Hər gün bir nəfərlik qala tikirəm, Özümə könlümün qırıqlarından… – Saqif Qaratorpaq

 

 

 

***

Sındı içimdəki son ümid,heyif…

Qırıldım sonuncu adamdan belə.

Mənə şirin-şirin nağıl danışma,
Demə o bağ belə,bu bostan belə…

 

Bir azca sən də dad unudulmağı,
Gör ki tənhalıqdan Tanrı nə çəkir.

Mən elə əzəldən içimdə təkəm,

Peşiman olarsan,yolumdan çəkil.

 

Gedənlər gedəcək,belədi qayda,
Bu andlar,bu vədlər…hamısı boşdu.

Hər kəs öz oduna isinsin,yetər…

Mənə öz külümdə oynamaq xoşdu.

 

Bircə yol qaçmadım tərif dalınca,

Gözüm yox heç zaman şöhrətdə,şanda.

Mən susan dənizəm tufandan qabaq,

Müsibət oluram səbrim daşanda.

 

Ölərəm,dilimdən qıfıl açılmaz,

Heç “uf” da demərəm sökülüncə can.

Hər gün bir nəfərlik qala tikirəm

Özümə könlümün qırıqlarından.

 

 

 

            Köç

 

Bu da sonuncu qapı,

Çıxıb gedirsən sən də.

Görərsən ki,nə ev var,

Nə qapı var dönəndə.

 

Keçmişə qayıtmağa

Nə iz,nə də cığır var.

Gedib səhraya çıxır

Qayıtdığın cığırlar…

 

Isti küləklər döyür

Qurumuş bir ağacı.

Ilişib bir budağa

əsir Leylinin saçı.

 

Bir leylək yuva qurur

Ötən günün ahından.

Tanrı da çoxdan keçib

Adəmin günahından.

 

Musanın xəbəri yox,

Balığı su aparıb.

Dərdimi dimdiyində

Götürüb qu aparıb.

 

Daşıyıram Hələbə

Min karvanlıq yükümü.

Yoluma işıq salır

Həvvanın təbəssümü…

                        ***

İlahi,sonuncu sınaqdımı bu?!

Ömrün qürubunda nəydi bu sevda?

Könlümün min ildi xaraba qalan

Sınıq qapısını döydü bu sevda.

 

Ürəyim qurumuş bir çay yatağı,

Necə tab gətirsin bu selə indi?

Gözümdən süzülən iki damla yaş

Dönəcək sinəmdə bir gölə indi.

 

Nə külək,nə sazaq vecimə deyil,

Durmuşam bir eşqin yağışı altda.

Köhnə yaralarım təzə gül açar

Islanıb bir ilıq baxışın altda.

 

Hələ bitməyibmiş,demək, nağıllar…

Qəfil bir arzunun qanadı çıxar.

Elə oxşayaram sinəmdə ahı,

Dilimdən min qəmli bayatı çıxar.

 

Ilahi,ümidlər tumurcuqlayıb,

Uzanıb yolları qucaqlayacaq.

Yarpağı saralan payız ömrümü

Baharın qolları qucaqlayacaq…

                        ***

Mən sənə inanmışdım,güvənmişdim…çox heyif…

Yenicə susdurmuşdum qəlbimdə bəlkələri.

Nəfəs aldıqca batır ürəyimin başına,

Indi əlinlə sınan ümidin qəlpələri.

 

Uzanıb gözlərimin altındakı kölgələr,

Çat düşüb üzümdəki təbəssümə dünəndən

Daha bir əl də yoxdu,yıxılanda tutmağa,

Daha umub-küsmərəm nə kimsədən,nə səndən.

 

Ürəyimi üşütdü qəfil qışa dönməyin,

Göz yaşalarım əritməz sözlərinin buzunu.

Elə susub içimdə o sevdiyin bayatı,

Havalanıb oxumaz “bu dərənin uzunu”.

 

Gör neçə qəm gizlənib üzümdəki qırışda,

Ürəyimdən nəm çəkən hər misradan su damır…

Innən belə gözlərim hər sevincə səyriməz,

Getməz dodaqlarımdan bir sevdanın şor tamı.

 

Bilirsən ki,inadam,yaman olur susmağım,

Gəlib qapı axtarma uçurduğun divarda.

Deyim,xəbərin olsun,bizim küçədə qışdı,

Dönüb yolu azarsan,tapammazsan bu qarda…

 

 Yol

 

Mən çoxdan çıxıb getmişəm,

Sən axtaran yerdə yoxam.

Ömür köhnə film deyil,

Darıxanda bir də baxam…

 

Həmişə getdiyim yolu,

Hər gün ilk dəfə gedirəm.

Qəmi məni qonaq çağırıb,

Bu axşam kefə gedirəm.

 

Üç addım yol qalıb,yüzün

Beşdə üçünə çatmağa.

Bir eşqə qul olsa könül,

Nə var ki Çinə çatmağa.

 

Mənmi yaxşı oynamadım,

Yoxsa oyun düz getmədi?

Düşdüm bir yolun ağına,

Ayaq getdi,üz getmədi.

 

Dərdi aşırıb çiyninə,

Min ildi yol gəlir hamı…

Günü yola saldın,getdi…

Qarşıla gələn axşamı.

 

 

Saqif Qaratorpaq

 

Müstəqil.Az

Share: