Fanat necə olmalıdır?  

Bu yaxınlarda saytların birində Belçika yazıçısı Ameli Notomb haqqında təəssüfedici bir yazı oxudum. Öyrəndiyimə görə bir qadın on il sərasər yazıçını izləyirmiş. Ameliyə, uşaqlarını yetginlik yaşına çatdırandan sonra özünü öldürəcəyini söyləyən “fanat”, yazıçını evinin qapısında gözləyib yola salar, qayıdanda qarşılarmış. Hətta bir dəfə ip vasitəsilə pəncərədən onun evinə də düşməyə cəhd edib. “Fanat”ın bıçaqla silahlanmasından şübhələnən yazıçı onu məhkəməyə verir.

 

Çox güman ki, bu kimi xəstələrin sayı qədər baş verəcək hadisədir. Amma mən Ameli Notomba qibtə eləyirəm, ona görə ki, azından “fanatını” tanıyırdı. Azından fanat gizlənpaç oynamayıb niyyətini ona açıqlamışdı. Bu, bıçaq və pəncərədən evə düşmək məsələsi olmasaydı, qadının hərəkətləri çoxlarına adi hadisə kimi görünə bilərdi. Sizcə, adi hadisədirmi? “Fanat” xanım təzyiqlərinin nəticəsiz qaldığı görəndə özünü öldürəcəkmiş, gözünüz yaşardımı? Əmin edirəm ki, gözü yaşaranlar oldu, hətta əllərinə “balta”, “bıçaq” götürüb yazıçıya hücum etmək fikrinə də düşdülər. İnsan toxunulmazlığının nə olduğunu anlamayan cahillərdən ayrı nə gözləmək olar?

 

Özümlə baş verən bir hadisəni xatırladım. Sosial şəbəkədə saxta profil mütəmadi olaraq yaxşı tanıdığım şairələrdən birinin şeirlərini paylaşırdı. Mən qadına zəng vurub həmin profilin kimə məxsus olmağı barədə soruşdum və onu da əlavə etdim ki, bu adam kimdirsə mənim həyatımı cəhənnəmə döndərib. Qadın tanımadığını söylədi. İllər keçdi, həmin profilin niyyətini və kimə məxsus olduğunu öyrəndim. Məlum oldu ki, saxta profilin oğlan sahibi xanım şairin çox yaxın dostu imiş. Görünür, oğlan öz “əzabkeş” ruhunun ağrılarından bəhs edəndə şairənin gözləri yaşarırmış… Yoxsa mənim əzablarıma niyə laqeyd qalsın ki?

 

Saytlardan öyəndiyim ikinci hadisə irlandiyalı müğənni Sayned Konnorun söylədikləridir:

 

“Anamın ayaq səslərini eşidəndə dəhşətli bir günün başladığını bilirdik. O, mənimlə cinsi yaxınlıq etmək istəyirdi. Sadistcəsinə pedofil olan anamın işgəncələri on üç yaşımadək davam etdi və nəhayət, evdən qaçmaqla ondan canımı qurtardım”.

Yazılanlara inansaq, Sayned Konnorun hal-hazırda ruhi vəyiyyəti elə də ürəkaçan deyil, psixoloji işgəncənin bütün işgəncələrdən daha çox işgəncə verdiyinin fərqində olarıq və təəssüf ki, ən çox cəzasız qalanlar da “psixoloji cani”lərdir.

 

Fikrimi izah etmək üçün yenə də özümə qayıdıram. Mən bir fanat idim və fanatam. Mən alman filosofu Artur Şopenhauerə aşiq idim və aşiqəm. Onun haqqında poema yazanda, demək olar ki, nəfəs ala bilmirdim. Mərkəzi Klinikada çalışan ürək həkimimə yalvarırdım ki, poemanı tamamlayana kimi məni ölümdən qorusun. İki min on ikicinci ilin dekabr ayının on ikisində poema çapa imzalandı və mən ondan iki gün sonra, yəni  on dörd dekabrda ürəyimdən əməliyyat olundum. Əməliyyat üçün pul tapmasaydım öləcəkdim. Buna baxmayaraq mən iki yüz qırx səhifəlik kitabım üçün bahalı çap üsulu və bahalı kağız növü seçib poemanın nəfis dərcinə nail oldum. Çünki mən aşiq idim. O vaxtkı tələskənliyimin nəticəsi olaraq poemanın üzərində indi yenidən işləyirəm.

 

Və günlərin bir günü mən Frankfurta uçmalı oldum. Hotelə axşam saatlarında yetişdiyimdən növbəti günə Şopenhauerin qəbrini ziyarət etmək üçün taksi çağırmaqla başladım. Qərib müsafirini nəzarətsiz buraxmaq istəməyən sürücü mənimlə gəldi və tək olmadığım üçün qəbrin yanında özümü soyuqqanlı aparmağa məcbur olsam da, ustadın ruhuna dualar oxumağa başladım. O anlarda çisgin yağış yağırdı… Amma elə hiss edirdim ki, məni isladan ürəyimdir. Yağış dolu gözlərim xoşbəxtlukdən gülürdü. Çünki mən aşiq idim…

 

Frakfurtda yaşasaydım dahinin qəbrini tez-tez ziyarət edərdim. Yox, əgər idrakına aşiq olduğum Şopenhauer sağ olsaydı, vaxtını almayım deyə gözlərinə görünməzdim. Ümumiyyətlə, mən sevdiyim insanlarla təmasda olmaqdan çəkinirəm. Həmişə belə bir hiss yaşayıram ki, “hamsını indi desəm, nağıl qalmaz sabaha”. Gözümüzün önündə bütün əzəmətilə canlansın deyə dağa uzaqdan baxmağa məcbur deyilikmi?

 

Bəs başqaları özlərini necə aparırlar? Kütləşüurluları qınamıram. Onlarda aşiqlik bir qadının, yaxud kişinin bədəninə sahib çıxmaq istəyindən ayrı heç nə deyil. Bəs şairlər, yazıçılar arasında özünü Ameli Notombun qadın fanatı kimi aparan bir ruhi xəstə varsa, ətrafındakı sağlam həmkarları onun tərəfini saxlayıb “dəli fanat”ın illərlə davam edən vəhşiliklərinin qurbanına çevrilən qarşı tərəfin aqibətini nəzərə almırsa? Onda belə çıxır ki, xəstələnən tək-tək adamlar yox, mənsub olduqları mühitdir. Doğrudur, hamı eyni cür xəstələnə bilməz, amma elə xəstəliklər var ki, hamını eyni cür idarə eləyir. Məsələn, laqeydlik, paxıllıq, mövcud şəraitdə həqiqətin mahiyyətinə düşünülmüş, ya düşünülməmiş şəkildə vara bilməmək və s. bu kimi “xəstəlik”lərdəndir.

 

Nəyə görə insan əzab çəkənin də deyil, çəkdirənin yanında olsun? Deməli, qarşılıqsız sevdiyi halda hamı Məcnunun tərəfində olub Leylini tənbeh etməlidir? Aldığı “yox” cavabını həzm edə bilməyən Məcnunun dostları Leylini daşa basmalı, harda əllərinə imkan düşdü təhqir etməli, təzyiq göstərməlidirlər ki, bəlkə, məcbur olub “hə” deyər? Nəyə görə hamı sevən Məcnunun çəkdiyi mənəvi əzabdan danışır, sevilməyən Məcnunun qarşı tərəfə etdiyi  fiziki əziyyətin fərqində deyil?  Mən tərəflər aydınlaşsın deyə Məcnun və Leyli adından şərti istifadə etdim.

 

Bəzən belə də olur; başına gələn hadisəni yaxının, dostun hesab etdiyin birinə danışır və hekayənin qəhrəmanı kimi kiminsə adını çəkirsən. Qarşı tərəfin təpgisi, təxminən, belədir: “İnanmaram, o, belə iş tutsun, sakit, başıaşağı oğlandır(və yaxud qızdır), kasıbdır, atasız böyüyüb, filan. Bu sadalanan cəhətlərin məlum hekayənin naməlum(yəni rəsmi təsdiqlənməmiş)  qəhrəmanı ilə nə əlaqəsi? Bütün bağlı cinayətlərin törədicisi naməlum adamlar deyilmi? Digər tərəfdən yüzlərlə insanın biri haqqında “zərərsiz adamdır” söyləməsi ilə bir nəfərin tamamilə bunun əksini deməsi o demək deyildir ki, səs çoxluğuna görə ikincinin fikrini əsassız hesab etmək olar, yox, əksinə, tərif edilən hadisənin vasitəsiz iştirakçısı daha düzgün mövqedən çıxış edə bilər. Əslində düşünülmüş və yaxud planlı şəkildə cinayət törədən və törətmək istəyində olan ağıllı adamlar zahirən çox tərbiyəli görünməklə əksəriyyətin rəğbətini qazanıb özlərinin “cani mühiti”ni yaradırlar.

 

Tarixə nəzər salaq. Əli üç dəqiqləşmiş qurbanı olan və “Rastov qəssabı” kimi tanınan Andrey Romanoviç Çikatilo bu qədər qətli cinsi tələbatını ödəmək üçün törətmişdi. İyirmi iki il cəzasız qalmağına səbəb isə cinayətdən yayına bilməsi və nümunəvi müəllim davranışı ilə  tanıyanlarının hörmətini qazanması idi. O, cəmiyyətdə çox utancaq imiş, amma öldürdükləri ilə həyasız bir vəhşi kimi davranırdı. Görəsən, onun necə adam olduğunu yaşadığı cəmiyyət yaxşı xarakterizə edə bilərdi, yoxsa sevə-sevə, “oynada-oynada” öldürdüyü doqquz, on üç, on yeddi yaşındakı qızlar təsadüfən sağ qalmış olsaydılar?

 

Keçmiş illərimdə qonşuluğumda bir tatar ailəsi yaşayırdı. Ana və qızının cəmiyyət içindəki davranışları təbii olsa da, ata ilə oğul salamı belə qızara-qızara verirdilər. Sonralar eşitdim ki, tatar oğlan əsgərlikdən gələn kimi quldurluq hadisəsi törədib həbs olunub. Həddindən artıq utancaqlıq və quldurluq! Gəldiyim nəticə bundan ibarətdir ki, səbəbsiz, təəccüb doğuracaq qədər utancaq olmaq anormallıqdır. Normal olmayan adamlardan normal hərəkət gözləmək nə dərəcədə düzgündür? Söhbət depressiyanın nəticəsi olaraq özünəgüvənsizliyin əmələ gətirdiyi pərdəarxası utancaqlıqdan getmir. Bu kimi utancaqlığı başqaları deyil, utanan kəs özü hiss edir.

 

Sualımı sonda yenə təkrarlamaq istəyirəm: “Nəyə görə insan əzab çəkənin də deyil, çəkdirənin yanında olsun?” Cavab hər iki variantında çox sadədir. Birincidə üçüncü tərəf ağı qaradan seçməyəcək qədər kordur. İkincidə həmin insanı şər qüvvələr idarə edir. Məsələn, gizli nifrət, paxıllıq, gözügötürməzlik və i. və s. Deməli, mükəmməl şeirlər müəllifini  kor hesab etmək olmaz. Onun, haqqında şikayət edilən adamı gözüyumulu müdafiə etməsinə səbəb, şükayətçiyə qarşı hiss etdiyi neqativ münasibətin nəticəsidir. Tanınmış bir şairdən buna bənzər reaksiyanın özüm şahidi olmuşam.

 

Əzab çəkən və çəkdirən cütlüyü… Adından göründüyü kimi prosesdə iki şəxs iştirak edir və bu barədə hissi fikir də iştirakçılara aid olmalıdır. İştirakçısı olmadığı hadisəyə üçüncü tərəf necə şahidlik edə bilər? O, hardan bilir ki, yalan danışan kimdir, düz danışan kim? Şikayətçiyə haqq qazandırmaq əvəzinə, çünki əzab çəkən odur, əks tərəfin günahsızlığından danışmaq qərəzçilik deyisə, bəs nədir? Arada yaxın qohumluq, dostluq əlaqələri olanda insanlar ədalətsiz davrana bilərlər ki, mənim şərhinə çalışdığım mövzu bu səpgidə deyil.

 

 

İndi isə məni bunları yazmağa vadar edən səbəbi izah eləyim. Heç kimi “fanat”ı olduğun üçün qapısının yanında gözləmək, illərlə izləmək, söhbət altı, on ildən gedirsə, olmaz. Bu sevgi yox, seksual manyaklıq hissidir. Amma xəstə özü bunu anlamaya bilər. Cəmiyyət isə anlamağa   və düzgün qərar verməyə məcburdur. Hardan məlumdur ki, seksual manyak–hansısa şairin “mötəbər” şair müdafiəçiləri olan şair oğlu virtual istəklərinə nail ola bilməyəndə Ameli Notombun qadın fanatı kimi bıçağa əl atmayacaq? Tutalım, şair oğlu manyakdır, hərəkətlərini idarə edə bilmir, bəs bu işdə ona əlaltılıq edən onlarla tanış-bilişi niyə özlərini qarşı tərəfin yerində təsəvvür etmək istəmir? Unutmayaq, manyak hər kəsə zərər verə bilər. Belələri dost, tanış, qohum kəlməsini ancaq teminoloji mənimsəyirlər.

 

Öz seksual istəyini gerçəkləşdirə bilməyən manyak daxilən əzab çəkir və müxtəlif təzyiq üsulları ilə qarşı tərəfə əziyyət verməkdən zövq almağa başlayır. Deməli, ağırlıq qarşı tərəfin üzərindədir. Digər tərəfdən, birincidə təbii, ikincidə məcburi olmaqla bu əzabların biri daxili, o biri xaricidir. Daxili əzab təbiidir, təbii, bəs xaricdən edilən təzyiqi təbii hesab etmək olarmı?

 

Təbiət hər kəsdən özü ilə həmahənglik tələb edir və biz təbiətlə eyniləşəndə özümüz  oluruq. Qatarın uzaqdan gələn səsi həmahəngliyinə görə bizə xoş hisslər aşılayır. Qatarın önünə qəfil maneə çıxarsa, sürtünmə qüvvəsi ahəngi pozmayacaqmı? İnsan ömrü də belədir, qarşısına maneə çıxmayana qədər öz sakit axını ilə gedir. Çox vaxt bir sakit axının qəddarcasına pozulmasına səbəb, təəssüf ki, sakitliyi pozulmuş ayrı bir axındır. (Həqiqət!!!) bu iki axının arasındadırsa, onu axtarmadan çıxarılan bütün qərarlar yanlışdır.

 

17 oktyabr, 2017

 

Göyərçin Kərimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: