Faiq BALABƏYLİ yağışdan sonra – Bilal ALARLI yazdı

Şeir yaşantıdır, hansı hiss səni tərpədirsə, silkələyirsə, onu şeirə gətirirsən. Elə şeir var ki, yazırsan, daxili narahatlıqlarına son qoyur, bir sözlə, stress dağıdır. Misralarının ilk hayqırtısı sevgidən doğur.

Vüsaldan çox hicranı olan sevgi! Hara çatır bu haray, sözünü dediyin adam səni eşitmirsə?! Bax onda şair əlini yelləyib, “Eh, ayrılıq, nə yamansan” deyir. Ayrılıq bitmir ki, bitmir, bəzən bu hicranı çəkməyə bir ömür bəs etmir. Səni dağ çəkir, dərə çəkir, hamının dərdinə şərik olursan və bir gün görürsən ki, qoşulubsan bir axına, sel səni aparır, məcrasına sığmayan çaylardan keçib dənizə çıxırsan. Görürsən ki, bu dəniz də sən dərddədir, onun da ağrıları içinə çöküb. Dözmür, dəniz də dözmür onu sevənlərin ağrısına. “Kəsilməyən həyəcan fiti” çalınır, dünyanın kar olmuş qulaqlarını yırtmaq üçün çalınır. Şairin qələmi, qapanmış qulaqlara dənizin ağısını və ağrısını çatdırır. Adama elə gəlir ki, gəmilər öz azadlıq səsini qaldırmış yaralı insanlar kimi inildəyir, nərə çəkir, haray qoparır:
Neçə şəhidin qanı çilənib bayraqlara,
Güllələr şırım çəkib ürəyə, divarlara.
Mən üzümü tuturam o ulu bayraqdara,
De, bumudur azadlıq?!
Baxıb kədərə, qəmə
sevinc burdan yan keçir,
Ələ silah almağa “oğullar” var – can çəkir.
Köləlik qanla gələr, bəlkə bizi qan çəkir?
De, bumudur azadlıq?!
Sonra şahə qalxan dalğalar öz məcrasına çəkilir. Günlü-günəşli günlər başlayır, həyat sevgisi işıq saçır, misra-misra nura boyanır. Bax, onda “Sənə yazılan şeirlər”i hamı oxuyur, hamı elə bilir ki, bu şeirlər elə ona yazılıb. Bu şeir dünyasıdır, “Burda darıxmaq olmaz”, hətta həyata barmaqlıqlar arxasından boylansan da! Səsin, sözün, avazın “Bayıldan bayıra” quş kimi qanad açıb uçur. Daşa, divara yazdığın şeirlər dillərdə dolaşır:
Bayıl türməsinin həyətini
azadlığın könül oxşayan
havasından qoruyan,
soyuq və qalın divar boyunca
əkilən qızılgüllər
qızıl qana boyanmışdı sanki.
Ləçəkləri qıp-qırmızı,
yarpaqları isə yamyaşıl idi.
Azadlıq havasına köklənmişdi bu güllər…
Ordan, barmaqlıqlar arasından bir əlçim göy üzü görünür, gözlərin önündən buludlar ötür kino lentində ötdüyü kimi… Amma ha boylanırsan, çox sevdiyin dənizi görmürsən, “Yaşıl yuxulu dəniz” elə yuxularına da girir, nə əlin çatır, nə də toxuna bilirsən. Ürəyin ağrıyır, açıb baxırlar, bəlkə ürəyindəki ağrıları görələr, amma kimsə bilmir ki, ağrılar gözə görünmür, onun ağırlığını ancaq çəkən bilir:
Şirinliyimdən bəhs etdiniz elə,
çəkdiyim acıdan xəbər tutmadınız.
Günümü zəhər edən
xəstəliyin adı şəkər oldu.
Səni gün döyür, quruyub qalırsan, yağış tutur, islanıb çıxırsan, çıxırsan, əlin ürəyinin başında! Zaman etibarsız, insanlar vəfasız! Yağır üstünə dərd yağışları, ağrısı-acısı misra-misra çıxır canından! “Yağışdan sonra” üstünü çırpırsan ki, görəsən, səndən nə tökülür?! Hər yağış damlası sözə çevrilmiş bir yaşantıdır, o yağış damlası ki, ömrün boyu fikrini isladıb, hissini nəm saxlayıb, səni qurumağa, tükənməyə qoymayıb:
Axşamkı yağışdan sonra
doğan günəşin istisinə
boy verəcək yamyaşıl otlar.
Torpağın bağrını dələcək,
yaşaya biləcəklərinə
inanacaqlar,
aldanacaqlar…
Kimsə bilmir, sən kimsən əslində! Şeirini oxuyanlar, sözünü deyənlər səni yaxşı tanımırlar. Tanımayacaqlar da! Amma sən üz çevirmirsən səndən üz çevirənlərə də! Susursan, əlin Tanrıya da çatmır, səni çətin eşidir:
Nə deyim sənə, İlahi,
nə deyim ki, eşidəsən?
Əlimi necə qaldırım
əlimdən tuta biləsən?
Köksümün alt qatında
nələr yatır – görmürlər, İlahi!
Yağışdan quru çıxmısansa, daha qorxusu yoxdu! Ötdü o günlər ki, səni sevənlər belə səni sən istədiyin kimi anlamırdılar. İndi sevilməli yaşındı, yeddi kitabın yol bələdçin olub, hər addımının, hər əməlinin sözlə şəklini çəkib, göz oxşayır. Əgər bu ömür rahatlıq, firavanlıq içində keçsəydi, kimsəyə maraqlı görünməzdi. Heç özünə də xoş gəlməzdi, çünki xatırlamalı bir şey olmayacaqdı. Amma indi səni varaqlamaq istəyirəm: Vətənə ağı dediyin günlərdə könlündən keçənləri oxuyuram, məhbəs dəftərini açıb tənhalığın şərqisinə üz tuturam və görürəm, bu kitabın hər səhifəsindən sən özün boylanırsan, mənə sətir-sətir bələdçilik edib deyirsən: Xoş gəldin mənim yalnız mənə məxsus olan yağışdan sonrakı dünyama!
Bilal ALARLI (Hüseynov)
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
Share: