Bin Ladenin oğlu “dünyanın ən bədnam terrorçularından biri” ilə yaşamağın necə olduğundan DANIŞDI

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Usama bin Ladenin oğlu “dünyanın ən bədnam terrorçularından biri” ilə yaşamağın necə bir şey olduğundan danışıb.

41 yaşlı Ömər bin Laden “Əl-Qaidə” liderinin dördüncü böyük oğlu və varisi idi. Ömər deyir ki, o, atasının tərəfdaşları tərəfindən onların sevimli ev heyvanları üzərində kimyəvi silah sınaqlarının şahidi olub və gənc yaşlarında “AK47” silahlarından atəş açmağı öyrəndiyi “kədərli uşaqlıq” keçirib.

Ömər bütün ömrünü bir bölgədən digərinə köçərək yaşamaq məcburiyyətində qaldığını deyib: “Düşünürəm ki, atamın qurbanlarından biri də mənəm”.

15 yaşında atasının irsini davam etdirmək üçün seçilən Ömər deyib: “Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı istəməyib, amma işin davam etməsi üçün seçilmiş oğul olduğumu deyirdi. Mən ona bu həyata uyğun olmadığımı deyəndə o da məyus oldu”.

Ömər uzun müddət atasının hərəkətlərini tənqid edirdi və 2001-ci il sentyabrın 11-də məşhur “Əkiz Qüllə” hücumlarından əvvəl atasını və “Əl-Qaidə”ni tərk etmək qərarına gəldi.

Ömər “Əl-Qaidə”dən ayrıldıqdan sonra 2011-ci ildə öldürülən cihadçı atası ilə bir daha danışmadı.

“Ona nə etdiklərini bilmirəm. Onun cəsədini okeana atdıqlarını dedilər, amma inanmıram”.

“Əl-Qaidə”dən ayrıldıqdan sonra hər şeyin yaxşılaşacağını düşündüyünü deyən Ömər hələ də “bin Laden” soyadını daşıdığı üçün insanların onu mühakimə etdiyini görüb.

Hazırda həyatda qalmağa çalışdığını və yaşadığı travmalara görə bəzən dərman qəbul etməli olduğunu deyən Ömər çox fərqli bir həyat tərzi keçirib.

Hazırda beynəlxalq miqyasda tanınan bir rəssam olan Ömər Əfqanıstan mənzərələrini əks etdirən rəsmlərinin hər birini 8500 funt sterlinqə qədər bütün dünyada satır.

Zeynə bin Ladenlə evli olan Ömər hazırda Fransanın Normandiya şəhərində yaşayır.

Mənbə: Daily Star

Share: