İdman Tennis Kompleksində Vətən Müharibəsi Qəhrəmanının Xatirəsinə Idman Yarışları Keçirilib

Tədbir Azərbaycan Respubıikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

İTK-in direktoru Əhməd Abbasbəyli çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən, tədbirin əhəmiyyətindən danışıb. Əhməd Abbasbəyli, həmçinin qardaş Türkiyəni Cümhüriyyət günü münasibəti ilə təbrik edib.

Daha sonra şəhidin atası Arif Hümmətov, millət vəkili Cavid Osmanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digərləri də çıxış edərək şəhidlərimizin yad edilməsini vətənpərvərliyin təbliği baxımdan yüksək qiymətləndiriblər.

Çıxışlarda qeyd edilib ki, respublikamızın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi hər bir soydaşımız üçün müqəddəsdir. Bildirilib ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının idmançıları qılıncoynatma, “888 Boxing” Klubunun üzvləri boks, Qafqaz Taekvondo Klubunun idmançıları taekvondo, Xətai İdman Mərkəzinin idmançıları karate, Azərbaycan Alpaqut Federasiyasınin idmançıları alpaqut-turan döyüş sənəti  idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa edib.

Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilib.

Share: