Elə güclü duasan , Allahdan utanıram… Dinsiz olmağım gəlir! – Fərqanə Səfərli

 

YENƏ

Yenə durna qatarı,
Yenə sazaq bir hava,
Yenə Könlüm yön alır
O isti uzaqlara…
Yenə gün batımını gözləyir qamış səsi,
Bir də həsrət qoxuyan,
Kədərimin naləsi.
Yenə günəş gedəcək
Öz isti ocağına.
Yenə düşər qaranlıq
Yerin kor bucağına.
Yenə…
yenə burda mən –
Bir də azğın ümidlər,
Həm məni, həm özünü,
Xəyallara kilidlər

 

Sevgi valsı

Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə…
Gəl, üzümüz ölümə
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
gözümüzdən alışsın…
Tərləsin əllərimiz,
valsın şən notlarında.
Büdrəsin ayağımız,
zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi.
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini…

 

Sevgi formulu

Elə gözəl sevirsən,
Sənin sevgi formulun
Mənim hesabım olur!
Elə isti baxırsan,
Gözlərindəki işıq,
Həyat çırağım olur!
Elə narın gülürsən,
Qucaq açıb dərdimə…
Sənlə gülməyim gəlir.
Elə noğul qatırsan,
Gerçəklər yalan olur…
Nağıl olmağım gəlir!
Elə fitnə – fəsadsan,
Həqiqətdə alt yazın…
Dilsiz qalmağım gəlir!
Elə güclü duasan ,
Allahdan utanıram…
Dinsiz olmağım gəlir!!!

 

Könlüm

Könlüm, niyə dağınıqsan
Baharın son üfüqündə?!
Payız gəlib aparacaq
Səni baharın əlindən.

Təbiətin anasından
Şeir istə qələm, qələm.
O da sənə layla desin,
İlk baharlı günlərindən.

Ağla, kədərini bitir…
Boş qalmasın yanaqların.
Köklənsin yaz küləyinə,
Sənin azad qanadların!

Aram aram addımlama
Sürətiylə sev həyatı.
Mən aşiqəm… Söylə ona!
Xitabıyla bir bayatı…

Bir yaşıla bürünginən,
Bir al lalə açsın üzün.
Bir göyərçin sorağıyla
Sülh gətirsin sevgi sözün.

Könlüm, getmə uzaqlara,
Yaxınların gerçəyinə
Dözüm göstər…
davam gətir!
Baxıb köksünü ötürsün
Bircə cümləli alt sətir…

 

Mənim ümidlərim…

Mənim ümidlərim nağıl kimidir,
Biri var olanda, biri yox olur.
Gözütox, könlütox ağıl kimidir,
Göyün üç alması ona çox olur.

Mənim ümidlərim yarpaq kimidir,
BAHARDA cücərir, payızda solur.
Həm də biraz onlar uşaq kimidir,
Anasın görməsə gözləri dolur.

Mənim ümidlərim qarğış kimidir,
Bəzən tutur, bəzən məndən yan ötür.
Üstümə tökülən yağış kimidir,
Yağdıqca gözümdən ömrümə yetir

Mənim ümidlərim yalan kimidir,
Yalançı şahidlik edirəm ona.
Soyuqda istiyəm, istidə sərin,
Girirəm ondan ötrü dondan dona.

Mənim ümidlərim naxış kimidir,
Hörülür qəlbimin divarlarına.
Mən ona məhbusam, o mənə məhbus,
Öləndə azadlıq verəcəm ona…

Fərqanə Səfərli

Müstəqil.az

 

Share: