Elşad Miri özünü niyə yorur?

Kulis.az Təvəkkül Boysunarın “Elşad Miri özünü niyə yorur?” adlı yazısını təqdim edir.

Bu yaxınlarda Elşad Mirinin bir yazısı yayımlandı.

Bəri başdan onu qeyd etmək lazımdır ki, Elşad Miri bu gün Azərbaycandakı tək-tük din xadimlərindəndir ki, kütlə qarşısında nağıl danışmaq əvəzinə əsl din haqqında danışmağı seçib; tək-tük din xadimlərindəndir ki, bir çoxlarından fərqli olaraq beynini xurafata, adət-ənənədən gələn yanlış inanca və təriqətçiliyə kirayə verməyib.

O səbəbdən, hazırda bu yazını oxuyan şəxslər arasında əgər hansısa dinşünasın izahına ehtiyac duyanlar varsa, onlara qəti şəkildə tövsiyə edərdim ki, Quranda olmayan şeyləri kütləyə din adıyla sırıyan və özlərini şiə, sünni, sələfi adlandıraraq dini bölən din xadimlərinə qulaq asmağı dayandırıb Elşad Mirinin mövqeyi ilə tanış olsunlar.

İndisə keçək əsas məsələyə:

Dünən oxuduğum yazıda Elşad bəy Quranın “Nəml” surəsində yer alan bir əhvalatın yanlış anlaşıldığını, qarışqalarla Süleyman peyğəmbərin söhbətini əks etdirən bu əhvalatda, əslində, qarışqalardan bəhs edilmədiyini, ordakı “nəml” sözünün “qarışqa”dan fərqli anlamlar kəsb etdiyini qeyd edir və yazı boyunca bunu sübut etməyə çalışırdı.

Bitərəf bir şəxs o yazını diqqətlə oxuduqda hiss edə bilir ki, Elşad Miri ayədəki “nəml” sözünün, “qarışqa” yox, başqa anlama gəldiyini sübut etməkdə bir qədər çətinlik çəkir. Bunun əsas səbəbi odur ki, məqalədən hiss edildiyi qədəriylə, “nəml” sözünün lüğətdəki mənaları arasında bu ayəyə “qarışqa”dan daha çox uyğun gələni yoxdur.

O səbəbdən də, Elşad bəy belə bir fikir irəli sürür ki, ayədə nəzərdə tutulan, bizim bildiyimiz qarışqa yox, sadəcə qarışqa kimi zəhmətlə çalışan insanlar anlamına gəlir.

Bu, doğru ola bilərmi?

Əlbəttə, ola bilər.

Bizim dərdimiz o ayədəki qarışqalarla deyil. Nəzərə çatdırmaq istədiyimiz məqam başqadır. Ancaq həmin məqamı deməzdən əvvəl bir vaxtlar atəşin şəkildə məşğul olduğum tərcüməçilik peşəsinin diqtəsiylə bunu bildirmək ehtiyacı duyuram ki, əgər mətn müəllifi öz cümləsində “qarışqa” sözünü istifadə edibsə, bu söz hətta simvolik məna daşısa da, tərcüməçinin haqqı yoxdur ki, o sözün əvəzinə simvolik mənasını qeyd etsin. Tərcüməçi, olsa-olsa, bunu mətnin aşağısında qeyd kimi göstərib oxucuya izah edə bilər.

Keçək əsas məqam dediyimiz o nəsnəyə:

Elşad bəy, görəsən, nə üçün bu ayənin fərqli anlam daşıdığını isbat etməkdən yana belə əziyyətlərə qatlaşır?

Səbəb aydındır:

Bu gün özünü intellektual və savadlı hesab edən bir çox insanlar dinə qarşı barışmaz mövqedə dayanarkən bu cür ayələrlə üz-üzə gəldikləri zaman sevincdən çiçəkləri çırtlayır və onlar məhz belə məqamlardan yapışaraq, məsələn, aşağıdakı kimi primitiv fikirlər səsləndirirlər:

“Demək, qarışqa Süleyman peyğəmbərlə söhbət eləyib, hə?”

“Görəsən, hansı dildə söhbət ediblər?”

“Siz, doğrudan da, bu nağıllara inanırsınız?”

“Ay adamlar, boş verin bu uydurmaları, elmə inanın”.

Elşad bəy məhz bu cür kinayələrdən boğaza yığıldığı, Quranı bu cür lağlağıdan qoruyub xilas etməyə çalışdığı üçün ilk baxışda məntiqə uymayan ayələri məntiqə uyğun hala gətirməyə cəhd göstərir.

Amma dəyərli dinşünasımız unudur ki, bu cür səthi yanaşdıqlarına görə Quranı duymaq xoşbəxtliyindən özlərini məhrum edənlərin daha ürəkdən güləcəkləri və daha sevinclə lağ edəcəkləri ayələr bircə bu qarışqa ayəsiylə yekunlaşmır.

Elşad bəy, əgər siz Quranı tamamilə 21-ci əsr insanının məntiq və ağlına uyğunlaşdırmaq istəyirsinizsə, əgər bu ümidsiz missiyanı çiyninizə götürürsünüzsə, o zaman mən sizdən soruşuram:

Siz bu insanlara, heç bir kişiylə birlikdə olmadan İsaya hamilə qalan, bakirə olduğu halda İsanı dünyaya gətirən Məryəmin əhvalatını necə izah edəcəksiniz?

Siz bu insanlara ölüləri dirildən, korları sağaldan, palçıqdan quş yaradan İsanın möcüzələrini necə izah edəcəksiniz?

Siz bu insanlara Musanın əlindəki əsanı, o əsanın ilana çevrilməyini, Firon sarayında həmin ilanın az qala əjdahaya dönərək sehrbazların bütün sehrlərini udmağını, Musanın Tur dağında o ilanla ilk dəfə qarşılaşdığı zaman arxasına baxmadan qaçmağını, yaxud dənizi yarmağını necə izah edəcəksiniz?

Bu işlər mifologiya, simvollar və digər yardımlarla altından çıxılacaq işlər deyil.

Bu işlər heç Zeyd və Zeynəb məsələsi də deyil.

Əgər siz hər şeyi 21-ci əsr insanının ağıl və məntiqinə uyğun şəkildə izah etməyə çalışsanız, onda bu məsələlərin altından çıxa bilməzsiniz, Elşad bəy. Çıxmağa da gərək yoxdur.

Quranda yer alan və yuxarıda qeyd etdiyim, etmədiyim o cür məqamlar başqa mərtəbələrin və başqa dərinliklərin dərketmə sahəsinə aiddir.

Diqqətli və qərəzsiz şəkildə oxumadıqları üçün Quran üslubunu duya bilməyənlərin o sahələrə keçidi, o mərtəbələrə qalxmağı müşkül məsələdir. Onlara nəyisə izah etmək üçün altına girdiyiniz bu missiya sizi sonra daha böyük çətinliklə üz-üzə qoya bilər.

Yaxud “burax onları yesinlər, içsinlər, dünyadan zövq alsınlar, bitib-tükənməz arzularla başlarını qatsınlar” deyən “Hicr” surəsinin bir ayəsində qeyd edildiyi kimi, onlara göydən bir qapı da açılsa, o qapıya qədər qalxsalar və nələr, nələr, nələr görsələr, yenə də inanmayacaqlar.

Yaxud böyük Füzulinin dediyi kimi:

Ey əql, ədəbə riayət eylə,

Bu bilmək ilə kifayət eylə!

Ol pərdəyə kimsə yol bulmaz,

Təhqiq bil, onu bilmək olmaz.

Gər yetsə idi, bu sirrə idrak,

Deməzdi Rəsul “maərəfnak”. (səni tanımadıq)

Təbii ki, Elşad bəy kütləni Quranla tanış etmək missiyasına, uydurma dini deşifrə etməyə və hər dəfə yeni ortaya çıxardığı gözəllikləri insanların nəzərinə çatdırmağa davam etməlidir. Bu, böyük bir xidmətdir. Buna görə Elşad Miriyə təşəkkür düşür.

Sadəcə Elşad bəy bunları edərkən yuxarıdakı meyldən qaçmalı, Quranı kütlənin istəyinə uyğun şəkildə şərh etməyə çalışmamalı, bundan ötrü özünü yormamalıdır.

Salamlar və sayğılarımla!

Share: