Belə də soyğunçuluq olar? – Əziz Nesinin hekayəsi

Kulis.az Əziz Nesinin “Belə də soyğunçuluq olar?” adlı hekayəsini təqdim edir.

Sizə nağıl eləyəcəyim əhvalat son üç ilin içində baş verib. Əslində, əhvalat da deyil, sadəcə biz belə zənn edirdik.

İş yerində öncə “Ərcan”, “Ərcan” deyə bir ad eşitməyə başladıq. Sonra üzünü də gördük. Zərif, incə bir gəncdi, geyim-keçimi də ki, öz yerində. Rəqs edirmiş kimi bir yerişi vardı.

Sonra bu Ərcan adlı cavan haqqında şayiələr də gəzməyə başladı. Çox zəngin birisiymiş, kimisi yüz minlik, kimisi də milyonluq varidatından bəhs edirdi. Ata-anadan miras qalıbmış, yoxsa o qədər para bu cavanda hardandı?

Yerişindən, duruşundan, davranışından zənginliyi bəlli olurdu. Başıdik, burnu havada, gözü tavanda.

Çalışdığım iş yeri bağlanmaq üzrəydi. Bu Ərcan deyilən gənc ortaq kimi yüz min lirə yatırıb batmaqda olan gəmini xilas edəcəkmiş.

Haqqındakı şayiələrə görə, Avropada yaşayıb, universitet bitirib, ağıllı, bilikli, tərbiyəli birisi imiş.

Zənginliyi qədər xasiyyəti də bir baxışda bəlli olurdu. Özünü dartıb adama yuxarıdan aşağı baxmırdı. Dindirəndə, utandığından qızarırdı.

Təzə gələnə bir xor baxma var axı bizdə, gənc patronumuza qarşı biz də beləydik.

İçimizdə onu bir itələmə, dirsəkləmə duyğusu vardı. Onunla danışarkən sayğılı davransaq belə, gözümüzdən, baxışımızdan, duruşumuzdan bu anlaşılırdı. Onu sevmirdik. Nədən?

Yeni oluğu üçün. Başqa nə ola bilər? Nə zatına bələdik, nə kökünə. Görüb-eşitdiyimiz budur ki, gəncdir, zəngin, köklü bir ailədən gəlmədir, incə davranışlı, həm də Avropada oxumuş biridir.

Belə deyərkən, birdən işlər dəyişdi. Bir gün məni kabinetinə çağırdı. Ordan-burdan danışdıq. Sanki patron-matron deyil, qırx ilin tay-tuşuyuq. Üstəlik yaşıma-başıma da sayğılı. Söhbət arasında:

– Burada məvacibiniz nə qədərdir? – deyə soruşdu.

– Ayda dörd yüz… – dedim.

– Nəəə?! – deyə yumruğunu masaya vurdu.

“Eh, –dedim, indi zatını bəlli edəcək, nə zat olduğu ortaya çıxacaq”.

Dörd yüz deyər-deməz hərifin rəngi qaçdı.

“Boşuna burası batmır, –deyəcək, – əlbəttə batar, gör ey, ayda dörd yüz lirə… İki yüz nəyinə yetməz?”.

– Amma, – dedim, mən on beş ildir bu işdəyəm. Onun üç ilini də burada çalışıram.

Gümanımın tam tərsi oldu:

– Bunu necə eləyirlər, necə edə bilirlər? Sizi necə istismar edə bilirlər?

Bir sevindim ki:

– Təşəkkür edirəm, – dedim.

– Durun hələ, heç tələsməyin. İşləri bir-bir öyrənib ələ alım, o zaman bir şey düşünərik.

İş yoldaşlarımın yanına gəlib “aman, biz yanılmışıq, bu yeni patron çox yaxşı adammış” dedim.

– Nə olub? – deyə soruşdular.

Olanları danışdım. İşçilərdən biri, “bəli, keçən gün bizim də otağa girdi. Otaq soyuqdur” – dedi. “Gündə yarı vedrə kömür verirlər” – şikayətləndim. Əlini dizinə vurdu: “Vay köpəyuşağı, bu alçaqlığı necə

eləyirlər, anlamıram” – dedi.

Gənc kadrı hamımız sevməyə başladıq. Hərəmizlə ayrı-ayrı danışır, bizə olan haqsızlıqlar qarşısında “Bu namussuzluq necə edilir?!” – deyə dizinə döyürdü.

Durumumuzu görüb hər saat bir neçə dəfə heyrətlə, “işçiyə belə zülm edərlərmi?” deyib dururdu.

Dörd ildə dörd gün işdən icazə almamış bir işçiylə danışarkən “bu nə namussuzluq, bu nə eşşək oğlu eşşəklik, belə şeylər ağlıma da gəlməz, bunu necə eləyirlər?” ­– dedi.

Bu sözlər öz təsirini göstərirdi. Hər kəs əvvəlkindən daha daha sürətli, canla-başla çalışmaya başladı. Məhsuldarlıq əvvəlkindən iki dəfə artdı. İnsan öz işi üçün belə çalışmaz, biz çalışırıq. Bazar günləri belə işləyənlər vardı… İşinə etinasız yanaşanlara aramızda yer yoxdu.

Yalnız bir İhsan vardı içimizdə, o, heç cür yola getmirdi, heç cür bu gənc patronu sevə, isinişə bilmirdi. Doğrusu, İhsana hamımız tənə yağdırırdıq:

– Belə mələk kimi adama bu alçaqlıq edilərmi?

Artıq hamımız bu gənc kadrın işləri öyrənib əlinə almasını, vəziyyətimizi yaxşılaşdırmasını, maaşlarımızı artırmasını gözləyirdik.

Beləcə üç ay gözlədik. Heç bir şey dəyişmədi, əksinə, büsbütün tərsinə getdi. Soyuqlar şiddətlənmişdi, ancaq əvvəllər verilənin dörddə biri

qədər belə kömür verilmirdi. Aldığımız əmək haqqından belə kəsirdilər. Getdikcə vəziyyət pisləşirdi. Əvəzində rəhbər heyətin qazandığını, həm də çox qazandığını bilirdik. 120 min lirə vergi

verirdilər. Bu verginin qazancını düşünün. İhsan:

– Mən sizə demədimmi? – dedi.

Belə getsə, bir hoqqa çıxardacaq. Onu dilə tutduq:

– Dayan hələ, bir az da dişimizi sıxıb səbir eləyək.

Ertəsi gün İhsanı işdən çıxardılar. Bir ay daha səbir elədik. Amma etiraz edənlərin sayı artmağa başladı, artıq hər kəs deyinirdi, şikayət edirdi. İşin anlaşılmaz tərəfi isə bu idi ki, şikayət edənlər dərhal işdən çıxarılır, yerinə bir başqası götürülürdü. Gənc patron görünməz olmuş, itib-batmışdı. Əvvəlki kimi yanımıza gəlmirdi. Onun tanıdığı əvvəlki kollektivin artıq yarısı qalmışdı.

Bir gün bıçaq sümüyə dayandı. İçimizdən biri:

– Gedib bu hərifi görək – dedi.

Səbri tükənmiş işçilər xorla səsləndi:

– Canımız boğazımıza yığıldı, bəsdi artıq!

– Yetər daha!

Hamımız ayağa qalxıb müdiriyyətə yollandıq. Ən yaşlımız:

– Belə birdən olmaz, – dedi, – aramızdan üç nəfər seçək. Onlar gedib danışsın, dərdimizi anlatsın.

Seçilən üç nəfər arasında mən də vardım. İçimizdə ən çox həyəcan keçirən :

– Əgər verdiyi sözü tutmasa, sifətinə tüpürəcəm, namussuzam tüpürməsəm! – deyə bağırdı.

Üçümüz patronun qapısına gəldik. Mən qapını döydüm. İçəridən səs gəlmədi. Təkrar döydüm. Dördüncüdə “Gəəl”, – deyə bir səs eşitdik. Qapını açdıq. Tam qarşımızda masa vardı. Gənc patron ayaqlarını masanın üstünə qoymuşdu. Başını, iki dabanının arasından görürdük. Bizi görüncə ayağını deyil, tükünü belə tərpətmədi. Saqqız çeynəyirdi.

– Nə var? – dedi.

Səsi belə qalınlaşmışdı. İşçilərdən biri:

– Sizinlə danışacağıq, – dedi.

– İş zamanı danışmaq olmaz, fasilə zamanı gəlin!

– Xeyr, indi danışacağıq.

– Nə istəyirsiniz?

–Siz bura yeni gəldiyiniz zaman nə qədər əmək haqqı aldığımızı öyrənincə “Belə alçaqlığı necə eləyirlər?” demədinizmi?

Tövrünü belə pozmadan qarşılıq verdi:

– Dedim. Nə olsun?

– Bizə illik məzuniyyət verilmədiyini öyrənincə ”Bu nə namussuzluq, bunu necə edə bilirlər?” deyən siz deyilmiydiniz?

– Mənəm. Nə olsun?

– Bizim iş şəraitimizi, nə qədər çox çalışdığımızı görüncə sən deyilmiydin “Bu nə haqsızlıq, bunu bir insan necə eləyir?” deyə bağıran?

– Bəli, mənəm.

– Yaxşı, çəkdiyimiz zilləti görüncə ”Bu nə canavarlıq, bir insana bu necə edilir?” demədinmi sən? Həm də yüz kərə…

– Dedim. Bundan nə çıxar?

Ta bundan artıq soyuqqanlılıq olmazdı ki, patronda vardı, çaşqınlığımızdan səs-səmirimizin kəsildiyini görüncə:

– Mənə baxın, – deyə sözə başladı. Mən iş həyatı nədir, bilmirdim. Əmək fəaliyyətinə burada başladım. Hər şeyi tez öyrənməyə çalışırdım. Onun üçün “Bu işlər necə görülür, – deyə soruşur, o işlərin necə görüldüyünü öyrənməyə çalışırdım. Ondan-bundan “Bu alçaqlıq, bu namussuzluq necə olur, bu hiylə necə həyata keçir”, – deyə soruşub öyrənməyə çalışırdım. Üç-dörd aylıq stajdan sonra bunların necə edildiyini öyrəndim. Artıq sizdən soruşub öyrəniləsi bir şey qalmadı. Haydı, çəkin arabanızı, iş başına…

Çeynədiyi saqqızı tüpürdü, bir siqar yandırdı. Biz də kabinetdən çıxdıq. Həyəcanlı arkadaşa:

– Bəs sifətinə tüpürəcəkdin, niyə tüpürmədin? – deyə soruşdum.

– Mənim tüpürcəyim sifət üçündür, heysiyyəti var. Bu hərifdə sifət yox ki, harasına tüpürəydim? – dedi.

Tərcümə: Hüseyn Əsgərov

Share: