YAĞIŞLI XATİRƏLƏR
Yağış damcıları köhnə evləin,
Köhnə taxtapuşun, kirəmitərin,
Soyuq divarların, çiy kərpiclərin,
Yadına nələri salır, görəsən?
Yağış damcıları döyür aramla,
Axtarır, görəsən tapırmı nəsə?
Sanki ağacdələn döyür qapımı,
Qulaq kəsilirəm hər gələn səsə.
Kəndin yollarından torpaq qoxusu,
Bir anda adamın canına hopur.
Suvağı tökülmüş divara baxın,
Yarısı şümaldır, yarısı çopur.
İllər yorğunuyam; bu kənd-kəsəyin,
Ağrısı nəfəstək içimə çökür.
Buludlar göylərdən yağan yağışla
Könlümü oxşayır, gözümü açır,
Məni körpə bilir, bələyə bükür.
Tavandan daman su insan dərdini
köhnə divarlara suvaq tək yaxır.
Yetim bir uşaq da qısıb boynunu,
İslanmış əyninə, ayaqlarına
Sinsiyə-sinsiyə eləcə baxır.

Çardağın altında durub baxıram,
Sərçələr yuyunur gölməçələrdə.
Eh, yaşım ötsə də necə yaxınam,
Nağıla, noğula qarışıb bir az
Cavab axtarıram bilməcələrdə..
Suyu yoxa çıxmış köhnə quyunun,
Yuxusun qaçırır bu yağan yağış.
Külək də qəfildən dayanır, əsmir,
Uzadıb əlini barmaqlarıyla
Bir uşaq şüşəyə vurduqca naxış,
Yenidən yaşayıb xatirələri,
Yağış damlasının ardınca düşüb,
Uzaq keçmişimdən dönürəm geri.
Şeirin Bədii Təhlili:
Faiq Balabəylinin “Yağışlı xatirələr” şeiri nostalji, tənhalıq və keçmişə həsrət hisslərini bədii dillə ifadə edən, psixoloji ovqat üzərində qurulmuş lirik bir nümunədir.
Şeirin mövzusu yağışlı bir gündə insanın xatirələrə dalması, uşaqlıq illərinə və keçmişə qayıtmasıdır. Müəllif yağış vasitəsilə insan ruhunun daxili sarsıntılarını, kənd həyatının doğmalığını və zamanın amansızlığını, yəni illərin yorğunluğunu oxucuya çatdırır.
Əsər assosiativ xatirələr zənciri üzərində qurulub. Yağışın səsi xarici qıcıqlandırıcı rolunu oynayır və müəllifi daxili monoloqa sövq edir. Təsvirlər kənd mühitini, köhnə evləri və uşaqlıq obrazını canlandırır. Şeirdə keçmişlə bu gün arasında paralellik aparılır.
Şair hisslərin təsir gücünü artırmaq üçün zəngin bədii vasitələrdən istifadə etmişdir:
“Ağrısı nəfəs tək içimə çökür”, “Tavandan daman su insan dərdini köhnə divarlara suvaq tək yaxır”. Burada dərd və ağrı maddi elementlərlə vizuallaşdırılıb.
Yağış damcılarının köhnə evin, çiy kərpicin “yadına nələri isə salması”, su quyusunun “yuxusunun qaçması”. Təbiət və əşyalar insan kimi duyğulanır . Köhnə taxtapuş, soyuq divarlar, çiy kərpic, yetim uşaq. Bu təyinlər məkandakı kimsəsizlik və baxımsızlıq duyğusunu gücləndirir.
Yağışın yağması “ağacdələnin qapını döyməsinə”, buludun yağışla şairi “bələyə bükməsinə” bənzədilir.
Şeirdəki “yetim uşaq” və “şüşəyə naxış vuran uşaq” obrazları əslində müəllifin öz uşaqlığı, daxili “mən”idir. “Suyu yoxa çıxmış köhnə quyu” isə ömür payının tükənməsinə, keçib gedən zamana işarədir. Torpaq qoxusu və sərçələrin gölməçədə yuyunması kənd mühitinin realist elementləridir.
“Yağışlı xatirələr” şeiri poetik dilinin sadəliyi, təsvirlərinin canlılığı və yaratdığı güclü nostalji ovqatla oxucuda dərin emosional təsir buraxan uğurlu bir bədii nümunədir.
Sizə cansağlığı, bərəkətli ömür və bütün işlərinizdə uğurlar arzulayıram, dəyərlimiz Faiq müəllim!

✍ Sevil Azadqızı
Ş. 20:34




















