Cahangir Hacıyevin arvadının qaçırılmasına görə Qulini “Bandotdel”ə apardılar- Keçmiş məhbusun söhbəti…

Məlumdur ki, 2000-ci illərin ortalarında Qulinin “oğru” titulundan məhrum edilməsi ilə bağlı mətbuatda informasiyalar yayıldı, kriminal aləmdə bu xüsusda çox söz-söhbətlər getdi. Bu nə dərəcədə doğru idi? Burada Quli ilə Hikmət arasında olmuş davanın rolu vardımı?

Sabiq məhkumun izahatı:
“Xeyr, konkret bir “sxodka” olmamışdı ki, bu məsələ orada müzakirə olunsun və onu “oğru” adından məhrum etsinlər. Hikmət onu tituldan məhrum etmək istəyirdi desək, yalan olar. Üstəlik, Hikmət bayıra çıxandan sonra da onların arası yaxşıydı. Qulinin qəlbində kin-küdurət yox idi. Hikmətlə telefon vasitəsilə danışırdılar, zəngləşirdilər, bayramlarda bir-birini təbrik edirdilər. Hikmət türmədən çıxanda da görüşmüşdülər. Çünki oğru dünyasında belə şeylərə pis baxırlar. Deyirlər ki, oğru da heç küsülü olarmı? Ona görə də Qulinin başına gələn qalmaqallı hadisələrin Hikmətlə bağlanmasının heç bir əsası yoxdur.
2005-ci ilin əvvəlində 11-ci kolonda qiyam oldu. O biri tərəfdən Qulinin qardaşı Müşfiqi tutdular. Boksçu Farizi də tutmuşdular. Farizlə Qulinin yaxşı münasibətləri var idi, amma dost deyildilər. Bu proseslər üst-üstə düşdü. Qiyam Aydın Qasımovu işdən çıxarmaq üçün “torba” idi. Həmin vaxt onun bir-iki aya işdən çıxarılacağı deyilirdi. General öz işində-gücündə idi. Ona qalsaydı, qiyamı sakitliklə yatıra bilərdi, amma maneçilik törədənlər vardı.
Həmin vaxt Aydın Qasımov Qobustana gəldi. Quliyə dedi ki: “11 saylı türmədəki qiyamı yatızdır, sənin sözün keçər”. Quli də razılaşdı, amma dedi ki, iki şərtlə onu yatızdıraram: birincisi, heç bir məhbusun həbs cəzasının üstünə əlavə cəza gəlməyəcək, ikincisi, orada “vəziyyət” yaradılacaq. Aydın Qasımov demişdi ki: “Mən bunu edə bilmərəm, amma fikirləşərəm”.
Həmin günlərdə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin həyat yoldaşını qaçırdılar. Onda da söhbət yayıldı ki, onu Quli qaçırtdırıb. Belə bir şayiə yaymışdılar ki, guya Qulinin qardaşı Müşfiq həbs edildiyi üçün, Quli də bank rəhbərinin arvadını qaçırtdırıb. Biz bilirdik ki, bu yalandır, şərləmədir, amma onu da bilirdik ki, bu şayiə boşuna buraxılmayıb.
Ertəsi gün gəlib Qulini cəza çəkdiyi kameradan başına torba keçirib “Bandotdel”ə apardılar. Sonradan anlaşıldı ki, bunlar Hacı Məmmədovun oyunları olub ki, iz azdırmağa çalışıb. Qulini bu cür aparanda türmə əhli ayağa qalxdı, kütləvi narazıçılıq başladı. Sonra bildik, ardınca da Hacı Məmmədov tutulanda artıq bilindi ki, bu qada Qulidən keçdi.
Ümumiyyətlə o ərəfədə Quli üçün durum o qədər də xoş deyildi. Bir tərəfdən ona qarşı əlavə ittihamlar irəli sürülür, ikinci tərəfdən də “böyük qardaş” Hikmət Moskvada öldürülmüşdü. Belə bir söhbət yaymışdılar ki, Hikməti də Quli öldürtdürüb. Onun bu durumundan kriminal aləmdəki rəqibləri və bədxahları da yararlanmağa çalışırdılar və şayiə buraxırdılar ki, guya filan-filan “qrex”lərinə görə Qulinin titulu əlindən alınıb. Ancan bunun kim edib, nə vaxt edib? Bundan ötrü ayrıca “sxodka” olmalıdır, “oğrular” toplaşmalıdır. “Böyük qardaş” kimi tanınan nüfuzlu bir “oğru” məsələsi müzakirə olunan “oğru”nun qarşısına keçməli və deməlidir ki, sən daha qardaşımız deyilsən. Amma bunların heç biri olmadı.
Hikmətin öldürülməsini də Quliyə yapışdırmaqla xüsusi məqsəd ola bilərdi. Məclislərdə adlı-sanlı oğlanlar “Bilirsiniz də, Hikməti kim öldürüb…” deyə danışır, amma ad çəkməyə risk etmirdilər. Bu, ciddi məsuliyyət idi. Ancaq Hikmət öldürülən günün axşamı artıq bilinirdi ki, qətlin sifarişçisi kimdir. Bu, Hikmətlə yaxınlığı olan o dövrdə Rusiyanın bərkgedən biznesmenlərindən biri idi. Onlar çox yaxın idilər, ancaq sonra aralarında nə baş verdisə, nə oldusa, o, Hikmətdən yaxa qurtarmağa çalışdı və bunu bacardı. O, adam işin altından yaxşı çıxdı, onun adını çəkən olmadı və yoxdur. Hikmətin qətlinin üstü hələ də açılmayıb, yəqin ki, açılmayacaq da”.
Yazının davamı var…
 
Vasif Əlihüseyn 
Mənbə: Munis Yusifoğlunun “Mən Quliyəm” kitabı.

Share: