Gülnarə CƏMALƏDDİN:Əsas məsələ ədəbiyyatımızın xeyrinə iş görməkdir.

Müstəqil.Az AYB Sumqayıt bölməsinin sədri, tanınmış şair Gülnarə CƏMALƏDDİNLƏ müsahibəni təqdim edir:

– Gülnarə xanım, siz AYB – nin Sumqayıt bölməsinin sədrisiniz. Bölmə rəhbəri kimi işlərinizi necə qurmusunuz?
-AYB- nin Sumqayıt bölməsi 1996- cı ildə istedadlı şair, mərhum Sabir Sarvanın ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. Bölmə yarandığı gündən bəri mən burada məsləhətçi olaraq çalışmağa başlamışam. Yəni nə Sumqayıt ədəbi mühitinə, nə də AYB Sumqayıt bölməsinə təsadüfən gəlməmişəm. Bölmə yaranandan bəri işini əsasən iki istiqamətdə qurub: Azərbaycan və dünya ədəbiyyatının ən yaxşı nümunələrinin təbliği və gənclər arasında vətənpərvərlik səviyyəsinin yüksəlməsinə xidmət edən əsərlərin təbliği. Bu gün də bu prinsipə sadiq qalaraq işlərimizi də elə bu istiqamətdə qurmağa çalışırıq.
-Heç kəsə sirr deyil ki, Sumqayıt ədəbi mühiti çağdaş Azərbaycan ədəbiyyatının sütunlarından sayılır. Kifayət qədər tanınan imzalarla əhatələnmisiniz. Onların ədəbi mühitdəki mövqeləri tədbirlərinizdə, toplantılarınızda hər hansı bir kaprizə səbəb olmur ki?
-Sumqayıta əyalət kimi baxılsa da bu şəhər öz ədəbi ənənələri olan, sənət adamları ilə sayılıb- seçilən şəhərdir.
Uzun müddət gənc yazıçıların Respublika Ədəbi Birliyinə rəhbərlik etmiş Vaqif İbrahimin bu şəhərdə yaşaması, Əli Kərimin bu şəhərlə sıx bağlılığı, Feyzi Mustafayev, Xasay Cahangirov, Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ağəddin Mansurzadə, Mir Sabir, Məmməd Namaz, Rafiq Yusifoğlu, Tofiq Məmməd, Ofelya Babayeva, Sabir Sarvan, Məmməd İlqar, Sabir Adil, Zirəddin Qafarlı kimi respublika səviyyəsində tanınmış bu imzalar bizə bunu deməyə əsas verir. Bilirsiniz, istedadlı adamların kaprizləri də maraqlı olur. Adətən onlar:- Mən danışım, məni görsünlər -mərəzindən uzaq olurlar. Reklam olunmağı sevmirlər. Vay o günə ki, qabında heç nə olmaya,amma iddiası baş yara.İmkanla iddia arasında yerlə – göy qədər məsafə ola. Burda bir az dözmək çətinləşir. Yaradıcı insanlarda da olanda olur.Bizim işimiz onları kaprizləri ilə qəbul etməkdir. Axı onları bunsuz təsəvvür etmək çox çətindir.
-Birliyin mərhum sədri Sabir Sarvanın xatirəsi sözsüz ki, əziz tutulur. Onun birlik üçün gördüyü hansı işlər bu gün də davamlı olaraq davam etdirilir?
-Sabir Sarvan bölmə sədri olmadan öncə, sözün üstündə əsən, həyatının mənasını ədəbiyyata xidmətdə görən, ən üstün meyarın ədəbiyyat olduğunu qəbul edən istedadlı şair idi. Onun üçün gözəl şair yox, gözəl şeir var idi. Xarakterini xoşlamadığı bir qələm adamının da uğurlu misrasını, öz uğurlu misrası kimi təbliğ etməyi bacaran insan idi. Onun üçün gerçək ədəbiyyat vardı. Söz onun üçün hər şeydən yuxarıda, hər şeydən öndə idi. Onun gördüyü bütün işlər ədəbiyyatımızın təbliğinə yönəlikdi. Hər il almanax çıxarırdıq, şeir müsabiqələri keçirirdik, bir – birindən maraqlı layihələr işləyib hazırlayırdıq. Məsələn,” Bizdən sizə qalan sözdü” adlı almanaxın 5- cisini bu il də çap etdirdik. Təqdimatını AYB- nin ” Natavan” klubunda yüksək səviyyədə keçirdik. Şair və yazıçılarımızın yubileyləri, kitab təqdimatları və sair bunlar davamlı şəkildə gördüyümüz işlərdir.
-Bir xanım yazar üçün bu işlərdə hər hansı yorğunluq çətinlik olmur ki?
-Hər bir işin öz çətinliyi var. Yalnız iş olmayan yerdə məncə çətinlik olmaz. Bilirsiniz ki, Azərbaycanda qadınların vəzifədə çalışması özü çətinlik yaradır bəzən cəmiyyətdə. Amma əgər işini sevirsənsə, ona ürəkdən bağlanırsansa o çətinliklər də, yorğunluqlar da insana zövq verir, əlbəttə,  işin nəticəsi gözəl olduqda.
-Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, poeziyanın adına bir ev var. Poeziya evi ilə işlərinizi necə qurursunuz, necə tənzimləyirsiniz?
-Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər zaman söz adamlarına çox böyük diqqət və qayğı göstərib. Bu gün də göstərməkdədir. Elə Poeziya evinin yeni binasının qələm adamlarının ixtiyarına verilməsi də bunun bariz nümunəsidir.
Fürsətdən istifadə edərək AYB-nin Sumqayıtda yaşayan üzvləri adından, öz adımdan Zakir müəllimə təşəkkürümü bildirirəm. Məqsədimiz ədəbiyyat olsa da, ayrı – ayrı qrumlar olaraq çox vaxt hərə öz işiylə məşğul olur. Birlikdə gördüyümüz işlər də olur. Amma əsasən hər kəs öz işini görür. Əsas məsələ ədəbiyyatımızın xeyrinə iş görməkdir.
-Bəs özünüzün yaradıcılığınız barədə nə deyərdiniz.Həm bölmə sədri,həm də şair kimi ili necə başa vurursunuz?
-Bu il hamımız üçün çox təzadlı bir il oldu. Dünyanı başına alan Pandemiya, karonavirus bəlası, “COVİD-19” xəstəliyi gözlənilmədən həyatımızın bir parçasına çevrildi. Çox planlarımızı alt- üst etdi. İşlərimizi onlayn şəkildə həyata keçirmək məcburiyyətində qaldıq. Buna baxmayaraq yaradıcılıq üçün də, bölməmimizin işləri üçün də vaxt ayıra bildik. 44 günlük Vətən müharibəsi, qazandıqlarımız, itkilərimiz yaradıcı insan olaraq hamısı bizim içimizdən, duyğu və düşüncələrimizdən keçdi. Həsas təbəqə üçün bütün bunlar dərin iz buraxdı. Şükür ki, bu gün Qarabağ bizimlədir, biz Qarabağımıza qovuşduq. Mənə elə gəlir ki, bütün çətinliklərə baxmayaraq ili uğurla başa vura bildik.
-Gülnarə Cəmaləddin imzası ədəbiyyatda nə ilə yadda qalır?
-Bir qələm adamı olaraq öz yaradıcılığım haqqında söz deməyin çətinliyini nəzərə alaraq, bu sualın cavabını oxucularımın ixtiyarına buraxıram.
-Ümumiyyətlə,özünüzə,yaradıcılığınıza oxucu və həmkar diqqəti haqda nə deyə bilərsiniz?
-Mən 1988- ci ildən ədəbi mühitdəyəm. Çap olunan ilk şeirim ciddi imzaların diqqətini çəkib. Sözlərini də deyiblər. Mən Sabir Sarvanın, Məmməd İlqarın, yəni o nəslin nümayəndələrinin bir – birinin uğurlu misrasını sevərək təbliğ etdiklərini görmüşəm. Amma bu gün o şeyləri görmürəm. Hamı, hər kəs özündən sitat gətirir ancaq. Bir də oxucunun kəmiyyəti əsas deyil, kefiyyəti daha önəmlidir mənimçün.
-Gənc ədəbi nəsillərlə işlərinizi necə qurursunuz?
– Mən gənclərimizi çox sevirəm. Bizə nəzərən onlar daha ayıq, kreativ düşüncəyə malikdirlər. Qarabağ savaşında biz bunu bir daha gördük. Onlar öz sözlərini deməyi də bacarırlar. Ümumiyyətlə gəclik özü fərqlilik deməkdir məncə, dünyayla, ətrafla hesablaşmamaqdı. Yaşlandıqca gənclərimiz də bəlkə bizim kimi düşünəcəklər. İstedadı olanlara dəstək ol aq,sahib çıxmaq bizim borcumuzdur. Təbii ki İSTEDADLILARA….
-Müəlliflərin narahatçılığı,narAzılığı birliyə qarşı müşahidə olunmur ki?
– Olanda hamıya,hər kəsə qarşı olur.Neyləmək olar ki? Əgər üzvümüzdürsə qaranlıq mətləblərə aydınlıq gətirib,onları razı yola salmalıyıq.
Özünüzü ədəbiyyatda bəxti gətirmiş şair kimi görürsünüzmü?
– Bilmirəm. Bəlkə hə, bəlkə də yox. Onu gələcək göstərər. Amma bircə onu deyə bilərəm ki, yazdıqlarım xeyli diqqət çəkib.
-Gülnarə Cəmaləddin imzası ilə ədəbiyyatımız nə qazandı, yaxud bu imza olmasaydı ədəbiyyatımız nə itirmiş olardı?
-Əgər biz bu gün ədəbiyyatımıza bir misra və yaxud bir uğurlu bənd verə bilmişiksə bu, elə ədəbiyyatımızın qazancıdır. Ədəbiyyat dünyanın kiçik modelidir. Dünyada insanların yeri necədirsə, ədəbiyyatda da qələm adamlarının yeri elədir. Şair var bu gün reklam olur, tanınır, ölən kimi unudulur. Şair də var bir misrasıyla qərinələri adlayıb gəlir, yaşayır. Mənə elə gəlir sözə xəyanət etməyən hər bir qələm adamı ədəbiyyatın qazancıdır.
-Yeni şeirlərinizi oxumaq ümidi ilə sizinlə sağollaşırıq. Oxuculara əlavə nə  sözünüz?
-Sizə təşəkkürümü bildirirəm. Keçən il bizim üçün sınaq ili, imtahan ili oldu. Xeyli sənət adamını, tanış simaları itirdik. Hərdən mənə elə gəlir ki biz insanlar Allaha çox xəyanət edirik. Şükür ki bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Oxucularımıza gözəl günlər arzulayıram. Bir- birinin əlindən sevgiylə tutsunlar, bir də gerçək sözlə bayağını bir – birindən ayırsınlar. Sağ olun.
Söhbətləşdi: Faiq Balabəyli
Share: