Cəlilabadda Sevil Gül Nurun şəhidlər haqqında yazdığı “Şəhadət sarayı” adlı kitabının təqdimat mərasimi keçirildi

May ayının 25-də Cəlilabad rayon Yaradıcılıq Mərkəzində Sevil Gül Nurun Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş igid oğulların həyat və döyüş yolundan bəhs edən “Şəhadət sarayı” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısınım müavini Elnarə Həsənova ilə yanaşı, aparatın digər əməkdaşları, mədəniyyət işçiləri,qələm əhli, ziyalılar, şəhid ailələri və Qarabağ qaziləri iştirak edib.
Tədbiri açıq elan edən kitabın redaktoru şairə-publisist Nəcibə İlkin qonaqları salamladıqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Kitab haqqında geniş məlumat verən Nəcibə İlkin şəhidliyin müqəddəs zirvə olduğunu, qəhrəmanlarım keçdiyi ömür yolunun nə qədər şərəfli olmasından danışdı. Sonra kitabın müəllifi Sevil Gül Nur çıxış edərək qonaqları salamladı, gəldikləri üçün təşəkkür etdi və kitabın yanvar ayında çapdan çıxması səbəbindən aprel ayında şəhid olmuş Cəlilabad rayon Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlunun adının kitabda olmaması barədə məlumat verdi.
Çıxışında belə tədbirlərin daha müntəzəm keçirilməsini qeyd edən müəllif bu təqdimatın keçirilməsində köməklik göstərdiyi üçün Elnarə xanıma xüsusi təşəkkürünü bildirdi. Sonra şəhid və qəhrəman ailələrinə söz verildi. Onlar övladları haqqında olan bu kitab barədə xoş sözlərini deyib müəllifə təşəkkür etdilər. Qələm əhli kitab haqqında müsbət fikirlər söyləyib hər bir yazarın bu mövzuda kitab yazmasının vacibliyini vurğuladı. Tədbirdə Lənkəran şəhər milli qəhrəmanlar icmasının sədri, milli qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Biləsuvar rayon şəhid ailələri və Qarabağ veteranları icmasının sədri Bəhruz Əliyev, Qarabağ qazisi Maşalla Əliyev də çıxış edərək müəllifə yaradıcılıq uğurları arzuladılar.
Kitabın hazırlanması üçün müəllifə informasiya və təşkilati dəstək göstərən Xəqani Məmişov bunu özünün vətəndaşlıq borcu olduğunu qeyd etdi və müəllifə yaradıcılıq uğurları arzuladı. Gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov “Şəhadət sarayı” kitabını ərsəyə gətirdiyi üçün müəllif Sevil Gül Nuru Fəxri Fərmanla təltif etdi. Daha sonra icra başçısının müavini Elnarə Həsənova çıxış edərək özünün də hərbçi ailəsində böyüdüyünü, bu mövzunun ona nə qədər yaxın olduğunu bildirib şəhidlərimizə rəhmət dilədi.
Sonda müəllif qonaqlara imzalı kitabını hədiyyə etdi.
Müstəqil.Az

 

Share: