İki günlük “Qarın davası…” – Meyxoş ABDULLAH yazdı

2016 – cı ilin aprel ayında qanlı bir döyüş oldu. Və xalqımızın yaddaşında bu, döyüş “Şanlı Aprel döyüşü” kimi yadda qaldı. Hətta, hərbi ekspertlərin dediyinə görə, bu döyüş Rusiya tərəfindən dayandırılmasaydı, qoşunlarımız iki gündən sonra ermənistana girəcəkdilər.

Deyilənə görə, döyüşün nəticəsini bu cür gözləməyən, Rusiya prezidenti Putin, Azərbaycan prezidenti İlham Əliyevə şəxsən özü telefon açaraq: – “Siz qırmızı xətti, artıq keçdiniz, dayanın!!!…” – deyə, sərt bir mesaj vermişdi.
Bu mesaj, əslində neçə əsrlərdir ki, erməni havadarları tərəvindən bizlərə ünvanlanır. Və bunun nəticəsidir ki, zaman-zaman torpaqlarımız beləcə, canımızdan, qanımızdan qopardılaraq onlara verilir.
Hə, qayıdıram, o günlərə, 4 aprel günlərinə. Həmin o günlərdə bütün Azərbaycan xalqı döyüşkən bir ruhda idi. O, dörd günlük döyüşdə yüzlərlə Şəhid verməyimizə baxmayaraq, hamı özünü qəhrəman kimi hiss edirdi. Və millət inanırdı ki, güclü ordu var və “lazım kişi gəlməsə də” bu ordu bir gün ermənilərin ağız-burnunu ovacaqdır!..
O hadisələrdən çox müddət keçdi. O döyüşkən ruhumuz da yavaş-yavaş öldü. Necə ki, insan öləndə ruhu canından çıxır, bax eləcə… Hətta, bu ruh o qədər çox öldü ki, lap, bu yaxınlarda ermənilər Şuşanı özlərinə paytaxt edəndə belə, bir nəfərimiz tapılmadı ki, onlara bir güllə ata. Hətta, bərkdən belə asqırmadıq ki, həm tək səbrimiz ermənilərin başına düşsün, həm də onlar orada hürküb qaçsınlar…

Meyxoş Abdullah adlı şəxsin şəkli.
Buna başqa dön geyindirmək olmaz, əzizlərim. Bu bizim qorxaqlığımızı göstərdi. Hərçəndi, siyasətçilərimiz buna taktiki gediş, nə bilim nə adı qoysalar da bu qorxaqlıq idi, əfəndilər. Ən azından, ölməkdə olan ruhumuz diriləcəkdi.
Biz döyüşkənlik ruhumuzu yavaş-yavaş itiririk. Amma qarın uğrunda “döyüşkənliyimiz” davam edir. Heç bir yerdə, heç bir xalqda təsadüf olunmayan dərəcədə, qarnımız uğrunda özümüzü “şəhid edirik”. Hər gün, hər saat qarnımıza görə, həm yuxarı, həm də aşağı dairələrdə neçə-neçə soydaşlarımız qarınlarının qurbanına çevrilirlər. Torpaq, Vətən uğrunda yox a, qarnımız uğrunda. “Qarın uğrunda döyüşlərimiz” hələ davam edir.
4 günlük Aprel döyüşlərindən sonra, “2 günlük də iyun döyüşlər”inə icazə verildi…
Mənim mərd xalqım, döyüşkən xalqım kisə-kisə çörəklər, kisə-kisə düyü, vermeşil, makaron, qutu-qutu araq, çağır ehtiyyatını görərək; – “mənim evim, mənim qalam” – deyib, “səngərə” çəkilərək, qapı-pəncərəni də bağlayıb, “yemək-içməyə” sarıldı…
Meyxoş Abdullah adlı şəxsin şəkli.
İki günlük ərzaq əvəzinə, iki illik ərzaq ehtiyyatını toplayan, ey mənim soydaşım, ey mənim qardaşım, bu qarın davasıyla hara gedib çıxacağıq?! Bəlkə: – “Ailənin səadəti kişinin qarnından başlayır” fikri bizim ağlımızı çaşdırıbdır?! Bəlkə elə, dünya beşgünlükdür, – deyənlər, bu kəlamı bizlər üçün deyib?
Nə bilim, vallah… İşimizdə olaq… Hər halda, nədəsə, hardasa növbə gözləməyi bacarmadığımız halda, ayaqyolu məsələsində bir az ehtiyatlı olaq… Yol böyüyün deyib, uşaqların haqqına bu dəfə girməyək… Yoxsa, tumanlarına batırarlar, otağın havası korlanar… Bu dəfə bizi virus yox, havasızlıq öldürər…
Share: