Hüseyn Cavidin qızı ailəsi ilə bağlı müsahibəsində bir çox mətləblərdən danışıb – Çox maraqlıdır + MÜSAHİBƏ

Hüseyn Cavidə sevgimiz əsasən yaradıcılığı ilə bağlı olsa da, ancaq onun bir çox xüsusiyyətləri var ki, ona olan hörmətin üstünə hörmət gətirir. Bu da onun dəmir və dönməz xarakteridir. Bunu Hüseyn Cavid haqqında dövrdaşlarının qələmə aldığı yazılardan və qızının söhbət və müsahibələrindən görmək olur. Üzləşdiyi çətinliklər onu içəridən yıxsa da, ancaq düşmən önündə bir arpa boyu da olsun qəddini əymədi. Sözün düzü, bu barədə yazmaq istəsəm də, nə danım, cürətim çatmadı. Çünki Hüseyn Cavid kimi bir dahinin haqqında yazmaq və fikir bildirmək həddimizə deyil. O səbəbdən də qızı Turan Cavidin ailəsi və xüsusən də atası haqqında filologiya üzrə fəlsəfə doktoru Azər Turanla geniş söhbətini oxumaq daha münasibdir. Odur ki, Turan xanımın Azər Turanla geniş söhbətin birinci hissəsini təqdim edirəm. 

 

– Turan xanım, sizinlə söhbət etmək istəyirəm, – dedim.

– Nə barədə? – soruşdu.

– Gəlin elə soy-kökünüzdən başlayaq, – dedim.

Başladı…

…Axşamüstü danışmağa başladı. Çox şeylərdən danış­dı. Yorulunca danışdı. Ayrılanda gecədən xeyli keçmişdi.

Lent yazısında bu qədər deyil. Bir dünyalıq söhbətdir. Sirri-sözü qalmayıb. Nə varsa, danışıb…

– Bunlar sənin nəyinə gərəkdir, axı? Danışdıqlarımın ço­xunu bilirsən, – dedi. Sonra nə fikirləşdisə: – Söhbəti kağıza köçürəndən sonra bir nüsxəsini mənə də verərsən, – deyə tapşırdı.

Danışa-danışa sanki xatirələrini yazmaq həvəsinə düş­müşdü.

Söhbətimizi yazıya alandan sonra bir nüsxəsini ona ver­dim. Amma ölüm ömür qapısının kandarındaydı…

Azər Turan

– Cavid Şahtaxtılı Hacı Molla Abdullanın oğludur. Hacı Molla Abdulla bütün müsəlman şərqində məşhur rövzəxan olub. Bu barədə Seyid Əzim Şirvaninin bir şeiri də var. Molla Abdullanın gözəl səsi varmış. Amma çox təəssüf ki, səsini plastinkaya yazdırmayıb.

– Rasizadə soyadının kökü hardan gəlir?

– Bilmirəm və ikinci belə bir soyadı eşitməmişəm. De­yirlər, rasi dindar sözündəndi… Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli. Cavid 1882-ci ildə Naxçıvanda dünyaya gəlib. Bəzən yanlış olaraq Cavidin doğum yeri kimi Şahtaxtını göstərirlər. Bu, düz deyil. Nənəm Ümmi Leyla xanımdı. Ailədə əvvəlcə qız uşaqları doğulub. Qızlar Şahtaxtıda dünyaya gəliblər. Naxçıvana köçəndən sonra isə oğlanlar anadan olub. Bibilərim Fatimə, Ümmi Səlimə və Xurşid xanımlardı. Əmilərim isə Şeyx Məhəmməd, Molla Əhməd, Əlirza və Ələsgərdi. Əhməd və Ələsgər ikinci evlilikdən doğulublar. Amma onlarda ögey-doğmalıq söhbəti yoxdu. Mən yalnız Əhməd əmimi və Xurşid bibimi görmüşəm. Əlirza 1923-cü ildə mü­alicə üçün Bakıya gəlib və burda vəfat edib. Molla Əhməd isə 1941-d ildə Tacikistana oğlunun yanına getdi və orda da dünyasını dəyişdi. 1918-ci ildən sonra Cavid Naxçıvana get­mədiyi üçün qardaş və bacılarıyla görüşmək imkanı olma­yıb. Şeyx Məhəmməd Cavidə ata əvəziydi.

– Siz Şeyx Məhəmmədi görməmisiz?

– Yox. Nə mən onu, nə də o məni.

– Niyə?

– Çünki nə mən Naxçıvana getmişdim, nə də o Bakıya gəlmişdi.

– Belə çıxır ki, Cavidlə Şeyx Məhəmməd sonuncu dəfə 1918-ci ildə görüşüblər…

– Elədir… Cavid 1918-ci ildə ailə qurub və elə həmin ildə də Bakıya köçüb. Əvvəlcə, baba gəlib, burada ev kirələyib. Sonra isə Ananı (anası Mişkinaz xanımı belə anır) kiçik əmim Əlirza gətirib Bakıya.

– Kirələdikləri ev haradaymış?

– Köhnə Tatarski küçəsində. İndi həmin küçə Əlimərdan bəy Topçubaşovun adını daşıyır. İkimərtəbəli binada balaca bir ev. Ərtoğrol da 1919-cu ildə həmin evdə dünyaya gəl­mişdi. Əvvəlcə, kasıb yaşayıblar. Sonralar baba Darülmüəllimində, Darülmüəllimatda, seminariyada dərs deyib. Dola­nışıqları yavaş-yavaş qaydasına düşüb. Darülmüəllimin in­diki Əlyazmalar İnstitutunun binasında, Darülmüəllimat isə İncəsənət muzeyinin ikinci binasında yerləşirdi. 1925-ci ildə bu məktəbləri birləşdirdilər, qızlar və oğlanlar bir yerdə seminariyada təhsil almağa başladı.

– Necə olub ki, Cavidə qeyri-yaşayış binasında ev verib­lər?

– Tək Cavidə deyil. Bizim ailəmizlə bərabər Pənah Qası­movun da ailəsi üçüncü mərtəbədə yerləşdirilmişdi. Binanın Akademiyaya tərəf olan istiqamətində solda Cəmo Cəbrayilbəylinin ailəsi, qarşı tərəfdə Şəfiqə xanım Əfəndizadə və seminariyanın həkimi Zahid bəy Şıxməmmədov yaşayırdı. Müəllimlərin tələbələrlə daha yaxın ünsiyyətdə olması üçün belə etmişdilər. Bu insanlar seminariyada növbətçi olurdu­lar.

– Cavid əfəndi də növbətçi olurdu?

– Əlbəttə. Axı orda həm də yataqxana vardı. Qayda-qa­nuna ciddi əməl edirdilər. Seminariyanın vinetkasına baxanda adam ordakı müəllimlərə qibtə edir. Üzeyir Hacıbəyov, Cavid, Müslüm Maqomayev, Pənah Qasımov, Cəmo Cəbrayılbəyli, Abdulla Şaiq… Tələbələrin isə hamısı sonralar elmin müxtəlif sahələrində çox tanınmış insanlar oldular.

– Cavid əfəndinin ədəbiyyatda rəğbəti kimlərəydi?

– Kimlərə rəğbət bəslədiyini deyə bilmərəm, amma hiss olunurdu ki, əsas mütaliəsini İstanbulda etmişdi. İstanbul­dan gətirdiyi kitablar arasında isə bədii ədəbiyyat nümunə­ləri çox deyil. Əbdülhəq Hamidin pyesləri, Tofiq Fikrətin “Rübabi-şikəstə”si… Qalanları isə, əsasən, təbabətə, fəlsəfə və ədəbiyyat tarixinə dair kitablardı.

– Cavid əfəndinin İstanbul xatirələrindən nəyisə bilirsi­niz?

– Təkcə birini bilirəm.

– Hansını?

– Cavid bir dəfə dərsə gedərkən evdən tələsik çıxır, köy­nəyinin düyməsini tərs bağlayır. Bunu görən Riza Tevfiq Ca­vidə “İndi bildim ki, əsl şairsən”, – deyir.

Cavidin 1907-ci ildə İstanbulda çəkilmiş şəkli bizim əli­mizdə olan ilk fotosudu: səliqəli, əsl türk gənci. Ümumiy­yətlə isə, 1907-d ilə qədər Cavidin heç bir şəkli yoxdu. Ata-anasının da həmçinin. Bəlkə də evdə başqa şəkillər olub, 1937-ci ildə axtarış zamanı götürüblər. Bilmirəm. Hər halda, əldə olanlar 1907-ci ildə İstanbulda çəkdirdikləridi.

– Gülləri çox sevirdi?

– Qızılgülü, xüsusən. Özünü də, ətrini də, mürəbbəsini də. Evimizdə həmişə qızılgül mürəbbəsi olurdu. Tənbəkisinə isə ətirşah yarpağı qoyurdu.

– Hansı tütündən istifadə edirdi?

– Zolotoye runo.

– Tütün niyə çəkirdi?

– Çünki işləyən vaxt papirosu götürüb yandırmaq asan olurdu. O isə çox çəkmək istəmirdi, tütünə keçdi ki, yazı prosesində tənbəki bükməyə vaxt sərf etməsin və papirosu azaltsın.

– Cavid sizə nənəsim deyirmiş…

-Hə… Nənəsim. Yəqin nənə sözündənmiş. Bu xitaba öy­rəşmişdim. Ana da mənə axıra qədər elə xitab etdi. Babanın Turanciyim, Turancığaz dediyini də xatırlayıram. Ərtoğrola isə Tuquş deyərdi.

– Gözləri nə rəngdəydi?

– Qonurdu. Amma son illərdə gözlərinin rəngi dəyiş­mişdi. Uşaqlıqdan gözləri zəif olub. Təbrizdə də, İstanbulda da gözlərini müalicə etdirmişdi. Almaniyaya gedişinin bir səbəbi də gözlərini müayinə etdirməkdi. Uzağı pis görürdü. Yazı prosesində gözlük qoymurdu. Elə buna görə də son il­lərdə Cavidi oxumaq qayğısından azad etmək istəyirdik, oxumalı olduğu kitabları biz – Ana, Ərtoğrol və mən ucadan oxuyardıq. Yadıma gəlir, “Koroğlu” ssenarisini işləyəndə qa­lın-qalın kitablar gətirirdi, biz oxuduqca o, qeydlər edərdi.

– Almaniyaya gedişinin bir səbəbi gözlərinin müayinəsiydi, – deyirsiniz…

– 1926-ci ildə Maarif Komissarlığı göndərmişdi, gözləri­nin müalicəsi və Avropa ədəbiyyatını öyrənmək məqsədilə. Ezamiyyət vərəqəsində müddət altı ay göstərilib, amma üç ay qaldı orda. Bu vaxt biz bağdaydıq.

– Almaniyadan bir şey gətirdimi?

– “Azər”in bir çox hissələrini orda yazmışdı. “Kömür mədənində”, “Rəssamın qızı”…Almaniyada yazılıb. Məişət şeylərinə gəlincə, “kaverkot” parçası gətirmişdi – bir üzü tam qəhvəyi, o biri üzü dama-dama, nazik yaşıl, qırmızı zolaqlı – çox dəbdə olan bir parçaydı. Özünə palto almışdı. Sonralar həmin paltodan mən istifadə elədim. Daha doğrusu, özüm üçün palto düzəltdirdim. Anaya dırnaq təmizləyan, özünə gözlük və gözlük təmizləyən almışdı. Sonralar xatirələrini danışırdı, təəssüf ki, hamısını xatırlaya bilmirəm. Amma biri yadımdadı: “tramvayda bir qız ayağını-ayağının üstünə aşırıb, əyləşib. Vaqonun lap uzaq bir tərəfində oturan qoca alman durub qıza yaxınlaşır. Qızın üstə aşırdığı aya­ğını iki əliylə tutub o biri ayağının yanına qoyur və sonra öz yerinə qayıdır. “Ayağı ayağın üstünə aşırıb oturmaq ədəb­dən kənardı almanlarda”, – belə deyirdi.

– Sizə Turan adını verməyi necə olub?

– Anasını – Ümmi Leyla xanımı çox istəyirmiş və mənə də anasının adını vermək istəyirmiş. Üç gün fikirləşib, tə­rəddüd edib. Nəhayət, Turan qoyub adımı. Elə bu, onun ki­mliyini sübut edir.

– Sizdən əvvəl Turan olub?

– Xatırlamıram. Ərtoğrol adı da yoxdu. Sonralar Turan adını oğlanlara verdilər. Ərtoğrol isə hələ də geniş yayılma­yıb. Cavidin turançılığı, türkçülüyü bizim adımızda da özü­nü hiss etdirir.

– Başqalarına da ad qoyub?..

– Çox… Qohumlar, yaxınlar dünyaya gələn uşaqlarına ad verməyi ondan xahiş edirdilər. Məsələn, Hüseynqulu Sarabskinin oğluna Azər, Əhməd bəy Pepinovun qızına Sevda, Məmmədzəki Dursunzadənin qızına Afət, Əsəd Verdiyevin oğluna Yavuz. Ümumiyyətlə, Cavidin ad verdikləri çoxdur. Çingiz, Azad, Fikrət, Midhət, Şəhla… Sevda Pepinova isə ilk Sevdadı. Sevda adı qoyulandan soma Cavid “Xəyyam”ı yaz­dı. Bir gün Sevdaya: “yeni əsər yazmışam, orda Sevda var” söyləyib. Sevda da ağlayıb ki, bu əsərdən sonra sevdalar ço­xalacaq. Baba isə “Sən, hər halda ilk Sevdasan”, – deyib, qı­zın könlünü alıb. Cavid, ümumiyyətlə, Əhməd bəy Pepinovla çox yaxın dost idi.

Məncə, Azərpaşa Nemətovun da adını o qoyub. Abbas Mirzə Şərifzadənin oğlanları isə Cavidin qəhrəmanlarının adını daşıyırdılar: Ərtoğrul və Qaratay. Amma sonralar ya­lan danışanlar da oldu. Guya 1928-ci ildə Naxçıvanda ki­minsə evində qonaq olub, elə bu zaman ailədə bir oğlan uşa­ğı dünyaya gəlib, Cavid də öz adını götürüb həmin uşağa verib. Əsası olmayan bir söhbətdi. Cavid axı 1918-ci ildən sonra Naxçıvanda olmamışdı. Bir də ki, öz adını kiməsə ver­mək onun adəti deyildi.

– Sadə adamların, şəhər əhalisinin Cavidə münasibəti necəydi?

– Teatr Texnikumuna, Maarif Evinə, yaxud teatra gedib-gələndə o ətrafda yaşayanlar Cavidlə tez-tez rastlaşırdılar. Şahidi olduğum bir əhvalatı danışım sənə. Bir dəfə məktəb­dən çıxıb evə gəlirdim. Cavid qabaqda gedirdi. Gördüm ki, çox maraqlıdı, qarşıdan gələnlər dayandılar, gəlib ötmədilər, arxadan gələnlər isə addımlarını yavaşıtdılar, onu keçmədi­lər. O biri tərəfdə – üzbəüz səkidəki adamlar isə dayandılar. Necə deyərlər, sanki “stop-kadr” idi. Küçədə qəribə bir sü­kut vardı. Ta ki, Cavid gəlib qapını açıb içəri keçənə kimi. Sonra hər şey birdən canlanmağa başladı. Sükut pozuldu… Yol gedərkən xeyli dalğın olardı. Hətta bir dəfə küçədə qo­luna toxundum, heç fərqinə də varmadı ki, kim idi ona to­xunan.

– Teatr Texnikumu harda yerləşirdi?

– İndiki Elmlər Akademiyasının Rəyasət Heyətiylə üzbəüzdə yerləşirdi. Texnikumun binası indi də qalır, yanında çörək mağazası vardı. Sabir bağının ikinci hissəsində isə ki­çik dükanlar vardı, ikimərtəbəli “Təbriz” mehmanxanası da burda yerləşirdi.

– 1918-ci ildə Cavidin əsir götürüldüyü mehmanxana?

– Hə. İndiki Musiqili Komediya Teatrının yerində isə Dram Teatrı fəaliyyət göstərirdi. Maarif İşçiləri evisə üçmər­təbəli binadaydı, indi Konstitusiya Məhkəməsi yerləşən binayla üzbəüz. Bütün ədəbi müzakirələr, disputlar, müşavirə­lər Maarif İşçiləri Evində keçirilərdi. Tarixi bir yerdi. Təəssüf ki, sonralar onu da sökdülər.

– Necə istirahət edirdi?

– 1927-ci  ildə Batumda, 28-d ildə isə Borjomda dincəl­mişik. O zaman mən çox balacaydım, hər şeyi təfərrüatına qədər xatırlamıram. O yadıma gəlir ki, Borjomda baba mənimçün əl ağacı almışdı.

– Əl ağacını neynirdiz?

– Görünür, hamı götürürmüş, mən də istəmişəm, alıb. İndiyəcən həmin ağac qalır…

– Özü də əsa götürürdü…

– Mütləq. Əl ağacını dayaq kimi götürmürdü. Çox za­man qolunda olurdu. Hətta dərslərində də bir fikrinin təsdi­qi üçün ağacı yerə vururmuş. Görünür, adət etmişdi. Kimsə ona gözəl bir əl ağacı da bağışlamışdı. Çox qəşəngdi. So­nuncu dəfə 1937-ci ildə ağacını evdə qoyub getdi. Bilirdi ki, getdiyi yerdə ağac lazım olmayacaq. Nə olsa təhvil verməli­di… İndi o ağac da muzeydədi.

…1934-cü üdə Kürdəxanıdaydıq. 1935-də Vladiqafqazda istirahət etmişdik. Baba müalicə məqsədilə tez-tez kurortlara gedərdi. Yessentukiyə, Kislovodskiyə… Şağan bağlarında da olmuşuq. Sonuncu birgə yayımız isə Şüvəlanda keçdi, 1936-nın yayında. Bakı bağlarında dəniz gecələr çox gözəl, ilıq olardı. Adamlar, adətən, günün qızmarında, biz isə gecələr, saat 1-dən sonra gedərdik dənizə….

– Cavid əfəndi də dənizdə sizinlə birgə çimərdi?

– Hə. Bir yerdə çimərdik. Dənizdən sonra səhərə qədər işləyərdi.

– Bağ mövsümündə əsər yazıb?

– “Səyavuş”u yazıb. 1934-cü ilin yayında isə Kürdəxanıda “Xəyyam”üzərində çalışırdı.

– Muzeydə rəngbərəng çınqıl daşlar var…

– Mənim oynadığım daşlardı. Bağ mövsümündə dənizin sahilindən yığmışdım.

– Bağ eviniz qonaq-qaralıydı?

– O zaman Bakı bağları çox səliqəliydi, bağların sahibi vardı. Hamı kimi yazıçılar da bağlarda ev kirələyirdilər. Əh­məd Cavad, Müşfiq, Seyid Hüseyn, Abdulla Şaiq tez-tez bi­zim bağda yığışırdılar. Sonuncu bağ qonşumuz Mirmehdi Seyidzadə olub. Bilik dairəsi geniş bir adamdı Mirmehdi. Türk və fars musiqisi yazılmış plastinkalar vardı Seyidzadədə. Bir yerdə dinləyərdilər…

– Bəs burda, şəhər evinizdə vəziyyət necəydi? Boş vaxt­larında nə edirdi?

– Bəzən ikimiz, çox vaxt isə dördümüz bir yerdə bulvara gedirdik. Cavidi görər-görməz xeyli adam toplaşardı başına. Bu adamlar, əsasən, aktyorlar olurdu. O illərin aktyorları in­dikilər kimi deyildi, bir-birilərinin tamaşalarına mütləq baxardılar. İndi tamamilə bunun əksidi… Hərdənbir Nizami muzeyinin yerləşdiyi binanın aşağı mərtəbəsindəki kafelərdə də istirahət edirdik. Bu kafelərdə əsasən dondurmalar satı­lırdı, özü də necə dondurmalar: xırda, yumru-yumru, rəng­bərəng, sarı, çəhrayı, mavi, ağ, qırmızı və dadlı. Baba özü dondurmanı az yeyirdi, elə buna görə də bir də görürdün, babanın qabındakı dondurmalar, necə deyərlər, bir-bir mə­nim qabıma gəldi. Sabir bağının aşağı tərəfində başqa bir ka­fe vardı – Çin üslubundaydı. Çin kafesinə də gedirdik. Qarşı tərəfdə isə şirniyyat dükanı yerləşirdi. Ev üçün şirniyyatı burdan alırdıq. Amma şirniyyat, əsasən, evdə bişirilirdi.

Anam təkcə Novruz bayramında deyil, müntəzəm olaraq qoz piroqu, paxlava, şəkərbura… bişirərdi.

– Xatırlayırsınız, biz Nigar xanımgildə olanda o dedi ki, Novruz bayramı Cavidin evində xüsusi qeyd olunarmış… Onların evində Novruz bayramı sizdəki kimi olmazmış…

Davamı var…

Təqdim etdi: Rəşad Sahil

Share: