Bu yaşda anamı istəyirəm mən! – Fuad Biləsuvarlı

 

Müstəqil.az şair Fuad Biləsuvarlının şeirlərini təqdim edir:

Sədaqət anamızın işıqlı, unudulmaz, əziz xatirəsinə…Ruhu şad olsun!
 
Ay Ana!
 
Qəbrinin üstünə gəlib gizlicə,
Elə ağlayıram sənsiz hər gecə.
Ömrü yaşamıram heç də könlümcə,
Canım sənə qurban ana, ay ana!
 
Böyütdün sən məni ərköyün, çılğın,
Sənsiz qəmli-qəmli, gəzirəm dalğın.
Elə fikirliyəm yorğunam, yorğun,
Canım sənə qurban ana, ay ana!
 
Dünyanı tərk etdin məndən nigaran,
Getdin ürəyimdə sağalmır yaram.
Yaxşı ki, yerində mən bu gün varam,
Canım sənə qurban ana, ay ana!
 
Ömrünün günəşi tez qürub etdi,
Səndən sonra həyat bizimçün bitdi.
Sənsiz ömrün-günün mənası itdi,
Canım sənə qurban ana, ay ana!
 
Ay sədaqətli, gözəl, Sədaqət anam,
Mənə yadigarın saf ismət anam.
Sən bizə bəxş etdin nəzakət anam,
Canım sənə qurban ana, ay ana!
 
Əlinin sığalı saçıma dəymir,
Taleyim xoşbəxtlik donunu geymir.
Məni heç bir kəsim sənintək öymür,
Canım sənə qurban ana, ay ana!
 
Ana!
 
Uşaqlığa qayıdıb kaş anamla qalardım,
Qucaqlayıb boynunu istədiyin alardım.
Xoşbəxtlərin içində mən də xoşbəxt olardım,
Amma bunlar bir xəyal, bir istəkdi can Ana!
 
Hər uğruma heyrətlə baxıb gülən sənim yox,
Sən gedəndən bəxtimdə ağ, bəyazlı günüm yox.
Elə bil ki,quruyub damarımda qanım yox,
Yaşamıram dünyanı səndən sonra mən Ana!
 
Çox hökümlü,zəhimli baxışların var idi,
Bircənidim uğruma alqışların var idi.
Yollarıma düzülən naxışların var idi,
Ölümünlə öldürdün məndə canı sən Ana!
 
Xəstə olcaq verərdin bir zoğallı çayımı,
Nəfəsinlə görərdim sərt qışımda yayımı.
Qucağına almadın məndən nəvə payını,
Qismətində olmadı o dəyərli gün Ana!
 
Fikirlərim səninlə ortaq idi, tən idi,
Gözlərinlə dünyaya baxan gözüm şən idi.
Yeməyim də ağzımda ləzzət idi, tam idi,
Səndən sonra sənsiz yox damağımda tam Ana!
 
Yoxluğundan dərd tapdım, dərdin adı vərəmdi,
Ana deyib dağları dələn ahım-naləmdi.
Qoyub getdiyin qızın dərd gölündə çiməndi,
Lap axrıma çıxıbdı qüssə, kədər, qəm Ana!
 
Sənin sağ olmağına ehtiyacım var necə,
İllərdi ki, möhtacıq xoşbəxtliyə sevincə.
Nolar axı yuxuma gecələr gəl gizlicə,
Yuxularda başıma dolanaraq, dön Ana!
 
İki oğlun mən qızın, gecə, gündüz, hər axşam,
Fikirlərin içində hətta çaş-baş qalmışam.
Sən rəhmətə gedəndən süfrəmizdə yanmır şam,
İndi məzarın üstə yandırırıq şam Ana!
 
 
Anadır!
 
Baxışları günəş saçan nurdu, nur,
Nə hikmətdi analarda bu qürur!
Göydə bizim Allahımız – tək Odur,
Yerdə bizim Allahımız – anadır!
 
Şahanədi danışanda, güləndə,
Qucaq açır övladını görəndə.
Səcdə qılaq anamıza hər yerdə,
Yerdə bizim Allahımız – anadır!
 
Rahatlanmaz gözümüzdə yaş görsə,
Çox darıxar işimizi çaş görsə.
Kefi olmaz yolumuzda daş görsə,
Yerdə bizim Allahımız – anadır!
 
Qayğısını əsirgəməz övladdan,
Ac qalsa da, saxlayar öz payından.
Bir vətəndən yoxdu, bir də anadan!
Yerdə bizim Allahımız – anadır!
 
Hər bir ana – mənim əziz anamdı!
Onlar mənim nəfəsimdi, duamdı!
Varlığımdı, xoş xəyalım, röyamdı!
Yerdə bizim Allahımız – anadır!
 
Hər evdən kaş gəlsin ana nəfəsi,
Quran surəsidi – Ana kəlməsi.
Fuad agah edir indi hər kəsi,
Yerdə bizim Allahımız – anadır!
 
 
Bu yaşda anamı istəyirəm mən!
 
Qaranlıq gecəmdə çırağım olan,
Həm Məkkəm, Mədinəm, ocağım olan.
Ən çətin günümdə dayağım olan,
Bu yaşda anamı istəyirəm mən!
 
Gözümə görünür xəyalı, üzü,
Odur həyatımın günü, gündüzü.
Ömrümün günəşi, sönməz ulduzu,
Bu yaşda anamı istəyirəm mən!
 
Əlimdən tutaraq gəzdirsin yenə,
Yeməklər bişirsin əliylə mənə.
İllərdi həsrətəm o aya, günə,
Bu yaşda anamı istəyirəm mən!
 
Duası açırdı yolumu hər an,
Vallah, bəsim idi deyəndə ay can.
Hər vaxt qulluğumda səbirlə duran,
Bu yaşda anamı istəyirəm mən!
 
Əlimi çatdırdı şöhrətə, ada,
Nə qədər sağ idi çatırdı dada.
Yanımda olanda görmürdüm qada,
Bu yaşda anamı istəyirəm mən!
 
 
Analar ölümsüz! Analar ölmür!
 
Göylərdə əbədi bir məskən seçib,
Ruhuyla Allahın yanına köçüb.
Son dəfə bizləri öpərək, qucub,
Analar ölümsüz! Analar ölmür!
 
Doqquz ay bətnində gəzdirir bizi,
Bizləri yedirdir, ac qalır özü.
O elə qüvvədi, deyirəm düzü,
Analar ölümsüz! Analar ölmür!
 
Bir göz qırpımında övlad dadına,
Yetərək övladın yanır oduna.
Yer üzü baş əyir ana adına,
Analar ölümsüz! Analar ölmür!
 
Möhtəşəm əsərdi ana laylası,
Ana tək övlada varmı yanası?
Quran ayəsidi, ana duası,
Analar ölümsüz! Analar ölmür!
 
Bəxtindən çox sınaq, çox acı görüb,
Kişi tək çətinə o sinə gərib.
Cənnəti ayağı altına sərib,
Analar ölümsüz! Analar ölmür!
 
Odur yer üzünə nurlu çıraqban,
Sağlıqda qədrini bilməli insan.
Ruhu qoruyacaq bizləri hər an,
Analar ölümsüz! Analar ölmür!
 
Gərək ki, övladlar bunu qanalar,
Mənim sözlərimə çox inanalar.
Göydə Allah diri, yerdə analar,
Analar ölümsüz! Analar ölmür!
 
Qulaqlara sırğa edə bilərsiz,
Hüzruna qul kimi gedə bilərsiz.
Siz də mənim kimi deyə bilərsiz,
Analar ölümsüz! Analar ölmür!
 
Ananın əlinin təsirin gör də,
Bir ana sığalın ödəməz pir də.
Açın qulağızı eşidin bir də,
Analar ölümsüz! Analar ölmür!
 
Qəlbləri məşəldi, od, ocaqdılar,
Duman, çən görməyən uca dağdılar.
Cismən ayrılırlar, ruhən sağdılar,
Analar ölümsüz! Analar ölmür!
 
 
Ana!
 
Siması işıqlı,
Üzü nurlu,
Dağlar kimi vüqarlı,
Bala dərdindən saçları qarlı,
Əhdə düz,
Namuslu, arlı,
Vicdanlı, düz ilqarlı –
Ana!
Ərsiz,
Ər kimi yaşayan,
Zərif,
Çiynində dünyanı daşıyan,
Övlad üçün lap ölüm şərbəti içən,
Canından keçən,
Kipriylə od götürməyə hazır olan,
Vaxtsız yaşa dolan
Ana!
Ana!
Ana!
 
 
 
 
AYB üzvü – Prezident mükafatçısı, nəğməkar şair
Fuad Biləsuvarlı
Share: