Cəlil Cavanşir – Qapını bağlama, gələn olacaq…

Bir şeir rublikası…

 

sən elə bilirsən,

məni tərk etsən

göy üzü çökəcək, ulduz axacaq

gecə düşməyəcək,

gün doğmayacaq?

gör kimlər tərk edib, unudub, atıb

eh, hardan biləsən səndən öncə də

bunu yaşamışam

bir az darıxıb

sonra alışmışam bu get-gəllərə.

bilirsən,

əvvəl də gedən çox olub

gör kimlər ağladıb,

kimlər ovudub.

sonra peşman olub geri dönənlər

arxamca qan-qarğış edən də olub

ürək üzü bərkdir, çoxdan unudub…

çoxdan unudulub

çıxıb gedənlər…

sən də hamı kimi çıxıb gedirsən

nə fərqi

kimsə var,

ya kimsə yoxdu.

bizdə qadın çoxdu kişi sayından

bir də nə fərqi var sevənim çoxdu?

Vallah, vicdan haqqı

inan sözümə

hələ ki, yerinə namizəd yoxdu…

gedirsən,

bu qədər kandarda durma

qapını tez bağla

hava soyuqdu…

məndən gedənlərdən xəbər al,

soruş.

yaman laqeyidəm

etibarsızam.

“yaman unutqanam,

ürəyi daşam.”

sənə deyəcəklər necə adamam.

sənə deyəcəklər necə “oğraşam”.

mən yorğun adamam, bağışla, çıx get

çıx get,

nə qədər ki, ağlamamışam.

sən elə bilirsən bütün şairlər

içir,

tənha qalır,

sonra ağlayır?

sən elə bilirsən tərk edilənlər

dəbdən yox,

dərdindən saqqal saxlayır?

sən elə bilirsən,

həzin mahnılar

sənin boşluğunu doldurmayacaq?

elə bilirsən ki, daha bu evdə

heç kəsə şeirlər oxunmayacaq?

vallah,

vicdan haqqı,

narahat olma.

vallah düz sözümdü, çıx get, yubanma

məni xoşbəxt etmir birlikdə olmaq

mənim ki, yalqızlıq,

təklikdi ancaq.

bir də qadan alım

açarı qoy get,

qapını bağlama,

gələn olacaq…

Share: