Elçin Hüseynov: Yüksək potensiallı şəxsiyyət…

(Əziz və kübar qardaşım, ləyaqətli Dövlət kadrı və hörmətli ziyalı şəxsiyyət Elçin müəllim Hüseynova ithaf olunur!)

Bu qısa yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın əziz, kübar və hörmətli ziyalısı, ləyaqətli Dövlət kadrı, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin müəllim Hüseynovla daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:
Elçin Hüseyn oğlu Hüseynov. 1984-cü ilin yanvar ayının 24-də Cəlilabad şəhərində bir mədəni, təmiz və ziyalı ailədə dünyaya göz açıb. Atası Hüseyn Hüseynov nəqliyyat sahəsində, anası Zemfira xanım isə tibb sahəsində böyük əməyi olan və hal-hazırda təqaüdə çıxmış əziz və dəyərlilərimizdəndir.
1989-cu ildə Cəlilabad şəhər 1 saylı orta məktəbində I-ci sinifə daxil olub və 2000-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2000-2005-ci illər ərzində Lənkəran Dövlət Universitetinin tarix və ictimaiyyət ixtisası uzrə ali təhsil almışdır. 2000-2007-ci illər ərzində Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsində mühəndis-hidrotexnik, əməyin mühafizəsi və təhlukəsizliyi uzrə mühəndis vəzifələrində çalışmışdır. 2007-ci ildən etibarən Cəlilabad Şəhər 2 saylı tam orta məktəbdə tarix fənni üzrə müəllim işləmişdir. Onun tərbiyələndirib yetişdirdiyi şagirdləri Respublika olimpiadalarında yüksək nəticələr əldə etmiş və uğur qazanmışlar.
Elçin Hüseynov Cəlilabadın gənc ictimai fəallarından biri olmaqla yanaşı həm də rayonumuzun qabaqcıl tarix müəllimi kimi 2010-cu ildə Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı mərasimində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Muzey haqqında məlumat vermişdir. 2011-ci ildə Cəlilabad Rayon Təhsil Şöbəsində tarix və coğrafiya fənləri üzrə metodist kimi işləmiş, müxtəlif vaxtlarda Cəlilabad Rayonunun Xəlilli və Fərzili kənd məktəblərində direktor işləmişdir. Yeni Azərbaycan Partiyasının gənc fəallarından biri kimi respublika və beynəlxalq tədbirlərdə iştirak etmişdir.
Elçin Hüseynov 28.04.2016 tarixdən etibarən Cəlilabad Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (“MSK”) direktoru vəzifəsinə təyin edilmişdir. 01.06.2018 tarixdən etibarən isə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisidir. Bununla yanaşı həm də YAP Cəlilabad RT, Cəlilabad şəhər ərazi partiya təşkilarının sədridir. Məlumat üçün qeyd etmək lazımdır ki, 2017-ci il tarixdə Puşkinin vəfatının 180 illiyi ilə bağlı Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən “Jivoy Puşkin” layihəsində Elçin müəllimin o zaman rəhbəri olduğu kitabxana qalib olmuşdur. Müxtəlif vaxtlarda YAP, Cəlilabad Rayon İcra Hakimiyyəti və muxtəlif idarə təşkilatların fəxri fərmanları ilə təltif olunmuşdur. 2021-ci ildə ailə həyatı qurmuşdur. Hüseyn adlı bir oğul övladı var…

Açıklama yok.

Xüsusiyyətləri:
Doğma yurdumuzun əziz və dəyərli simalarından, gənc və yüksək vəzifəli olması ilə yanaşı həm də rayonumuzun tanınmış ziyalı və ləyaqətli Dövlət kadrlarından sayılan hörmətli Elçin müəllimin əsas xüsusiyyətləri olaraq aşağıdakıları qeyd edə bilərəm:
1. Həyatda əqidəli;
2. Tanrıya bağlılıq və mötədil inanca sahib;
3. Diqqət və əzmkarlıq;
4. Zəkalı, dərin düşüncəli;
5. Çalışqan;
6. Təşkilatçı;
7. Ziyalı;
8. Kübarlıq, yüksək tərbiyə, mədəniyyət və etika sahibi;
9. Dövlətçi;
10. Vətənpərvər (Vətənə, El-obaya, Dövlətə və Dövlətçiliyə möhkəm şəkildə bağlı olan və onları səmimi qəlbdən sevən);
11. Səmimi və pozitiv insan;
12. Sadə və təvazökar;
13. Xeyirxah və qayğıkeş;
14. Yüksək potensiallı şəxsiyyət və s…

Subyektiv baxışım:
Elçin müəllim haqqında danışmaq və barəsində subyektiv baxışlarımı qələmə almaq mənim üçün çox asandır. Çünki mən bu dəyərli şəxsiyyəti uzun illər boyu yaxından tanımış və aramızda səmimi münasibət olmuşdur. Biz həm də uşaqlıq və yeniyetmə dövründə Elçin müəllimlə yaxın qonşu olmuşuq.
Onun böyük qardaşı mərhum Emin Hüseynov (ruhu şad, xatirəsi əziz, məkanı Cənnət olsun!) dünyanı vaxtsız tərk etsə də, bizim aramızdan köçüb əbədiyyətə qovuşsa da, bu günədək onu yaxından tanıyanlar barəsində yalnız xoş xatirələr və yaxşı sözlər danışırlar. Çünki mərhum Emin hələ orta məktəbdə oxuyarkən hər zaman öz yüksək mədəniyyəti, sakit təbiəti, əxlaqı və dəyərləri ilə tanınır və sevilirdi. Ümumiyyətlə, Elçin müəllimin mənsub olduğu ailə Cəlilabad rayonunda öz mədəniyyəti, ziyalılığı, doğru-dürüstlüyü və sadəliyi ilə tanınan və sevilən bir ailədir. Bu baxımdan, bu gün onun rayon səviyyəsində sərgilədiyi mədəniyyət, diqqət və dəyərlər, həmçinin malik olduğu hörmət və izzət onu yaxından tanıyanlar üçün bəlli və təbii formada qarşılanır. Çünki əslində elə gözəl və səviyyəli ailədən belə əziz və dəyərli övlad ərsəyə gəlməli idi…
Mən Elçin müəllimi hələ ibtidai və orta məktəbdə oxuyarkən tanısam da, aramızdakı azacıq yaş fərqinə rəğmən yaxın münasibətimiz təxminən 1995-ci ildən etibarən başlamışdır. O, uşaqlıq yaşlarında ikən hər zaman öz təmizkarlığı, səliqəli geyimi və ədəb-ərkanı ilə öndə və diqqət mərkəzində olduğu kimi bu gün də ötən illərdə olduğu kimi özünü təsbit etmişdir.
Dayanmadan çalışan, yeniliklərə imza atan, uşaq, yeniyetmə və gənc nəslimizi diqqət mərkəzində saxlayan bu dəyərli insan sanki doğma elinə və xalqına ləyaqətli övlad olmaq və ən gözəl xidmətlərə imza atmaq üçün yaranmışdır. O, 01.06.2018 tarixdən etibarən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə gəldikdən sonra Cəlilabad rayonunda idmançılara qarşı xüsusi diqqət və qayğıkeşliyin, həmçinin idmanın müxtəlif sahələri üzrə rayon, bölgə, respublika və beynəlxalq səviyyələrdə ardıcıl uğurların şahidiyik.
Elçin Hüseynov öz Vətəni, Torpağı və Dövlətinə sıx bağlı olan, cənab Prezidenti səmimi qəlbdən dəstəkləyən, həmçinin öz yüksək mədəniyyəti, davranışı və aktivliyi ilə xalq arasında Hakimiyyəti və Dövlətçiliyi sevdirən ləyaqətli Dövlət kadrıdır. Hələ gənc yaşlarından etibarən tarix fənni üzrə müqəddəs müəllimlik peşəsinə yiyələnmiş, rayonumuzun müxtəlif sahələrində yüksək vəzifələrə yüksəlmişdir. Onun qədim və sirli Muğan, eləcə də, doğma Həməşəra (müasir Cəlilabadın sələfi) tarixinə verdiyi töhfələr də tarixçi, arxeoloq və tədqiqatçı alimlərimizə bəllidir.
Öz yüksək mədəniyyəti, kübarlığı, Dövlətçiliyi və idarəçilik bacarığı ilə tanınan Elçin müəllim son 4 il ərzində Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır. Həmin vəzifəyə gəldikdən sonra adi bir rayon səviyyəli idarənin adı, varlığı və uğurlarını tez bir zamanda respublika və hətta, dünya səviyyəsinə çatdırmağı bacardı.
Bütün bunlarla yanaşı demək olar ki, Cəlilabad rayonunda idman, mədəniyyət, incəsənət, tarix, arxeologiya, gənclər, vətənpərvərlik və s. sahələrdə keçirilən hər hansı bir faydalı və gözəl tədbirin (yarış, müsabiqə, toplantı və s.) arxasında bir təşkilatçı və menecer kimi onun parlaq imzası, rolu və dəstəyi vardır. Bu baxımdan, fəal və aktiv bir insan olmaqla yanaşı, həm də universal və yüksək potensiallı şəxsiyyətdir. O, gördüyü bütün bu işlərdən və faydalı xidmətlərdən əsla yorulmur, hər gün yeni bir ideya və yeni bir təşəbbüslə meydana gələrək ardıcıl uğurlara imza atır.
Elçin müəllim yüksək vəzifə sahibi olsa da, cəmiyyət arasında sadə və imkansız insanlar, xüsusilə də, əziz şəhid ailələri və qazilərimizə qarşı diqqətli, qayğıkeş və təvazökardır. Bu davranış onu heç bir zaman alçaltmır, əslində daha çox yüksəklərə ucaldır, hörməti və izzətini artırır. Ulu Tanrının yazdığı əzəli qanunlara görə, həyatda özünü təkəbbürlü tutanlar zəlil, təvazökar və sadə tutanlar isə başıuca və izzətli olurlar. Əzizimiz Elçin müəllim də, öz sadəliyi və təvazökarlığı ilə insanlar və xalq arasında böyük hörmət və izzət qazanmış ləyaqətli eloğludur.
Bəlkə də, onun barəsində bunları yazmağa və söyləməyə heç bir ehtiyac yox idi. Çünki onun Cəlilabadda gördüyü işlər və aktiv, həm də çoxşaxəli fəaliyyətinin elmi aksiom kimi heç bir sübuta və əlavə dəlilə ehtiyacı yoxdur. Hər şey göz önündə və hər kəsin müşahidəsi altındadır. Atalar demişkən: -“görünən dağa nə bələdçi?”
Lakin düşünürəm ki, hər şeyə rəğmən doğrular, dəyərlər və dəyərlilər daha çox tanınsın və yaşasın deyə olduğu kimi, həmçinin təmənnasız və sifarişsiz şəkildə qələmə alınmalı və təqdim edilməlidir. Mən də məhz həmin prinsiplər əsasında doğma elimizin bu əziz və kübar şəxsiyyəti barədə belə bir qısa məqaləni qələmə almağa qərar verdim…

Arzu və diləyim:
Ulu Tanrıdan doğma yurdumuzun əziz, dəyərli və ləyaqətli övladlarından, eyni halda ləyaqətli və nümunəvi Dövlət kadrlarından sayılan ziyalı şəxsiyyət, hörmətli Elçin müəllim Hüseynova uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, həmçinin bütün işlərində yeni-yeni uğurlar diləyirəm!

İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
[email protected]
02.12.2022

Share: