Bakıdakı evində meyiti tapılmış qadını öz qohumu qətlə yetiribmiş

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən N.Niftəliyevanın qohumu, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müstəqil.Az

Share: