Türk Yurdu: QIZIL SU. KRASNOVODSK. TÜRKMƏNBAŞI

Xəzərin sahilində Quba dağın ətəyində nəhəng beyəlxalq liman şəhəri. Vaxtilə Qızıl Su körfəzində (indi Krasnovodskiy zaliv) kiçicik kənd olmuşdur. Şəhərin yerləşdiyi Qızıl Su boğazı dənizdən Qızıl Su və Çələkən dili ilə ayrılmışdır. (1, 541) Bu boğaz tünd çəhrayı rəngdə olduğundan adını da buradan almışdır. Hazırda adı Türkmənbaşı olan şəhər Balkan vilayətinə daxildir. Vilayət Ulu Balkan dağları boyunca uzandığından eyni adı daşıyır.

1715-ci ildə I Pyotrun Xəzərboyu yürüşü ərəfəsində göndərdiyi ekspedisiyalar zamanı artıq xəritədə öz türk adının tərcümə olunmuş variantında – Krasnovodsk kimi qeyd olunmuşdur. Qeyd: xaçlanana qədər əsl adı Dövlət Gəray olan, Pyotrun Mərkəzi Asiyanın fəthində böyük ümid bəslədiyi Aleksandr Bekoviç Çerkasski Xəzərin şərq sahillərinə çıxmış, üç yerdə gizli qala tikdirmiş – o, buradan ehtiyatla zəngin  şəhər saydıqları Xivəyə yürüş edəcəkdi. Lakin səfər ərəfəsində vaxtsız ölümü ilə (1717) bu tədbir gecikir. Qala Xivə, Buxara xanlıqlarına yürüşlərdə və Türkmən köçərilərinin hücumlarına qarşı əməliyyatlarda baza rolunu oynayacaqdı(2,597). Qalalardan biri burada-Qızıl su boğazında – Şahadam adlanan köhnə su quyusu üstündə salınmışdı.

Ruslar bir də burada 1869-cu ildə görünür. General Stoletov həmin qalanı bərpa edir. Qızıl Su adı da tərcüməsi ilə Krasnovodsk kimi rəsmiləşir.   (Bu ad 1869-dan 1993-ə kimi yaşayır).  Bütün Xəzərboyu Rusiyanın idarəsinə keçdikdən sonra general N.Q.Stoletovun rəhbərliyi altında hərbi qala dəniz limanı şəklində də yeniləşdirilir(1,541). Bura hərbi məmurları köçürülür, tezliklə erməni tacirləri burada əsaslı şəkildə məskunlaşırlar.

İgid Təkə Türkmanları  General Stoletovla dəfələrlə qızğın döyüşlərə girmişdi. (Qeyd: Stoletov Nikolay Qriqoryeviç (1834-1912) rus hərbi xadimi. Kırım müharibəsinin (1853- 1856), Rus-Türk müharibəsinin (1877-1879) iştirakçısıdır. Qafqazın, Xəzərin Şərq sahillərinin, Türküstan ölkələrinin istila olunmasında mühüm rol oynamışdır.)  Qızıl Su, Asxabad (Aşqabad), Göytəpə vuruşlarında igid  Təkəlilərin hər dişin altında sınmayan kənək qoz olduğunu görmüşdü. Təsadüfi deyil ki bu işğalçı müharibə rus dilli ədəbiyyatlarda “Təkə savaşı” (Tekinskaya voyna) deyə keçir.

1896-cı ildən bura dəmiryolu çəklişilə şəhər inkişafa qədəm qoyur. Bakı ilə geniş ticarət və mədəni, həmçinin sıx sosial əlaqələr saxlayan və günü-gündən böyüməkdə olan Krasnovodsk Azərbaycanda Təzə Şəhər adlanırdı. Bakıda sahildən başlayan (köhnə limandan) böyük bir küçənin də adı Krasnovodsk olmuşdur. (İndi Səməd Vurğun küçəsi adlanır) Bu küçə Bakının о zamankı dəniz limanına bağlandığına görə bir xatirə ad daşımaqda idi. 1962-ci ildə Bakı ilə Orta Asiya ölkələrini birləşdirən dəmiryolu bərəsi işə salınmış, əlaqələr möhkəmlənmişdi. Atrek çayı üzərində (Xəzər dənizinə axır) “Qızıl Su” qoruğu yerləşir və şəhərin qədim adının yadigarı sayıır.

Minə xanım Təkləli Nuriyeva
Professor

 

  1. Энциклопедический словарь Брокгауза и Ефрона: (в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
  2. В. Г. Ян. Голубые дали Азии: путевые заметки. М.: Советский писатель, 19853Təzə və köhnə Kızıl Su

 

Türkmənlər

 

Dəmryolu vağzalı

Türkmənlər

 

Share: