Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi qeyd olundu


Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan  Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub.

Müstəqil.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un konfrans salonunda baş tutan yubiley törəninin açılış nitqini söyləyən TÜRKSOY -un baş katibi Sultan Rayev TÜRKSOY-un qurulduğu 1993-cü ildən bu günümüzə qədər Türk dünyasının mədəniyyətinin və sənətinin təbliğ olunması üçün fəaliyyət göstərdiyini vurğulayaraq, hər il üzv ölkələrin yazarları tərəfindən qələmə alınan önəmli əsərlərin qardaş dillərə uyğunlaşdırılaraq çap olunmasını təmin etdiyini, TÜRKSOY-un Türk dünyası yazarlarını bir platforma ətrafında birləşdirmə özəlliyini daşıdığını vurğulayıb:

“Bu fəaliyyətlər nəticəsində Türk dünyası bir çox önəmli yazarı tanıma fürsəti tapmış, yazarlarımız Anadolunu Ata torpaqları ilə qovuşdurmuş, qədim mədəniyyətimizin əsintiləri    oxuculara qovuşmuşdur”.

Çıxışının davamında Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi qardaş ölkə Azərbaycanda olsa da mənəvi mərkəzinin Ankara olduğunu bildirən Rayev “Birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin çap olunmasına vəsilə olması, ədəbi-mədəni fəaliyyətlərdə və önəmli tədbirlərdə aktiv olması təqdir olunmalı haldır” deyib.

Yubiley tədbirində çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Dr. Şəmsəddin Kuzəçi: DGTYB olaraq təkcə Türkiyədən 20-ə yaxın kitab çap etdik, 35 şair və yazıçıya Türk dünyasına xidmət ödülü verdik. Türkiyənin bir çox tədbirlərində yer aldıq. 
2000-ci ildə Fizuli şeir yarışması ilə Türk Dünyası Şeir şöləni təşkil etdik deyərək, çıxışını TÜRKSOY -a təşəkkür etməklə yekunlaşdırıb.

Çıxış üçün söz alan DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə inamını ifadə edib. Əkbər Qoşalı çıxışının davamında Türkiyənin dünyadakı bütün türklərin vətəni olduğu kimi, TÜRKSOY-un da Türk dünyasının bütün mədəniyyət xadimlərinin öz evi olduğunu bildirdi. 25 illiyin bir bitmə yox başlanğıc olduğunu qeyd edərək, DGTYB -nin fəaliyyətinin davam edəcəyini, yeni nəsillərin təşkilatı daha da irəliyə aparacağını söylədi. 
DGTYB başqanı İntiqam Yaşar çıxışında 25 illik yubiley törəninin TÜRKSOY-un mərkəzi ofisində keçirilməsini əlamətdar hadisə kimi qeyd etdi.  Bütün türk coğrafiyalarından olan üzvlərlə fəaliyyətin davam edəcəyini, Türk dünyasını əhatə edəcək layihələrin davamlı olacağını söylədi.  TÜRKSOY-un bu kimi tədbirlərə ev sahibliyi etməklə Türk dünyası üçün bir mədəni körpü təmin etdiyini vurğulayıb.

Toplantıda söz alan DGTYB-nin Məsləhət Şurasının üzvü, professor Rəsmiyyə Sabir isə 25 il öncə heç bir maddi imkan olmadan sadəcə sevgi ilə yola çıxan birliyin bu keçən zaman ərzində qət elədiyi yolun təqdirəlayiq olduğunu söylədi.  O təşkilatın davamlı fəaliyyətinin hələ çox əlamətdar günlərə vəsilə olacağına inamını ifadə edərək, dahi şair Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” misraları ilə çıxışını yekunlaşdırıb. 

Toplantının panel bölümündə söz alan Avrasya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin çox ürəkaçan olduğunu bildirib.  O təşkilatın fəaliyyətini mütəmadi izlədiyini, görülən işlərin Türk dünyası üçün önəmli olduğunu bildirib. 

Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin “Yerlə göy arasında” , Əkbər Qoşalının “Altaylardan qopan atlar”, Şəmsəddin Kuzeçinin “Şeirlərim”, İntiqam Yaşarın “Adını çəkirəm” kitabları təqdim olundu. DGTYB və yeni çıxan kitablar haqqında Avrasiya Yazarlar Birliyinin başqanı dr.  Yaqub Öməroğlu, Dünya Söz Akademiyası başqanı Prof. Dr. Hayrettin İvgin və keçmiş millət vəkili, şair Mehmet Atilla Maraş Dünya Gənc Türk Yazarlar Birliyi və kitablar haqqında düşüncələrini bölüşüblər. 

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Rayevə, baş katibin yardımçısı Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə “25 illik” yubiley medalı təqdim olundu. Bundan əlavə TÜRKSOY-un Türkdilli topluluqlar ilə əlaqələr departamentinin müdiri dr. Cavid Mövsümlüyə  Xidmət plaketi ilə təqdim olunub. 

Bundan əlavə TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən Dr. Şəmsəddin Kuzəçi, prof.dr Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olunub. 

Tədbirə sənətçi Kaya Kuzunun ifası və kollektiv foto ilə yekun vurulub. ( Bakıvaxtı.az)

Share: