Bir aylıq körpənin anasını döyə-döyə… – Qubada dəhşət

Quba rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elman Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk şəhərində anadan olmuş Elman Mahmudov 1991-ci il təvəllüdlü həyat yoldaşı Ofeliya Paşayevanı öldürüb.

O, 2013-cü il iyunun 4-də saat 13 radələrində Qubanın Aşağı Atuc kəndində valideynləri ilə birlikdə yaşadığı evdə körpə qızı Xəyalənin üstündə həyat yoldaşı ilə mübahisə edib.

1 aylıq körpə doğuşdan sonra zəif olması səbəbindən aramsız ağlayıb. Elman rəsmi nikah olmadan yaşadığı həyat yoldaşı Ofeliya ilə bunun üstündə mübahisə edib. Qadınla öz otaqlarına keçən Elman ona bir sillə vurub. Arvadı da ona sillə ilə cavab verib.

Ofeliyanın vurduğu sillədən Elmanın alt dodağı partlayıb. İçkili olan Elman Ofeliyanı öldürmək qərarına gəlib.

Bu məqsədilə otaqda yarım saat ərzində yumruqla onun başına vurub. Evdə heç kim olmadığı üçün bir ilin gəlininin köməyinə gələn olmayıb.

Elman Mahmudov daha sonra əlləri ilə qadını boğmağa başlayıb. Bununla da ürəyi soyumayıb, qadının başını divara çırpıb. Bu zaman evə Elmanın yetkinlik yaşına çatmayan qardaşı gəlib, qardaşına mane olmağa çalışıb.

Elman isə qardaşını otaqdan qovub, arvadını döyməkdə davam edib. Aldığı zərbələrdən yerə yıxılan qadını təpikləməyə başlayıb. Ailə üzvləri hadisədən xəbər tutub köməyə gələndə isə artıq gec olub. Ofeliya hadisə yerində keçinib.

İstintaq orqanı tərəfindən Elman Mahmudova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Mahmudov 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan Elman Mahmudov apelyasiya şikayəti verib. Onun vəkili Mehdi Hüseynzadə Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlandığı şikayətdə müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçən prosesdə şikayət qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmənin qərarı ilə Elman Mahmudovun cəzası 12 ilə endirilib.

Bu dəfə isə prokurorluq hökmdən narazı qalıb. Baş Prokurorluğun Dövlət İttihamını Müdafiə İdarəsinin prokuroru Zəfər Ramazanovun imzası ilə Elman Mahmudovun cəzasının ağırlaşdırılması ilə bağlı kasasiya şikayəti verilib.

Həmçinin, Elman Mahmudov da Ali Məhkəməyə kassasiya şikayəti verib, əməlinin Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə cəzalandırılmasını xahiş edib.

Prokurorluğun da, təqsirləndirilən şəxsin də şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Əvvəlcə prokurorluğun şikayətinə baxılıb və şikayət təmin edilib. Sonra Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elman Mahmudov isə ərizə ilə Ali Məhkəməyə müraciət edib. O, kasasiya şikayətindən imtina edib. Buna görə də şikayəti geri, apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.

Həmçinin prokurorluğun protesti də təmin edilib. Sumqayıt Apelyasiya Məhkəməsinin Elman Mahmudovun cəzasının yüngülləşdirilməsi barədə qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasına araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində Elman Mahmudovun şikayətinə hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Elman Mahmudovun barəsində birinci instansiya məhkəməsinin təyin etdiyi 15 illik həbs cəzasını qüvvədə saxlayıb.

Bu qərardan narazı qalan Elman Mahmudov yenidən Ali Məhkəməyə kasasiya şikayəti ünvanlayıb. O, növbəti kasasiya şikayətində cəzası ilə bağlı dəyişiklik edilməsini istəyib.

Bu dəfə Elman Mahmudov əməlini Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsüf edilməsini istəyib.

Elman Mahmudovun şikayətinə Ali Məhkəmədə bu dəfə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Elman Mahmudovun kasasiya şikayəti təmin edilməyib.

Share: