Elçi zanbaqlar

4-cü hissə

İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan.

Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan işlər  canımı sıxmaqda idi. Əslində isə, canımı sıxan yeknəsəqlik deyil, gözlədiyim fərqliliyin baş verməməsi idi.

Günortadan xeyli keçməsinə baxmayaraq, deyəsən, bu gün unudulmuşdum. Üç gün ardıcıl aldığım zanbaqlar məndə nastalji hissləri oyatmış, keçmişin xoş xatirələrini canlandırmışdı içimdə. Hər dəfə dəhlizdə addım səsləri eşidəndə, qapı açılanda qeyri-ixtiyari otağa daxil olan katibəmin əlinə baxırdım. Əllərini boş görəndə, etiraf edim ki, üzülürdüm.

Özümü on doqquz–iyirmi yaşlı həmin tələbə qız kimi hiss etməkdə idim bu gün. Saysız-hesabsız qayğılarının içində özünü xoşbəxt hiss edən o qız üçün darıxırdım. Güzgüdən boylanan, gözlərimin içinə baxaraq gülümsəyən həmin şən, çılğın qıza, hətta bu gün paxıllığım belə tuturdu. Bir insanın digərlərinə olan həsədini anlaya bilərəm, amma bir insanın özünə, öz keçmişinə, xoşbəxt xatirələrinə özünü qısqanmaq hissini anlamayacaq qədər üzgün idim bu gün.

 

…Rauf gələcəyi günü bilərəkdən  xəbər etməmiş, mənə sürpriz etmək istəmiş və buna da nail olmuşdu.

Həmin axşam narın yağış yağmasına baxmayaraq, yenə də dənizkənarı ilə gəzinir, içimdə gah dənizlə, gah da Raufla söhbətləşirdim. Dəfələrlə darıxdığımı pıçıldayır, öz-özümə təsəlli verib onun da mənim üçün darıxdığını söyləyirdim.

─Xanım qız! Deyirəm, bəlkə axşamın bu saatında, özü də belə havada tək gəzib dolanmayasız… Bəlkə sizə yoldaşlıq edim, tənhalığınızı bölüşüm…

Təklifə bax! Cəsarətə bax! Əsəbi halda geri çevrilib payını verməyə hazırlaşırdım ki, yerimdə donub qaldım. Bir anlığa nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Təklifi edən bir başqası deyil, səsini dəyişən Raufun elə özü idi. Budur, qarşımda idi. İki aylıq ayrılıqdan sonra yenə də gözlərimin içinə baxıb gülümsəyirdi.

─Rauf!–deyərək boynuna sarıldım. Ayların həsrəti bu anın sevincinə qarışıb  göz yaşlarımla yanaqlarımdan  üzüaşağı süzüldü.

─Başımın bəlası! Bilsən ki sənin üçün nə qədər darıxmışam!–deyərək belimi qucaqladı, bir qədər fırlayıb yerə qoydu. Nəzərlərini üzümdən çəkmədən bir əli ilə saçlarımı, yanaqlarımı oxşayır, digər əli ilə ovcundakı əlimi sıxırdı.

İllərin həsrətliləri kimi bir-birimizə sarılmışdıq. Yağan yağışı belə unutmuşduq. Hər kəsi unutmuşduq. Dəniz, səma, yağan yağış, mən və Rauf… Bütün dünyanın fövqündə idik.

Zamanın dayanmasını, bu anın heç bitməməsini arzu edirdim. Raufun ürək döyüntülərini, isti nəfəsini hiss edirdim. Sevdiyim insanın qolları arasında olmaq xoşbəxtliyin ən son həddi idi mənim üçün. Sevirdim! Sevildiyimi də bilirdim. Sevginin nə olduğunu da, ayrılığın, həsrətin nə olduğunu da, acısı kimi, vüsalının da şirinliyini Rauf yaşatmışdı mənə. Əllərinin saçlarımdakı, yanaqlarımdakı  tumarı, ovcumdakı hərarəti, üzümə toxunan isti nəfəsi ruhumun dilə gəlib “Səni sevirəm” deyə hayqırmaq istəyini artırırdı.

Raufun hündürdən dediyi sözlərin kimlərinsə diqqətini çəkəcəyindən ehtiyat edirdim. O isə buna əhəmiyyət vermir, daha da səsini yüksəldirdi:

─Qoy hamı eşitsin: Bu qızı sevirəm! Başımın bəlası!  Səni sevirəm! Səni çooox sevirəm!

Sevinc göz yaşlarım yağan yağışın damlaları ilə yanağımdan çənəmə süzülürdü. Heç vaxt olmadığım qədər xoşbəxt idim.

Əllərini islanmış saçlarımda gəzdirib gah belimi qucaqlayır, gah da əlimdən, üzümdən, alnımdan öpürdü. Yanımızdan ötüb keçənlərin diqqətini çəkdiyimizi gördükdə isə, üzünü onlara tutub “Başımın bəlasıdır! Sevirəm onu!” deyirdi. Utandığımdan, xəcalətdən gizlənməyə yerim də olmadığından tez başımı köksünə sıxır, üzümü gizlətməyə çalışırdım.

İslanmışın yağışdan nə qorxusu, deyirlər. Bir kənara çəkilmək, daldalanmaq heç birimizin ağlına gəlməmişdi. O qədər xoşbəxt idik ki, bir-birimizdən başqa heç nə düşünə bilməmişdik. Raufun öz sevgi etirafları ilə diqqətini çəkə bildiyi orta yaşlarında bir rus qadın  əlindəki çətiri bizə verib tələsik uzaqlaşdığı an tamamilə islandığımızın fərqinə varmışdıq.

Çətir tutmağın elə də bir əhəmiyyəti qalmamışdı. Onsuz da islanmışdıq. Buna baxmayaraq, Rauf çətirdən imtina etmək fikrində deyildi.

Şəhərin gecə mənzərəsi, tutqun səma, dənizdən əsən xəfif meh, yağan yağış və biz…

Heç vaxt əlimi buraxmayacağına əmin olduğum insanın nəzərləri üzümdə gəzir, nəfəsi boynuma toxunurdu. Raufun pıçıltı ilə dediyi:

─Səni çox sevirəm!–sözlərini eşitdiyim an qeyri-ixtiyari gözlərimi yumdum. İlk dəfə dodaqlarıma toxunan dodaqların hərarəti bütün varlığımı titrətməkdə idi. İncə və zərif toxunuş qəlbimin dərinliklərinə qədər işləyirdi. Sanki bir yuxu idi. Bu yuxudan ayılmaq, bu yağmurlu gecənin bitməsini istəmirdim.

 

*******

Yenə də soyuq, tənha ev… Qapını açıb içəri girdiyim dəqiqədən divarlar məni sıxmağa başlamışdı. Xatirələrim, düşüncələrim də getdikcə artan pərişanlığımın əsl səbəbi idi. Mətbəxə keçib çaydanın altını yandırdım. Soyuducunu açıb dünən axşamdan bişirdiyim dolmadan bir neçəsini ağzıma atdım. Bu gün heç nə yeməsəm də, heç iştaham da yox idi.

Özümə çay süzüb divanda oturdum. Bir az  fikirlərimi dağıtmaq üçün televizoru yandırdım. Rəsmi xəbərlər, əyləncə verilişləri sevgidən bəhs edən melodram və seriallar kimi maraqsız idi. Televizoru söndürüb pultu bir kənara qoydum.

Fincanı əlimdə tutub necə fikrə dalmışdımsa, az qala isti çayı üstümə dağıdacaqdım. Yerlə-göy arasında idim bu an. Düşünür, keçmiş xatirələri beynimdə canlandırır, gah özümü qınayır, gah da özümə haqq qazandırırdım.

 

Həmin gün bir yerdə oturub şam etməyi Rauf özü mənə təklif etmişdi. Təklifini qəbul edərkən, çox ciddi bir mövzudan söz açacağını düşünmüşdüm.  Hətta, fikrimdən mənə evlənmə təklifi edəcəyini keçirtmişdim. Restorandakı romantik ab-hava, həzin musiqi bu cür düşünməyimə əsas verirdi.

Adətən danışıb-gülən, məzəli söhbətlərlə kefimi açan, zarafatından qalmayan Rauf bu gün çox sakit və susqun idi. Arabir gözlərimin içinə baxıb gülümsəyir, sonra yenə də nəzərlərini yayındırırdı. Üzündəki ifadə yorğunluq ifadəsindən daha çox gərgin olduğundan xəbər verirdi. Əlindəki çəngəli gah sağa, gah sola fırlayırdı. İş gününün sonu olmasına baxmayaraq, iştahası olana bənzəmirdi heç.

─Rauf! –dözməyib dilləndim.

Başını qaldırıb üzümə baxdı, gülümsədi:

─Ay caan!

─Yaxşısan? –soruşdum.

Özünü gülümsəməyə vadar etdiyi sönük baxışlarından hiss olunurdu. Bir anlıq üzümdə gəzən nəzərləri yenidən boşqaba yönəldi.

Əlini tutub soruşdum:

─Rauf, nəsə olub? –Başını yellədi. –Evdə salamatçılıqdı?

─Şükür, –deyib susdu yenə.

─Bəs işdə? Hər şey qaydasındadır?

Əlimi dodaqlarına yaxınlaşdırdı:

─Hər şey yaxşıdır, canım.

─Bəs niyə beləsən? –sualım deyəsən onu çətin vəziyyətə saldı. Cavabını gözləməyə səbrim çatmadığından sözümə davam etdim, –Cismin burdadır, ruhun isə başqa bir yerlərdə dolaşmaqdadır. Burda deyilsən, Rauf…

Əlimi ovcunda sıxıb tumarladı, təkrar dodaqlarına yaxınlaşdırdı:

─Bağışla, canım, həqiqətən bir az yorğunam, çox gərgin bir gün yaşamışam. Sən narahat olma amma… Yaxşı?

Gözlərinin içinə baxmağa çalışsam da, hər dəfə yayındırdığı nəzərləri deyə bilmədiyi, amma əslində çox ciddi bir problemi olduğunu üzündən oxumağım üçün kifayət edirdi.

Başını qaldırıb üzümə, daha sonra qarşımdakı dolu boşqaba nəzər saldı.

─Xoşuna gəlmədisə, başqa nə isə sifariş verək.

─Yox, iştaham yoxdu, –dedim.

Əli ilə öz boşqabını da geri itələyib:

─Düzü, elə mənim də iştaham yoxdu, –dedi və bir müddət yenə də gözlərini bir nöqtəyə zilləyib susdu.

Mən də susurdum. Deyiləcək sözümüz yox idi bu gün. Gözlədiyim, xəyal etdiyim hər şeyin əksi ilə qarşılaşdığımdan həm pərt, həm də üzgün idim.

─Gedək səni evə ötürüm, gecdir, –deyib üzümə baxmadan ayağa qalxdı.

Əlavə bir söz demədən ayağa qalxdım. Özlüyümdə işində bir problemi olduğunu düşünüb, mənimlə bölüşmək istəməməsinin səbəbini zabit xarakterindən irəli gələn susqunluqla izah etməyə çalışırdım. Bir anlıq təyinatının istəmədiyi bir yerə verilməsini, məndən ayrılacağını düşündüyü üçün üzgün olduğunu fikrimdən keçirtdim. Ürəyimdən keçən “Səninlə dünyanın ən ucqar nöqtəsinə də gedərəm, yetər ki sən əlimi buraxma” sözlərini dilimə gətirməyə çəkinirdim nədənsə.

Məni evə ötürərkən də yolboyu susmuş, tək-tük ifadələri nəzərə almasaq, demək olar ki danışmamışdı.

Həmişə ayrıldığımız ağacın altında  ayaq saxladı. Qucaqlayıb başımı sinəsinə sıxdı. Saçlarımın qoxusunu içinə çəkib, yanaqlarımı barmaqları ilə sığalladı:

─Əslində bu gün sənə fərqli bir gün yaşatmaq, yadda qalan, xoş sürpriz etmək istəyirdim. Bağışla, düşündüyüm kimi olmadı.

─Eybi yox, narahat olma, hər şey yaxşıdır,–pərtliyimi hiss etdirməməyə çalışdım, –Yanımda olduğun hər saniyə mənim üçün yadda qalandır.

Bir neçə dəfə əlini cibinə salıb geri çəkdiyini hiss etdim. Bəlkə də evlənmə təklifi etmək üçün aldığı nişan üzüyünü gizlətməkdə məqsədi bu münasibətlərə indi hazır olmaması idi. Bəlkə də haqlı idi, zamanı deyildi, tələsirdik.

Əlimi ovcundan buraxmadan alnımdan öpdü:

─Nə olur, olsun, inan mənə! Güvən mənə! Heç vaxt hisslərimə şübhən olmasın! Əmin ol ki, sənə görə hər şeyi gözə ala bilərəm!

Bu gün ilk dəfə idi ki, gözlərimin içinə baxırdı. Dediyi sözlərin səmimiliyinə, sevgisinə şübhəm yox idi.

Beləcə, daha çox sükutdan ibarət olan gecəmizi başa vurduq…

Hələ də yaddaşımdan silinməyən, xatirəmdə dərin iz buraxan həmin gün, Raufun gərgin, narahat halı, susqunluğu həyat hekayəmin ən kədərli bölümünün ilk səhifəsi idi.

 

*******

Bu gün anamın doğum günü idi. Səhər-səhər valideynlərimi ziyarət edib, məzarları üstünə gül qoydum. Ruhlarına fatihə oxuyub, bir qədər ürəyimdə dərdləşdim. Həm uğurlarımdan, həm də tənhalığımdan danışıb, darıxdığımı, onlara nə qədər ehtiyacım olduğunu pıçıldadım.

Əvvəllər tez-tez onları ziyarət etsəm də, sonralar işlərimin çoxluğundan ayda bir dəfə gedə bilirdim. Doğrusu, son zamanlar tez-tez getmək də istəmirdim heç. Bilirdim ki, valideynlərimin ruhu mənə görə narahatdır. İşlərimin yaxşı olmasına baxmayaraq, şəxsi həyatımı qaydaya sala bilmədiyim üçün özümü günahkar hesab edirdim. Məzar daşından boylanan baxışlarının qarşısında belə davam gətirə bilmirdim. Elə bilirdim, indicə anam dil açıb məni danlayacaq, sözünün sonunda da “Sən düzəlmədin də!” deyib məzəmmətlə başını yelləyəcək. Darıxırdım onlar üçün.

Qızlar atalarını daha çox sevir, deyirlər. Atamın münasibəti, məni daha çox sevib-əzizləməyi bacımın qısqanclığına səbəb olurdu. Mən isə atanın, həmçinin nənənin sevimlisi olmaqdan zövq alırdım, düzü. Diqqət mərkəzində olmağı uşaqlıqdan xoşlayırdım.

Xeyir-duasını aldığım nənəmin vəfat etdiyini geri döndüyüm gün öyrənmişdim. Hələ Almaniyada olduğum zaman evə zəng edərkən bir neçə dəfə anamdan, bacımdan nənəmi soruşmuş, onunla danışmaq istədiyimi bildirsəm də, uzaqda olduğum üçün bilərəkdən məndən bu xəbəri gizlətmiş, üzülməyimi, dərslərimdən yayınmağımı istəməmişdilər. Hər nazımı çəkən, şıltaqlıqlarıma göz yuman, dəcəllik etdiyim zaman anamın qarşısına keçib məni onun əlindən alan nənəmin yoxluğu məni hədsiz sarsıtmışdı. Hər səhər, hər axşam üzündən öpdüyüm, qanım qara olanda başımı dizinin üstünə qoyduğum nənəmi gah mətbəxdə, gah öz otağında axtarırdım. Saatlarla oturduğu divanın küncünə qısılar, kürəyinə saldığı tirmə şalı burnuma tutar, hopub qalmış qoxusunu içimə çəkmək istəyirdim.

Bir gecə yatıb bir səhər yuxudan oyanmayan anamı isə işlərimin yoluna düşməyə başladığı bir zamanda itirdim. Hər dəfə ailə qurmağımdan, nəvə sahibi olmaq istədiyindən söz açsa da, qulaqardına vurar, mövzunu dəyişərdim. Arzusunu gözündə qoyduğum anam, yəqin ki hələ də məndən incikdir.

Gərgin və sıxıntılı bir günü dörd divar arasında başa vurmamaq üçün işə getməyə qərar verdim. Fikirlərimi dağıtmaq, keçmişin acı xatirələrindən xilas olmaq üçün iş ən gözəl vasitə idi.

 

İşə qayıdarkən gün yarı olmuşdu.

Katibəmə mənə qəhvə hazırlamağı tapşırıb qapının dəstəyini burdum. Ayağımı içəri qoyduğum an dörd bir tərəfə düzülmüş çiçəklər dərhal nəzərimi cəlb etdi. Bütün buketlərin sarı çiçəklərdən ibarət olması eyni ünvandan göndərildiyindən xəbər verirdi. Çiçəklərin kimdən olduğunu bilmək üçün üstündəki vizitkaya deyil, masamın üstündəki kiçik zanbaq dəstəsinə nəzər salmaq kifayət idi. Altı sarı zanbağın arasına yerləşdirilmiş tünd çəhrayı zanbaq sahibinin əvəzindən danışa, gizli mətləblərə aydınlıq gətirə bilərdi.

 

Hər səhər, hər axşam dibçəkdəki zanbaqlarıma nəzər salar, səbirsizliklə sonuncu–yeddinci zanbağın açacağı günü gözlərdim. Bəzən isə onun heç vaxt açmayacağını da fikrimdən keçirirdim.

Həmin səhər də yuxudan ayılan kimi çarpayıdan sıçrayıb pəncərənin qarşısına yaxınlaşdım. Budur, sonuncu zanbaq bu səhər açmışdı. Artıq solan digər zanbaqların yanında daha gözəl, təravətli, zərif görünən bu çiçək özünün sarı rəngi ilə könlümü oxşaya bilmişdi. Sarı rəng ayrılıq, bəzən nifrət anlamına gəlsə də, mənim üçün günəşin rəngi idi: şəfəq və nur idi. Sevindiyimdən zanbağın ləçəklərini, yarpaqlarımı sığallayıb, barmaqlarımla oxşayıb, hətta dodaqlarımı belə toxundurmuşdum. Ayın yeddisi, həftənin bazar günü açan bu yeddinci zanbağa rəmzi məna verməyə də çalışmışdım. Münasibətlərimizə xeyir-dua almış qədər xoşbəxt hiss edirdim özümü. Sevincimi bölüşmək üçün Raufa mesaj yazıb, sonuncu zanbağın açdığını bildirdim. “Gözün aydın! Nəhayət ki!” cavabını aldım.

Elə həmin axşamkı görüşdə Rauf əlimi ovcunda sıxıb əzizləyərkən qəfil xatırlayıb soruşdu:

─Doğrudan, demədin, axı, sonuncu zanbağın nə rəng açdı…

Tez dilləndim:

─Sarı rəngdədir. Elə gözəldir ki! Sanki günəşin özüdür!

Təəccüblə üzümə baxdı:

─Sarı?  Sarı rəngi xoşladığını bilmirdim.

─Sarı rəng ayrılıqdı deyirlər… Amma bu fərqlidir. Həftənin bazar günü, ayın yeddisi, yeddinci zanbağım…Görürsən, hamısı yeddidir.

─Rəmzlərə inanırsan? Simvolikaya çox da qapılma!

─Yeddi rəqəmi müqəddəsdir! Bilirsən, nə düşünürəm?

─…

Ona ağzını açmağa imkan verməyib sözümü bitirdim:

─Bu yeddilərdə bir məna var! Allah özü münasibətlərimizə xeyir-dua verib. Günəşin bir parçasını bizə elçi olaraq göndərib.

Başını bulayıb sözlərimə güldü. Dedi:

─Məncə bir qədər şişirtdin… Sənə elə gəlmir?

Başımı yellədim:

─Yox! Əgər ürəkdən inansaq, belə də olacaq!

Saçlarımı, yanaqlarımı  sığalladı, üzümü əlləri arasına aldı:

─Sən deyən olsun! Sənə inanıram. Sən də mənə inan! Həmişə inan və zərrə qədər də şübhən olmasın!

Artıq ikinci dəfə eşitdiyim bu söz mənə qəribə gəlməyə başlamışdı. Bu sözləri deməyi, həm də vurğulamağı səbəbsiz deyil, düşünürdüm. Soruşmağa çəkinir, həm də hər şeyi özündən eşitmək istədiyim üçün üstünə getmək, məcbur edib sıxışdırmaq istəmirdim. Özü isə, görünür, hər hansı bir söhbətə bu gün hazır deyildi. Ən doğru qərar zamana buraxmaq idi…

 

Bir zamanlar sarı rəngə günəşin rəngi kimi dəyər vermişdim. Bu gün isə sarıya bürünən otağım məni qıcıqlandırır, üzdüyü qədər də əsəbləşdirirdi. Nifrət edirdim sarı rəngə. Kədərli xatirələrlə açdığım səhəri həyəcan və əsəblə başa vurmaq istəmirdim.

Əsəbi halda katibəni səslədim:

─Elə bu dəqiqə bütün buketləri–hamısını rədd edin otağımdan! Üstündə vizitkası olmayan, kimdən olduğu bəlli olmayan heç bir gül dəstəsini də otağıma gətirməyin bundan sonra!

Qızın təəccüb dolu nəzərlərini üzümdə hiss edərkən hövsələdən çıxdığımı, hisslərimə hakim ola bilmədiyimin fərqinə vardım. Katibə buketlərin hamısını qucağına alarkən masamın üstündəki kiçik zanbaq dəstəsi ilə sayının yeddi olduğu nəzərimdən qaçmadı. Qucaq dolu çiçəklə masama yaxınlaşıb əlini zanbaqlara uzatmaq istəyən qız bir anlıq ayaq saxladı, nə düşündüsə geri addım atdı. Sakitcə otaqdan çıxdı.

Başımı masanın üstünə qoydum. Ürəyim boşalıncaya qədər ağlamaq istəyirdim. Qeyri-ixtiyari əlimi güldanın içindəki zanbaqlara toxundurdum. Onları ovcumun içində əzmək, qırmaq, ayağımın altında tapdamaqla hisslərimin, sevgimin heyfini almaq istəyirdim. Ovcumda sıxa, əzə bilmədikdə isə hönkürüb ağladım. Altı sarı zanbağın arasından mənə boylanan zərif çəhrayı zanbaq mənə mənim özümü xatırladırdı. Gözlərimdən axan göz yaşı yanaqlarımdan süzülüb şeh damcısı kimi əlimdə tutduğum çəhrayı zanbağın ləçəyində qaldı.

Sarı çiçəklərdən ibarət hər böyük buket ayrılığımızın bir ilinə işarə idi. Yalnız zanbaqlardan ibarət olan kiçik gül dəstəsi də aradan yeddi ilə yaxın zaman ötdüyündən xəbər verirdi. İllər əvvəl rəngarəng altı zanbağın arasında bitən sarı gülün ayrılacağımıza işarə olduğunu anlamaq, qəbul etmək istəməmişdim. Bu gün isə altı sarı zanbağın arasındakı çəhrayı çiçək yoxsa bir sevgi etirafı idi?

Bu axşam hava çox küləkli və soyuq idi. Dənizdən əsən yel, yağan leysan yağış belə məni çəkindirmirdi. Ağlayıb ürəyimi boşaltmaq üçün ən münasib zaman idi. Yanaqlarımdan süzülən yağış suları əslində göz yaşlarımı gizlədirdi. İçin-için ağlamaq üçün uzun zaman idi belə fürsətim olmamışdı.

 

…Son bir həftədə Rauf çox fikirli və dalğın görünürdü. Üzündən oxunan gərginliyi ciddi problemlərlə üzləşdiyini bəlli edirdi. Əsəbiliyini, dilxorluğunu asan olmayan zabit həyatının qayğıları ilə əlaqələndirir, hər dəfə içindəkiləri mənimlə bölüşmək istəməməsinin səbəbini də buna bağlayırdım. Əslində isə, susqunluğu işinin məsuliyyət və öhdəliklərindən deyil, təbiətindən irəli gəlirdi. Nə gizlədim, bəzən inciyirdim. Amma sonra özümü danlayır, əksinə söz danışan olmadığına, bəziləri kimi sızlamağı xoşlamadığına, təkbaşına hər işin öhdəsindən gəlmək istəyi kimi əsl kişi xarakterinə xas cəhətlərinə görə daha çox heyran olurdum ona. Mümkün qədər anlayışlı davranmağa çalışarkən, ailəsində hər hansı bir  narahatçılığın olduğunu çox az ehtimal edirdim.

Bir axşam mənə dediyi:

─Səndən bir söz soruşacam, səmimi cavab ver: Əgər təyinatımı başqa bir şəhərə, rayona alsam, mənimlə gedərsən?–sözlərindən sonra gərginliyinin səbəbinin yalnız işi ilə bağlı olduğuna heç bir şübhəm qalmadı.

Düşünmədən:

─Hə, gedərəm, –demişdim.

Yaş fərqimiz, bəlkə də yaşadığı həyat tərzi ona görə bilmədiyim, görmək istəmədiyim gerçəkləri daha aydın göstərirdi. Məndən daha təcrübəli və dərin dünyagörüşünə sahib olan zabit asanlıqla vaz keçilməsi mümkün olmayan dəyərləri daha yaxşı anladığından sualının ciddiyyətini də dərk edirdi:

─Bəlkə sənə indi tələsik cavab vermək asan gəlir. Əslində çox ciddi sualdır. Seçim edərkən kimdənsə, nədənsə vaz keçməli olacaqsan. Bunu anlayırsan? Razılıq versən, daha “sən” və “mən” olmayacaq, “biz” olacaq. “Biz” uğruna təhsilini yarımçıq buraxıb, ailəndən ayrıla biləcəksən?

Düşünmədən, tələsik dediyim sözlərin ciddiliyini, məsuliyyətini yalnız indi anlayıb başımı aşağı salıb susdum. Ən yüksək balla Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcümə fakultəsinə qəbul olarkən çox böyük ümidlərim, xəyallarım vardı. İndi bir anın içində bir neçə ay tanıdığım insana görə bütün arzu və istəklərimdən imtina etməyə dəyərdimi?Həyatımda kiminsə olduğunu hiss etsə də, nədənsə üzümə vurmayan, hisslərimi, sirlərimi ona açıb danışacağım günü gözləyən anamı, az qala mənimlə nəfəs alan nənəmi qoyub gedə biləcəkdim?

Arzu və istəklərimdən asanlıqla vaz keçmək çətin olduğu kimi sevdiyim insanı itirmək qorxusu ilə də qarşı-qarşıya idim. Həmin an içimə dolan şübhələr də məni narahat etməyə başlamışdı. Öz-özümə düşünürdüm:

─İllərin zəhməti, əziyyəti bahasına tələbə adı qazandın. Adından, soyadından başqa heç nə bilmədiyin yaraşıqlı bir zabitə görə bütün arzu və istəklərindən vaz keçməyə dəyərmi, Afət?! Bəlkə səni aldadır… Heç yeddi ay deyil tanışsız…Dünənə qədər qınadığın qızlar kimi toysuz, nikahsız tanımadığın, bilmədiyin bir insana qoşulub qaçacaqsan? Sən başını götürüb getdikdən sonra yaxınların qohum-əqrəbanın, qonum-qonşunun dilində qalacaq. Kiməsə görə ailənə, əzizlərinə rəzalət hissini yaşatmağa dəyərmi?

Araya çökən sükutu Rauf pozdu. Sanki fikirlərimi oxuyurmuş kimi içimdəki narahatlıqları da hiss edib şübhələrimə, fikirlərimə aydınlıq gətirdi:

─Səndən nə istədiyimin fərqindəyəm. Həyatımda olmağını istərkən nələri qurban verəcəyini, hansı dəyərlərdən, arzu və istəklərindən imtina etməyə vadar etdiyimi də gözəl anlayıram. Əgər gələcəyini mənimlə görürsənsə, həmişə bir yerdə olmağımızı və heç vaxt ayrılmamağımızı istəyirsənsə, qərarını qətiləşdir, münasibətlərimizi rəsmiləşdirək. Hərbçi olduğum üçün ləngitməyəcəklər, ərizə ilə müraciət etdiyimiz günün səhəri nikahımızı kəsəcəklər.

Bir qədər əvvəl haqqında yanlış düşündüyüm üçün gözlərinə baxmağa utandım, nəzərlərimi döşəməyə dikdim. Barəsində necə pis düşünə bilərdim, axı. Məgər, bir insanı tanımaq üçün illər lazımdır? Qarşındakı insanın dürüstlüyünə, səmimiyyətinə şübhən olmadıqdan sonra, sadəcə qəlbin, ruhunla onu hiss etmək kifayət idi. Həmin an içimdəki səs Raufa inanmağı, heç vaxt ona şübhə etməməyi pıçıldayırdı mənə.

─Razıyam, –dedim,– Səninlə dünyanın hər yerinə gedərəm, yetər ki, yanımda ol, inamımı, etibarımı qırma!

Əlimi dodaqlarına yaxınlaşdırıb öpdü:

─Bizlərdə belə bir deyim var: Mən də zabit şərəfim üstünə and içirəm ki, heç vaxt ümidlərini, inamını qırmayacam! Etibarını, güvənini sındırmayacam! Sənə, sevgimə sadiq qalacam, xəyalımdan belə xəyanət keçməyəcək!

Gülüb:

─Deyəsən axı, qərar verməyə tələsdim bir az,–dedim. Təəccüblə üzümə baxarkən bəlkə də fikrimdən vaz keçdiyimi düşünmüşdü. Həmin an bir az onu gərgin vəziyyətdə saxlamaq istəsəm də, qərarımdan daşındım, –Əsas məsələni unutdum… Demək ki, bütün həyatımı hərbi nizamnaməyə uyğun yaşamalı olacam…

Ciddi və sərt təbiəti ilə seçilməsinə baxmayaraq, dəcəlliyimə, ərköyünlüyümə dözürdü, bəzən isə şıltaqlıqlarım kefini açırdı.

─Bax da! Nikah bağlamadan sözünü geri götürə bilərsən, hələ vaxt var…

─Yaxşı fikirdir! Bir daha təklifinizi düşünərəm, –deyib güldüm.

─Bütün yollar Romaya apardığı kimi, bütün fikir və düşüncələrin də onsuzda gec, ya tez səni mənimlə bərabər nikah masasına oturdacaq, xeyri yoxdur! –deyə göz vurdu.

Ardı var…

İlahə  İmanova  

Share: