Bir millətin gələcəyi xurafatla deyil, elmlə və təhsillə qurulur!

Bir millətin gələcəyi xurafatla deyil, elmlə və təhsillə qurulur!

Qafqaz müsəlmanlarının V Şeyxülislamı, görkəmli İslam alimi Əbdüssəlam Axundzadə Salyani hələ öz dövründə qız uşaqlarının təhsil almasının vacibliyini vurğulayırdı.

O, qadınların savadlı olmasını yalnız fərdi inkişaf deyil, bütövlükdə cəmiyyətin tərəqqisi üçün mühüm amil hesab edirdi. Çünki savadlı qadın savadlı ailənin, savadlı ailə isə savadlı cəmiyyətin təməlidir. Uşağın ilk müəllimi çox zaman onun anasıdır. Təhsilli ana övladına yalnız bilik deyil, düşünmək, sorğulamaq və dünyanı dərk etmək bacarığı da qazandırır.
Bu gün bizim mübarizəmiz azyaşlı qızların başının örtülməsi uğrunda deyil, onların başının elmlə, biliklə, savadla dolması uğrunda olmalıdır! Biz uşaqların necə geyinməsindən daha çox, necə təhsil almasından, hansı biliklərə yiyələnməsindən və necə şəxsiyyət kimi yetişməsindən narahat olmalıyıq.
Son hadisələr cəmiyyətimiz üçün ciddi xəbərdarlıqdır. Dini inancların radikal təbliğata, xurafata və qanunlara qarşı itaətsizliyə alət edilməsi, xüsusilə də təhsil müəssisələrinin hədəfə alınması qəbuledilməzdir. Heç bir dini baxış, heç bir ideologiya, heç bir xarici dini mərkəz Azərbaycan qanunlarından və uşaqlarımızın təhsil hüququndan üstün tutula bilməz.
Din İran demək deyil. Din İranın dini rəhbərlərinə, radikal dini qruplara itaət etmək demək deyil. Din insanın inancıdır, vicdanıdır, mənəvi dünyasıdır. İnanc adı altında uşaqları elmdən uzaqlaşdırmaq, onların dünyagörüşünü məhdudlaşdırmaq və təhsil müəssisələrinə qarşı düşmənçilik yaratmaq dinə də, cəmiyyətə də xidmət etmir. İnanclı olmaqla savadlı olmaq bir-birinə zidd deyil. Əksinə, sağlam dini düşüncə də bilik, təfəkkür və maariflənmə tələb edir.
Bu gün Azərbaycan məktəblərində müzakirə etməli olduğumuz əsas məsələlər təhsilin keyfiyyəti, müəllimlərin hazırlığı, uşaqların elmi bilikləri, qızların təhsil imkanları və gənclərin gələcəyidir. Bir milləti zəiflədən onun qızlarının təhsil alması deyil, cəhalətə və savadsızlığa təslim olmasıdır.
Bizə xurafat deyil, elm lazımdır! Bizə kor-koranə itaət edən deyil, müstəqil düşünən gənclər lazımdır! Bizə dini fanatizm deyil, maarifçilik, dünyagörüşü və sağlam təfəkkür lazımdır! Bizə qızların təhsil hüququnu məhdudlaşdıran yanaşmalar deyil, onların alim, müəllim, həkim, mühəndis və cəmiyyətin savadlı fərdləri kimi yetişməsinə şərait yaradan mühit lazımdır!
Azərbaycanın gələcəyi uşaqlarımızın başına nə örtülməsindən deyil, onların beyninə hansı biliklərin qazandırılmasından asılıdır. Unutmayaq: cəhalətin hökm sürdüyü yerdə tərəqqi olmaz. Elmin və təhsilin güclü olduğu cəmiyyəti isə xurafatla idarə etmək mümkün deyil.
Bizim seçimimiz aydındır:
CƏHALƏT DEYİL, MAARİFÇİLİK! XURAFAT DEYİL, ELM! FANATİZM DEYİL, TƏHSİL!
Share: