İdarəetmə təkmilləşir, icra başçısı institutu ləğv edilir

Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra başçıları həyata keçirir. Bundan başqa xüsusi nümayəndələri də, icra başçılarını da Prezident təyin edir. Ona görə də yalnız kadrların şəxsi keyfiyyətlərindən asılı olaraq nəsə dəyişə bilər. Elə hazırlıqlı və yüksək standartlara cavab verən kadrlar varsa, onlar başçı təyin olunsa, daha yaxşı olar. Bu zaman idarəetmə xərcləri də şişməz.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ADA Universitetində çıxışı zamanı yerlərdə idarəetməni təkmilləşdirmək məqsədilə işğaldan azad olmuş ərazilərdə xüsusi nümayəndələrin təyin olunmasının sınaqdan keçirilməsi haqda fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq Prezident tərəfindən müəyyən edilmiş iqtisadi rayonlar müəyyən dəyişikliklər edilməklə inzibati ərazi vahidləri kimi Milli Məclisdə qeydə alına və həmin ərazilərdə icra hakimiyyəti funksiyalarını səlahiyyətləri qanunla müəyyən olunan, yerli sakinlərin seçdiyi rəhbərlər həyata keçirə bilər:

“Bu, həm də imkan verər ki, gələcəkdə Qarabağdakı erməni sakinlər də özlərinə yerli idarəetməni həyata keçirmək üçün rəhbər seçə bilsin. İdarəetmədəki hədsiz mərkəzləşmə siyasəti artıq özünü doğrultmur və dəyişdirilməlidir. İnzibati ərazi vahidlərində seçkili nümayəndəli orqanların da yaradılması şərtilə belə bir islahatların aparılması Prezidentin də qeyd etdiyi yerli idaretmədəki ciddi çatışmazlıqları aradan qaldıra, idarəetmə xərclərini azalda və inkişafa təkan verə bilər”.

Qeyd edək ki, Azərbaycanda 14 iqtisadi rayon mövcuddur.

Müstəqil.Az

Share: