Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb -VİDEO,FOTO

Avqustun 17-də – dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümünün tamam olduğu gündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

Müstəqil.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbiri açan Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir. İstedadı və ifaçılıq məharəti ilə tamaşaçıların böyük sevgisini qazanmış müğənni səhnə ilə yaşayırdı. Dünyada bu cür ikinci ifaçı yoxdur və olmayacaq.

Onunla dostluq etdiyindən qürur duyduğunu deyən Eldar Quliyev Müslüm Maqomayevin Azərbaycanı sevdiyini, vətənpərvər olduğunu vurğulayıb.

Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətov deyib ki, Müslüm Maqomayev bütün ömrünü səhnəyə həsr edib. Onun yaradıcılığı hər zaman yüksək qiymətləndirilib. Bu cür şəxsiyyətlər ölməzlik qazanır.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov görkəmli müğənninin Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfəsindən söz açıb. Diqqətə çatdırıb ki, Müslüm Maqomayev yüksək istedada malik sənətkar, hərtərəfli şəxsiyyət olub. Milyonlarla insanlar onun ifaçılıq sənətinə pərəstiş ediblər.

Çıxışlarda qeyd olunub ki, müğənninin ifasında “Koroğlu”, “Şah İsmayıl”, “Toska”, “Aleko” operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutur.

Müslüm Maqomayev 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa, İran və digər ölkələrdə uğurla çıxış edib. O, həm Azərbaycan, həm keçmiş SSRİ-nin respublikalarında dövlət əhəmiyyətli tədbirlər, mədəniyyət günləri, qurultay və plenum çərçivəsində keçirilən konsertlərin daimi iştirakçısı olub. Müğənni haqqında “Oxuyur Müslüm Maqomayev” filmi çəkilib. “Nizami” bədii filmində baş rolda çıxış edən Müslüm Maqomayev dahi Azərbaycan şairinin yaddaqalan obrazını yaradıb. Onun müəllifi və ifaçısı olduğu “Mavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanım” nəğmələri Azərbaycan estrada sənətinin parlaq nümunələridir.

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya qeyd edib ki, Müslüm Maqomayev dünya musiqi mədəniyyətində silinməz iz qoyub. “Hər il onun xatirəsini anmaq üçün bu qədər insanın buraya toplaşması mənə çox xoşdur. Bu, Müslümün ölməzliyini və hər zaman bizimlə olduğunu göstərir”, – deyən Tamara Sinyavskaya Müslüm Maqomayevin yaradıcılığının belə yüksək qiymətləndirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ulu öndər Heydər Əliyevin, habelə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Share: