Daima irəli, KAPİTAN

Faiq BALABƏYLİ- 60

Hər bir yaradıcı insanın ilham mənbəyi mütləqdir, o cümlədən qələm əhli. Günümüzə qədər tanıdığımız, əsərlərini, bəlkə də, təkrar-təkrar oxuduğumuz şairlərin demək olar ki, ilham mənbəyini, əsərlərinin mövzu rəngarəngliyini yaxşı bilirik.

Nəsiminin ilham mənbəyinin uca Yaradan olduğu məlum olduğu kimi, Məhəmməd Füzulinin eşq, Hüseyn Arifin təbiət, Məmməd Arazın isə stimul nöqtəsinin Vətən olduğu hər birimizə bəllidir. Haqqında söz açacağım şair dostum Faiq Balabəylinin gənc yaşlarından dənizə olan sevgisi onu cazibə qüvvəsitək özünə çəkib.  Bu sevgisi onun ömrünün böyük bir qismini dənizlərdə keçməsinə səbəb olub. Okeanların, dənizlərin təlatümlü dalğalarını yara-yara üzən nəhəng gəmilərdə dalğaların ecazkar səsindən ilham alan dənizçi-şairin yazdığı əsərlərdə suların ahəngdarlığı öz əksini tapıb. Sahillərə tumar çəkən ləpələr Faiq Balabəylinin şeirlərində ekspozisiya, səmaya doğru can atan dalğalar isə kulminasiya nöqtəsidir. Gəmi kapitanının altmış yaşı olmağına baxmayaraq öz sevimli peşəsindən ayrıla bilmir.
Gəminin sükanı arxasında ruhunu alıb özüylə aparan, əl çatmayan dərinliklərə, gözlə görünməyən ümmana baxıb düşünür.


Beynində öz-özünə sual verir. Görəsən min illər öncə bu suların altında böyük şəhərlər olubmu? Nuhun tufanından əvvəl bu dərinliklərdə insan ayaqlarının izləri varmı?
Bir müdrik insan deyib:
Əgər xəyalların dərin düşüncələrə dalırsa nəyisə düşünüb həqiqət kimi yozursa, deməli insanın kod yaddaşına həkk olunan bir həqiqət var ki, bu genetik yaddaşdan gələn həqiqətdir.
Bəli, bu düşüncələr, bu xəyallar bir anın içində şeirə çevrilir və elə suların qoynundaca Faiq Balabəylinin yeni şeir-övladı dünyaya göz açır. Bəlkə də, bundan irəli gəlir ki, bələyi dənizin qırçın suları olan şeirlər elə sular kimi şəffaf, dalğalar qədər qüvvətli doğulurlar.
Bu il dənizçi-şairin 60 illik yubiley ilidir. Bu münasibətlə əziz dostumu səmimi qəlbdən təbrik edir və deyirəm :
– Hələ şeir-övladlarına ayrılacaq çox zaman, yarıb keçiləcək çox duman, lövbər salınası çox liman var. Dayanma, irəli, Kapitan…

Sükan arxasında, gəmi evində,
İz salıb dünyaya dənizlər qədər.
Suların səsindən alıb ilhamı,
Ömrünü, gününü verməyib hədər.

Keçib dalğaların sərt ağuşundan,
Şərqdə də, qərbdə də iz salıb gəlib.
Hansı limanlarda lövbər salıbsa,
Şeirdən, sənətdən söz salıb gəlib.

Bir əlində sükan, birində qələm,
Budur, ötüb keçir altmışıncı qış.
Geridə qoyduğun şair ömrünə,
dənizçi ömrünə, Faiq, min alqış…
Damət Salmanoğlu,
AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı,

Prezident btəqaüdçüsü

Share: