adıdır. Al dünyanı işıqlandıran Tanrı sayılırdı. Tanrı adı da Tan/Dan və -ru yerlik hal şəkilçisındən əmələ gəlmişdir və Tanrının olduğu, dünyanı işıqlandırdığı yer anlamındadır. Od – Alov Alın yerdəki əlamitidir, qızdırır və işıq saçır. Buna görə İlaxır çərşənbədə tonqal – Alov çatılır, ruhları məzarların üstündə yandırılan işıqla – şam işığıyla sevindirirlər.
Bir daha İLAXIR çərşənbəniz mübarək!
Tanıdığım və məni tanıyan bütün şəxsləri – qohumlarımı, dostlarımı, şair və yazıçı tanışlarımı, müəllimlərimi, müəllim həmkarlarımı, tələbələrimi və şagirdlərimi Bayram münasibətilə təbrik edurəm!
Canınız sağlam, ruzunuz bol olsun!
AMİN, İNŞALLAH!

Share: