Bunun özü gələcək seçkilər üçün ən yaxşı hazırlıqdır – Yunus Oğuz

“Mənim ideoloji platformam var və onun həyata keçməsi üçün ictimai rəyə çatdırmaq lazımdır”

“Çünki bu platforma çox gərəklidir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirən məsələdir”

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Namizədliyini irəli sürmüş şəxslərdən biri də “Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuzdur. Yunus Oğuz öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. O, 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyasının sədri olub. Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. İndiyədək 16 nəfər namizədliyini irəli sürüb.

Olaylar.az  “Sherg.az”-a istinadən  xəbər  verir ki,namizədliyini irəli sürməsi ilə bağlı  Yunus Oğuz deyib ki, növbədənkənar prezident seçkisi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrə təsadüf edir. Onun sözlərinə görə, əvvəlki seçkilərin heç biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu dövrdə keçirilməyib:

“Ən azı tarixə düşmək üçün gələn il keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etməyin özü şərəfdir. Mənim ideoloji platformam var və onun həyata keçməsi üçün ictimai rəyə çatdırmaq lazımdır. Çünki bu platforma çox gərəklidir və Azərbaycanın gələcək taleyini müəyyənləşdirən məsələdir. Hər halda normaldır ki, Azərbaycan vətəndaşı kimi prezidentliyə namizədliyimi verirəm. Özü də partiya üzvlüyü ilə yox, fərdi qaydada namizədliyimi irəli sürürəm. Partiyamız fəaliyyətini dayandırıb. Namizədlərin çoxluğu ondan xəbər verir ki, əqli və psixoloji tarazlığı pozulmayan istənilən vətəndaş seçkidə namizəd ola bilər”.

Y.Oğuz hələlik imzatoplama mərhələsində olduqlarını söyləyib: “Seçki Qərargahımız, səlahiyyətli nümayəndələrimiz var. Proses gedir, hələ 10 gün vaxtımız var. İmzalar toplanıb MSK-ya veriləndən sonra neçə namizədin təsdiqlənəcəyi bəlli olacaq. Namizədliyini irəli sürənlərin sayının çoxluğu müstəqil dövlətdə demokratiyanın və söz azadlığının təntənəsi kimi başa düşülür. Namizədliyi təsdiqlənənlər öz sözlərini, fikirlərini deyəcək, təbliğatlarını aparacaqlar. Hər kəs öz potensialını göstərə bilər. Ən azı fikirlərimizin lokomotivi, trendi nə olacaq, bunu cəmiyyətə, siyasi aləmə və dünyaya çatdıra bilərik”.

Y.Oğuz  vurğulayıb ki, seçki təbliğatı televiziya, qəzet və saytlar, həmçinin sosial şəbəkələr üzərindən həyata keçiriləcək: “Təbliğatımızı bunlar vasitəsilə aparacağıq. Nə mümkündürsə, edəcəyik”.

Yunus Oğuz seçkidə namizədlə iştirak etməyən bəzi partiyaların “biz resurslarımızı parlament, bələdiyyə seçkisinə saxlamışıq” fikirlərinə də münasibət bildirib: “Mən bu cür açıqlamaları qənaətbəxş hesab etmirəm. Partiyalar növbədənkənar prezident seçkisində iştirak etməklə eyni zamanda parlament və bələdiyyə seçkilərinə də hazırlıq görmüş olarlar. Öz komandalarını yenidən gözdən keçirərlər, rayonlarda, kəndlərdəki vəziyyətlə tanış olarlar, kimlərin onlara dəstək olacağını, səs verəcəyini görərlər. Bunun özü gələcək seçkilər üçün ən yaxşı hazırlıqdır. 40-45 min imza toplamağın özü ağır prosesdir. Məsələn, partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunurdu. İndi bəziləri deyir ki, 5 min üzv toplaya bilmədilər, partiyanı buraxdılar. Bizim partiyanın bununla bağlı problemi yox idi, özümüz qərar verərək fəaliyyətimizi saxladıq. Düşünürəm ki, partiyaların seçkilərdə iştirakı vacibdir. İnsanlarla görüşmək, onları inandırmaq lazımdır ki, adamlar sizə etimad göstərsinlər və qarşıdakı parlament, bələdiyyə seçkilərində səs versinlər. Başa düşürəm, vaxt azlığı oldu. Amma indi dünya qaynayır. İndiki dövrdə prezident seçiləcək şəxsə 7 illik mandat veriləcək. Azərbaycana etibarlı geosiyasət lazımdır”.

Share: