Düz 57 ildir ki, hərəkətdəyəm,yol gedirəm…

Axı Yer kürəsi yumrudur…

Düz 57 ildir ki, hərəkətdəyəm, gedirəm, amma hələ də Yer kürəsinin başına bir dəfə də olsun fırlana bilməmişəm. Bəs deyirdilər ki, Yer kürəsi yumrudur, kiminləsə üz-üzə gəlmək şansı həmişə var. Qəribədir, niyə onunla rastlaşmamışıq, bilmirəm. Ya da haradasa yanımdan ötüb keçib fikir verməmişəm. Nə isə, sözümün canı odur ki, bu dəfəki qəhrəmanımın haqqında geniş danışa bilməyəcəm. Etiraz etməsəydiniz, söhbətimi dostlarının onun haqqında söylədiklərindən sitatlar gətirməklə ərz edərdim. Məmməd Araz yadigarı, Aqil Abbasın ömür-gün yoldaşı, tanınmış jurnalist İradə Tuncay deyir ki;- “İlqarla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən İlqar hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. İlqarda qeyri-adi cazibə keyfiyyəti vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti olmaq istəyirdi. Onun cazibəsini heçnə neytrallaşdıra bilmirdi. İllər keçsə də İlqar hələ də bu cazibəni qoruyub saxlaya bilib.”

Yox, yox, söhbət sizin düşünüyünüz İlqardan deyil, İlqar Həsənovdan gedir. Ona İlqar Musayeviç də deyirlər. Həmkarı İttifaq Mirzəbəyli söyləyir ki: “İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi “fəxri vətəndaşı” statusunu qazanıb”.

Deyirlər, “Xalq qəzeti”ndə çalışır. Yaxşı yoldaşlığı, sadiq dostluğu, mədəni davranışı var. Üstəlik canlara dəyən adamdır. Şair, jurnalist Əli Nəcəfxanlı isə:- “Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu “Bakı” qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb. Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə- avqustun 24-də dünyaya gəlib. Düz 23376 gündür ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin! 23376 gün nədir ki? Vur-tut 64 il.”- söyləyir.

Arximedin yaxşı bir kəlamı var: “Mənə bir dayaq nöqtəsi verin ki, dünyanı yerindən oynadım.” Rəhmətliyin sözünə qüvvət, bircə dəfə onu görsəydim, yəqin ki, haqqında geniş danışa bilərdim. Amma ümid yeri var, hələ ki, o da, mən də gedirik. Ola bilsin ki, haradasa, nə vaxtsa üz-üzə gəldik. Axı Yer kürəsi yumrudur…

“I’m sorry” ,söhbətimi burada tamamlamaq məcburiyyətindəyəm. Hə, yaxşı ki, yadıma düşdü- avqustun 24-ü İlqar Həsənovun növbəti ad günüdür. Təbrik edirəm!

Elman Eldaroğlu

Share: