“Dosyenizi gördüm, vəziyyətiniz çox pisdir…” – Rəsulzadənin Stalinlə bağlı xatirələri

Müstəqil.Az Moderator.az -ın Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və “Xalq Cümhuriyyəti” ili ilə ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirə yazılarını silsilə şəkildə təqdim  edir. Bu dəfə M.Ə.Rəsulzadənin  “Həbsxanada Stalinlə başbaşa” yazısınıyayınlayırıq:
“Mətbəx”in yeni “müsafir”lərindən şəhərdə olub-bitənlər haqqında məlumat alırdıq. Bunlar şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəşf edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən yeni işğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaşma olmuş, bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökümətə qarşı qiyam hazırlarımışlar.
“Təşkilat” üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra Parlament, indi də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləşən bir dükan imiş. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmişlər. “Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə xitab olunurdu), arxamca gəlin dedi.
Saat 17 idi, axşamın bu gec saatlarında kameradan bu şəkildə götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır. Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun rəngi qaçdı, məlul və məhzun gözləri ilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım. O, titrək bir səslə xeyr-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli verirdim.
Mən öndə, gözətçi də arxada gedirdik. Qaranlıq koridorlardan keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaıt olsun deyə adətən gecələr lampa yandırılmaz) Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bir koridorla Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq etmişdi. Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram.
Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında ica boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır. Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:
– Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin-dedi.
– Bəli, tanıdım ( bir az dayandıqdan sonra), Koba-dedim.
Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi.
Pankratov çıxıdıqdan sonra mənə:
– Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq-dedi.
– Dünya belədir, hər şey ola bilər dedim-dedim.
– Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir,-dedi.
Mən bir ləhzə gözünün içinə baxdım.
– “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşünəcək qədə sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimizin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.
Stalin mövzunu əlüstü dəyişdirdi.
– Mən bunun üçün gəlmədim,-dedi. –Buraya gəlincə məhbub olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız dr.Nərimana söylədim,-dedikdən sonra sözünə davam etdi. –Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklif edir. Fəqət mən bu iki ehtimalın heç birini sizə rəva görmürəm. Siz əski mübbarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək-ki bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər-istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, daşının, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..
Stalinin “Rusiya” dan bəs açan rəsmi “müqəddimə”dən əski “mücadilə dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.
-Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, Koba, – dedim.
-Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, – dedi.
Bu cümlə ilə nəyə işarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı anlamazlar. Bunun üçün bir az təfsilat verim:
Şaumyan Sovet höküməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə kommissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda Şərqi Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə Böyük Ermənistan təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir dekretlə bu Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım Şaumyan 1918-ci ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs etmiş və “Müsavat” firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təbrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.
Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.
Stalinə dedim:
– Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz buraya indi də gəlməməli idiniz! Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə üçün” deyə soruşdu:
– Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz,-deyə soruşurdu.
– Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz,-deyə davam etdim.
Fikrimi bir misalla izah edərək əlavə etdim:
-Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet höküməti qururlar, bu necə olar?-deyə soruşdum:
– Bizdən bir daha yaxşı tətbiqat yaparlar,-deyə Stalin gülümsədi.
– Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə bilməzsinizmi?-cavablnı verdim.
Stalin mənalı bir baxışla üzümə baxdı… Bu baxışda rus xalqının ruhiyyatını mən daha yaxşı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düşündükdən sonra mövzunu dəyişdirdi.
-Yaxşı,-dedi,-olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.
– Sizin,-dedim,-burada Panktarovun bu masası başında bir heyət məni istintaq edirdi. İstintaqı idarə edən müstəntiq, fəhlədən yetişmə bir gənc idi. Məndən soruşurdu.
-Dağlarda dolaşırdınız, orda yaxalandığınız zaman nə düşünürdünüz?-deyə məndən cavab gözləyirdi. Ona:
-Hadisələri müşahidə ilə məşğul idim,-cavabını verdim. Qane olmadı. Məni daha da danışdırmaq istəyirdi, dedi ki:
-Necə ola bilər, Siz Müsavat hökümətinin ruhu idiniz, milli Azərbaycan höküməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi? Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir şey düşünmür, sadəcə, müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız?-deyə müstəntiq üzümə baxdı, ona:
-Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar,-cavabını verdim.
Onunla səmimiyyətlə əlbətdə ki, danışa bilməzdi; çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə düşünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danışan Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsl səbəbini izah edə bilərəm.
Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüz yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid etmək şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək lazım gəlirdi. Müstəntiqiniz anlamadığı şey bir “ətalət” deyil, bir “intizar” idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.
Stalin:
-Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz?-deyə soruşdu.
-Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq-dedim.
-Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüz idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazım,-ded; mən:
-Bu təqdirdə bizə yenə böyük olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox,-dedim.
Stalin güldü:
-Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?!-dedi.
Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hüriyyət”ə gətirdi. Bakıda qalmağma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim ki:
-Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində sağlam bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
-Yaxşı,-deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması münasibəti ilə anlatmış olduğumuzdan, içəri girən Pankratova:
-Bura bax, adamı qarnlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin,-deyə əmr etdi.
Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarım sevinc içində idilər. Abbasqulu arkadaşımın isə şadlığı intəhasız idi”.
Belə ha, demək gediş “xərvlənmə” gedişi deyilmiş!..
 
Mənbə: M.Ə.Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı

Share: