Bütün analar “ANA” kəlməsindən cavandır…

 

Solmaz xanımı yəqin ki, unutmamısınız. Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəridir.

Bir vaxtlar mavi ekranlarda tez-tez görünərdi. Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin ömür-gün yoldaşıdır.

Deyir ki,- “Son illərin statistikasına görə Azərbaycanda hər qurulan 5 ailədən biri dağılır. Bu olduqca ciddi problemdir. Ailə dağılanda, təkcə ailəyə yox, cəmiyyətə də zərər dəyir. Biz sosial çarx çəkmişik, o çarxda ailə münaqişələrinin səbəbləri göstərilir və o problemlərdən biri də erkən nikahdır. Erkən evliliyin çox ciddi fəsadları var. Bu problemə daha çox regionlarda rast gəlirik”.

Bu problem onu çox narahat edir. Yaradıcısı olduğu ictimai birliyin xətti ilə çalışır ki, bacardığı qədər maarifləndirmə işləri aparıb həmin problemin həllinə dəstək versin.

“Əgər biz qız uşaqlarımıza ailə dəyərlərini izah edə bilmiriksə, onların gələcəkdə dəyərli ana olmağına zəmin yarada bilmiriksə, onlara doğru tərbiyə verə bilmiriksə, bu gələcəkdə ailənin, cəmiyyətin probleminə çevrilir. Bu da dolayısı ilə gətirib ailələrin dağılmasına çıxarır.”- söyləyir.

Çox mehriban xanımdır. İnsanları sevməyi bacarır. İnsanlığa böyük dəyər verir. Bəşəriyyətin problemlərinə biganə qala bilmir…

Deyir ki,- “Dinimizdə səbir deyilən böyük bir anlayış var. Ailə quran qadınlarda, gənc analarda səbir olsa, təxminən 3 il sonra onlara bu gün problem kimi görünən şeylər əslində problem olmayacaq. Mən qız uşaqları ilə bağlı problemləri ailə ilə bağlayıram. Çünki qız uşağı ailədən gəlir, ailə qurur, ana olur və s..”

Allaha məhəbbəti sonsuzdur. Onun buyurduğu kimi yaşamağa önəm verir. İbadətdən zövq alır. İslam qaydalarına əməl edir.

“İslamda həm qadınların, həm kişilərin, həm də uşaqların üzərinə düşən vəzifələr Allah tərəfindən çox gözəl müəyyənləşdirilib. Biz bu dəyərləri olduğu kimi övladlarımıza çatdıra bilsək, onları bu dəyərlərlə tərbiyə edə bilsək, inandırıram sizi heç bir problem olmaz. Biz bu dəyərləri uşaqlara vermədən cəmiyyətə buraxırıq”- söyləyir.

Bəli, bugünkü söhbətimin qəhrəmanı Solmaz Baba qızı Əmirlinin xidmətləri danılmazdır. Bütün ömrü boyu gözəl işlərlə məşğul olub. O, 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, sonra Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərib. Daha sonra həyatını Azərbaycan Dövlət Televiziyasına bağlayıb. O, burada redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb, “Xəbərlər”, “Günün ekranı” proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik “İslam, olduğu kimi…” proqramının müəllifi və aparıcısı olub. 2003-cü ildən “Space” radiosunda dinləyicilər tərəfindən çox sevilən, müəllifi olduğu dini-maarifləndirici “Ünsiyyət” proqramında aparıcılıq edib. Onun təşəbbüsü və rəhbərliyi ilə qurulan “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2008-ci ilin mart ayında dövlət qeydiyyatından keçib. Hal-hazırda Solmaz xanımın sədrliyi ilə ictimai birlik milli-mənəvi dəyərlərin qorunması və yaşından asılı olmayaraq insanların maarifləndirilməsi istiqamətində geniş fəaliyyət göstərir, bir-birindən maraqlı layihələr həyata keçirir…

Göründüyü kimi, bu gün- iyunun 9-u Solmaz xanımın 75 yaşı tamam olur.
Bu yaşda olan ANA NƏNƏ olsa belə xanım-xatundur. Axı “ANA” kəlməsi bu adı daşıyan bütün ANA-lardan çox, lap çox əvvəl yaranıb. Ona möhkəm cansağlığı, uzun ömür arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Share: