“Bu balaca dünyada kim tapdı, “heç nə” tapdı….”- Bəhruz Xəlil

Müstəqil.Az istedadlı şair Bəhruz Xəlilin yeni şeirlərini təqdim edir:
Bu balaca dünyada…
Ana bətnindən itib, qız qollarına düşdüm-
Adəmin torpaq rəngi mənim bəxtimə hopdu.
Futbol topu boydadı, elə də böyük deyil
Bu balaca dünyada mən özümü itirdim
Bu balaca dünyada kim tapdı, “heç nə” tapdı.
 
İndi də düşünürəm:
Uzun yaşamaq üçün, daha az yatmaq gərək.
İndi də düşünürəm:
Az yaşamaq lazımdır, bu zəhrimar taleni..
Bu sıxıcı günləri niyə uzatmaq gərək?!
 
İndi pəncərədən, həyətə baxmaq kimidir
Eynək taxıb günəşə baxmaq yer kürəsindən.
Harası yaxşıdır ki, harası bu dünyanın?
Harasına gedəsən, çıxasan harasından?!
 
 
Könül
Nə ki mövcud olub eşqdir, gerisi qəmdi, könül
Gəl ki qəmin özü də eşq ilə həmdəmdir, könül.
 
Eşqi öz əhlinə sor, sirrini cahil bilməz
Eşq bir damla sudur, nuş elə, məlhəmdi, könül.
 
Surətin şükr ola ki, ay misalı, nur saçır
Ürəyindən nə xəbər var? – eşqdən kəmdi, könül..
 
Bəhruz, mənə anlatma bu zahirdəki çırpıntıları
Ürəyin ritmini anla, ki içib, dəmdi könül..!
 
 
Saxladım döş qəfəsimdə azacıq isti nəfəs
isidər bəlkə nə vaxtsa buz olan yoxluğunu.
 
Qayıdardın mənə, yol tapmamısan zənnimcə
Yıxıram boynuna ətrafda adam çoxluğunun.
 
 
Dərdlər
Dərdlər bulud kimi başımı alıb,
Günəş yandırmasın qol-budağımı.
 
Sən də uzağlardan gələn yaxınım,
Sən də, uzaqlardan gələn yaxınım:
Sənin yaşadığın o uzaqlarda,
Bu dərdsə ikinci mən yaşayırmı?!
 
Tanrının kürəyi bilirəm deyə,
Astaca basıram mən ayağımı,
Torpağa basdıqca hər ayağımı!
 
Sən də uzaqlardan gələn yaxınım,
Sən də uzaqlardan gələn yaxınım:
Otuz il yaşamaq çox olmadı ki?!
Dedin qurtaracaq, yox olmadı ki!
Dərd-qəm biçilibdi boyuma mənim!
 
 
Qapqara buluddan..
Qapqara buluddan yağan ağ damcı yağışlar
Həsrət dolu günlərdə vüsal dəmi bağışlar.
 
Torpağla yaranmışları torpağlara qoysun
Ruhsuz bədənin bükməyə ağ parça qarışlar.
 
Sanki həyat ağlar qaralar üstə qurulmuş
Hər kəsdə düşüb eynidir əvvəl və sonuclar.
 
Yerdən əlin üzmüş,soyuq evdə üşüyərkən,
Od saldı cana xeyli sönük,buzlu baxışlar.
 
Yerlərdə ovutmur daha Bəhruz səni heç nə,
Xoş nəğmə gətirmiş yerə,göydən qara quşlar.
 
 
 
 
 
 
Share: