Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

19-cu əsrin sonunda Eyfel qülləsi üçün hazırlanmış spiral pilləkən parçası martın 23-də “Aguttes” hərrac evində satışa çıxarılacaq.

Lotun təsvirinə görə, söhbət yaşıl rəngə boyanmış 32 çuqun elementdən, xüsusən də altı pillədən, həmçinin pilləkənləri saxlayan dayaqlardan və dirəklərdən gedir. Bununla belə, hərrac evi qeyd edir ki, elementlər dəsti birlikdə satılsa da, vahid struktur deyil. İndiyədək onlar interyer dizayneri və dekorator Jak Qarsianın mənzilində saxlanılıblar.

Lotun təxmini dəyəri 4000 avrodan 6000 avroya qədərdir. Lakin keçmiş hərracların təcrübəsinə əsasən, son qiymətin xeyli yüksək olacağı istisna edilmir. Sonuncu dəfə abidənin ikinci və üçüncü pillələri arasında yerləşən spiral pilləkənin üç metrlik bərk fraqmenti hərracda 274,5 min avroya satılıb.

Xatırladaq ki, Parisin əsas simvollarından biri olan Eyfel qülləsi 1889-cu ildə ucaldılıb. 2022-ci ildə qüllənin üstünə yeni antena quraşdırıldıqdan sonra onun ümumi hündürlüyü 330 metr olub. Hər il 7 milyona yaxın turist qülləni ziyarət edir.

Mənbə: TASS

Share: