Faiq Balabəyli: “Dənizə oxşamışam” – MÜSAHİBƏ

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət” 

 

Mavi sular mavi gözlü gözəl olar

naz eləyər dənizçiyə

Mənim üçün əziz olub,

heç bilmirəm, dəniz niyə?! 

 

“Ədəbiyyat və incəsənət” portalının qonaq otağında yenidən xoş gördük sizləri.

Qonaq otağında bu dəfəki müsahibimiz dənizçi-kapitan, şair Faiq Balabəylidir.

Həmsöhbət olduğumuz müddət ərzində Faiq bəy ona ünvanladığımız suallara verdiyi səmimi cavablar əsnasında  bizi bir söhbətlik dənizçi həyatına qonaq edərək, həyatı, dənizi və ədəbiyyatı bizə bir dənizçinin gözündən, bir dənizçi ruhunun baxışlarından göstərdi.

 

– Faiq bəy, bizə bir qədər fəaliyyət sahələrinizdəki ən son yeniliklər barəsində məlumat verə bilərsinizmi?

 

– Fəaliyyət sahələrimdəki yeniliklər, dedikdə, heç bilmirəm nədən danışım. Yaşımın üstünə yaş gəlir və bunu izləməklə davam edirəm. AXDG QSC XDND idarəsində gəmi kapitanı olaraq çalışıram. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təsisçisi və idarə heyətinin  sədri olaraq fəaliyyətim də var və bu birlik ətrafına yüzlərlə dənizçini toplaya bilib. AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyyətinin üzvüyəm. Yaqradıcılıqla məşğulam. Eyni zamanda Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoruyam. Bu yaxınlarda “Dənizçi həyatı” adlı sonuncu kitabım “Qanun” nəşriyyatında dərc olundu. Kitab Azərbaycan gəmiçiliyinin 165 illiyinə “DSD”İB-nin növbəti layihələrindən biri idi.

 

– Belə bir söz var, deyir ki:

Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi..

Zaman-zaman gəlib yükünü boşaltdığın, dalğalar dinənə qədər qoynunda gözlədiyin

Həyatı əzbərə oxuya bilən,

Düşünmədiklərini düşündürən,

səni güvəndə tuta bilən.

Gərəkdiyində sənin üçün alovu uda bilən.

Yoluna işıq saçan ustan olmalı.

 

Fırtınalar zamanı adətən gəmilər fırtınalardan yaxa qurtarmaq üçün limanlara doğru can atır hər halda.

Faiq bəy bəs bir insan kimi sizin həyatınızda liman yeriniz, istinad nöqtəniz haradır?

 

– Belə bir deyim var, dediniz, kim deyibsə gözəl deyib. Xüsusi ilə də “Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi…”. Limanlar gəmilərin ən çox gözlənilən yeridir. Eyni zamanda da vüsalla bərabər həm də ayrılıqların yaşandığı məkandır.  Mənim belə bir şeirim var:

 

Yamyaşıldı duzlu suyun köynəyi

qayaların üzü cızıq-cızıqdı

gəmiləri üzüb gedib, göynəyir

bu dənizin limanları, yazıqdı…

 

Limanlar həsrətin nə olduğunu gözəl bilir… Gəmilərin yazıq olduğu anları çox görmüşəm, çox yaşamışam o hissləri. Gəmilərin, sizin təbirinizcə desək, güvən tapdığı, fırtınalardan qorunmaq üçün sığındığı limanlar həm də ayrılıqların başladığı bir yerdir. Gəmiləri limanlardan təkcə doğma insanların baxışları yola salmır ki, açıq dənizə, həm də qağayılar yola salır.

 

Yelkənlər, gəminin bəyaz duvağı

nə bilim, gördüyüm yuxudu, bəlkə

Gecələr yuxuma girən qağayı

ölən dənizçinin ruhudu, bəlkə.

 

Bu bir deyimdir, ona görə də qağayılar dənizçi üçün müqəddəs sayılır və bu quş ovlanmır.

 

Körfəz boyu səpələnən yosunlar,

balıqların qumla dolan qulağı,

əgər məni incitsəniz gedərəm,

görünmərəm gözünüzə, uzağı.

 

Bir qağayı lələyini götürüb

qum üstünə bircə misra yazaram

külək dolmuş ağ yelkənə bürünüb

bir adaya sığınmağa hazıram.

 

Bu şeirdə dediyim kimi, mənim həyatda istinad nöqtəm çox olsa da üstünlüyü dənizə, dənizdəki tənha adaya, adadakı, sahildəki qayalıqlara verirəm. Əlbəttə, dost dediyimiz insanlar elə mənim üçün o sığına biləcəyim limanlar, qayalar, adalar kimidir. Dənizə daha çox güvənmişəm. Bir şeirim var:

 

Dəniz bir gözəl üzüdür

xaldı tənha adaları

Dəniz xallı gözəl kimi

hey aldadır adamları

 

Nöqtə kimi ağ kağıza

qoyulubdur, bəlkə, ada

Adalar çılpaqdır, ya da

göy paltardı yosunları…

 

Şablon səslənməsin, həyatımın 40 ilindən çoxunu dənizə bağladım, dənizin sərt üzünü, tufanlı, fırtınalı zamanlarını gördüm, dözdüm, maneələri dəf etdim, möhkəm oldum və… insanları tanıdım, onlardan qorundum. Qoruna bildimmi, bəzi vaxtlar yox. Dənizin bütün sifətləri olduğu kimidir, sakit, dalğasız, ləpəli, sualtı axını, burulğanı və sair… görürüsən, özünü təqdim edir, hiss etdirir… Amma elə olur ki, insanlardakı bu sadaladığım hallar gözləmədiyin anda büruzə verir, zühur edir…

 

– Faiq bəy, Ədəbiyyat yoxsa dəniz? Hər ikisinə çox yaxından bələd olan biri kimi dənizi və ədəbiyyatı necə anladardınız?

 

– Məni dənizə ədəbiyyat gətirib. Cəlilabadda doğulmuşam, dəniz qonşumuz olmayıb, görmədən böyümüşəm. Orta məktəbdə oxuduğum zaman mütaliə etdiyim kitablarda, baxdığım kinolarda dənizi tanımışam və taleyimi dənizə bağlamıaq qərarına gəlmişəm. Macəra dolu həyat yaşamaq, səyahət və fövqaladə vəziyyətlərdə çıxış yolu tapmaq üçün çevik ağıl sahibi olmaq dənizçinin əsas xarakterlərindəndir. Eyni zamanda da rəhmli, humanist, insanlara daha çox sevgi və sair. Yaradıcılığımda dəniz mövzusu xususi bir yer tutur. Mənim üçün hər iki sahə həyat tərzidir. Birini digərindən ayrı tuta bilmirəm. Gəmi kapitanıyam. İllərdir dənizdə fəaliyyət göstərirəm və demək olar ki, yazıb araya-ərsəyə gətirdiyim şeirlərin, nəsr nümunələrinin, publisistik yazılarımın yarıdan çoxu dənizdə yazılıb. Dənizdən yazdıqlarım da, başqa mövzuda qələmə aldığım ədəbiyyat nümunələri də.

 

– Söhbətiniz daha çox dənizlə tutur, yoxsa kağız qələmlə? Dənizə danışıbda kağıza danışa bilmədiyiniz hiss və düşüncələriniz olurmu heç, və yaxud da əksinə gəminin bir küncünə qısılıb da dənizdən gizlicə kağıza danışdığınız şeylər olurmu?

 

– Mənim iş yoldaşlarım, dənizçi həmkarlarım var ki, onların hər birində dənizdən nəsə var. Onlarla həmsöhbət olduqda elə dənizlə dərdləşirmiş kimi oluram bəzən. Dənizdən çoxlu sayda şeirlər yazmışam. Qələm dostlarımın dediklərinə və elə özümün də qənaətimə görə bu mövzuda ən çox yazan mənəm. Çox şair və yazıçılarımız dənizə, dənizçi həyatına müraciət ediblər. Mən isə müraciət yox, hayat tərzim olan, yaşadıqlarımı, yaşantıları, gördüklərimi qələmə almışam. Əlbəttə yazdıqlarımın bəzisi kağıza köçürülmədən dilmdə səslənib.

Müşahidələrimin sonucu olub deyilən şeirlər sonradan kağıza köçürülüb.

 

Yelkəni küləklə dolan ağ gəmi

Yapışıb gövdənə yosunlar sənin

yosunlar beləcə ovsunlar səni

ləpələr istəyər qovsunlar səni

doğma sahillərdən yad sahillərə.

 

Yelkəni küləklə dolan ağ gəmi,

Başının üstündə bir əlçim bulud

Açar qanadını göyərçin bulud

Göyərtə ovcunda bir içim bulud

Dönər ağ yağışa isladar səni…

 

Bu və digər şeirlər var ki, dənizlə mənim məhrəm söhbətimin nəticəsidir ki, ürəyimdən keçirib, dilimdən dənizə “düşürüb”, yaddaşıma hopdurmuşam və sonda kitablarıma köçüb.

 

– Və son olaraq Ömrü bir gəmi səyahətinə bənzətsək səfərinizin 60-cı ilində dənizdən sahilə doğru dönüb baxanda nə görür, nə hiss edir və nələri götür-qoy edirsiniz içinizdə?

 

– Dəniz elə həmənkidir

gah mülayim, üzü gülər

ya da dönüb ölüm olar

bizi güdər.

Dənizçidə dözüm gərək

ölümünə baxa bilsin,

Ölümünə qalib gəlsin

yıxa bilsin.

Dənizçinin yuxusuna

 

Torpaq ətri girər hər gün

yanıb sönən mayaklarda

ümüd adlı bir közərti

görər hər gün.

 

Dənizçiyə dalğaların arasından

əl eləyər su pırisi

dənizçiyə ad verərlər:

Su dəlisi…

 

Uzaq və çətin, eyni zamanda macəra dolu, maraqla yaşanan bir ömürdür dənizçi ömrü. Həmişə sahil üçün darıxmışam. Torpaq ətrini hiss etmişəm, yuxularıma sahil boyu sıralanan qayalıqlar gəlib. Amma içimdə bir dəniz azadlığı olub, özümü qağayı dəstəsinin içində görmüşəm, çatmadığım, yetişmədiyim hadisələr olub, özümü qınamışam, harasa gecikmişəm, özümə acığım tutub, ətrafda və cəmiyyətdə qarşılaşdığım eybəcərliklər, dost bildiyimizin xəyanətlərini görmüşəm, dözmüşəm, sınmamışam, sözümü demişəm bir başa, necə dəniz dalğaları ilə qayalıqlara çırpılıb sözünü deyir ha, o cür və rahat olmuşam, İçimdə kir, pasaq, nifrət, qəzəb, xəyanət olmayıb. Dənizə oxşamışam.

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Share: