Bəybala Ələsgərovun Buludxan XƏLİLOV haqqında yeni kitabı…

yaxud  bu bibloqrafik göstərici nədən bəhs edir?

Tarix elmləri doktoru, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərovun növbəti bibiloqrafik göstəricisi işıq üzü görüb.

“Professor Buludxan Əziz oğlu Xəlilovun biblioqrafiyası” adlanan kitab Təhsil Nazirliyi, ADPU və Azərbaycan Nobel İnformasiya Mərkəzinın qərarı ilə çapa hazırlanmışdır. Kitabda Buludxan Xəlilovun bütün yaradıcılığı öz əksini tapmışdır. Biblioqrafik göstərici əsasən dilçilər və ədəbiyyatşünaslar üçün nəzərdə tutulmuşdur.
Ələsgərov Bəybala Aydabala oğlu 20-ə yaxın kitabın, 250-dən çox elmi-publisistik məqalənin müəllifidir. O, ötən yüzilliyin doxsanıncı illərindən Ümumdünya Nobel Mükafatları Komitəsi Beynəlxalq Mərkəzinin üzvü və həqiqi üzvü olan ilk azırbaycanlıdır. 2005-ci ildən Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsidir. 2013-cü ildən bu Mərkəzin vitse-prezidentidir. Kitab Bəybala Ələsgərovun çoxsaylı bibloqrafik göstəriciləri içərisində xüsusi yer tutur. Bəybala Ələsgərov görkəmli elm və sənət xadimlərindən Elçin, Budaq Budaqov, Şəmsi Bədəlbəyli, Paşa Qəlbinur, Hidayət, Nizami Cəfərov və başqaları haqqında biblioqrafik göstəricilər tərtib etmiş, müxtəlif sahələri təmsil edən bu adamların həyat və yaradıcılığına, ictimai fəaliyyətinə işıq salmışdır.
Buludxan Xəlilovun elmi fəaliyyətini özündə əks etdirən növbəti bibloqrafik göstərici beynəlxalq bibloqrafiya prinsiplərinə uyğun şəkildə tərtib olunmuşdur. Birinci bölmədə Buludxan Xəlilovun həyat və fəaliyyətinin əsas tarixləri verilmişdir. Buludxaan Xəlilov Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuş, ADPU-nun fililogiya fakültəsində ali təhsil almışdır. 1990-cı ildə ali təhsilini başa vuran Buludxan Xəlilov Universitetin Müasir Azərbaycan dili kafaedrasında laborant kimi saxlanmış, 1992-ci ildə namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən müəllim, 1996-cı ildən dosent vəzifələrində çalışmışdır. 1999-cu ildə “Azərbaycan dilində fellərin fono-semantik inkişafı” mövzusunda elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə professor adına layiq görülən Buludxan Xəlilov ADPU-da laboratoriya rəhbəri, elmi məcmuələrin və elmi jurnalların redaktoru, AAK-nın ekspert şurasının və dissertasiya şurasının üzvü, koordinasiya şurasının üzvü olmuş, iki dəfə filologiya fakültəsinin dekanı seçilmişdir. Buludxan Xəlilovun elmi fəaliyyəti nəzərə alınaraq, o, müxtəlif elmi təşkilatlara dəvət edilmiş, elmi konfransların təşkilatçısı olmuş, beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. O, həmçinin elmi nəşrlərin tərtibçisi və redaktoru olmuşdur. Buludxaan Xəlilov AYB-nin və AJB-nin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə Prezident təqaüdçüsü olmuşdur.
Dilçiliyə və ədəbiyyatşünsalığa dair çoxsaylı məqalələrin müəllifi olan Buludxan Xəlilov dərsliklər və dərs vəsaitləri yazmış, dilçiliyimiz, folklorumuz və ədəbiyyatımız üçün gərəkli olan xeyli elmi kitab nəşr etdirmişdir. Onun kitabları ADPU-nun müəllimlərinin və tələbələrinin stolüstü vəsaitləri olmuşdur.

Buludxan Xəlilovun müəlliffliyi ilə “Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı” (1996), “Fellərin ilkin kökləri” (1998), “Azəri” (2000), “Türkologiyanın intibah dövrü” (2001), “Azərbaycan dili 6-7” (2003), “Müasir Azərbaycan dilinin morfologiyası. II hissə” (2003 və 2016), “Azərbaycan dili: dünən, bu gün” (2004), “Türkologiyaya giriş” (2006 və 2013), “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika” (2007 və 2013), “Müasir Azərbaycan dilinin morfologiyası. I hissə” (2007 və 2016), “Müasir Azərbaycan dilinin morfologiyası. II hissə” (2007), “Müasir Azərbaycan dilinin leksikologiyası” (2008 və 2015), “Mahmud Kaşqarlının “Divani lüğət-it-türk” əsərində etnonimlər” (2009), “Türk hikmət xəzinəsi Xoca Əhməd Yasəvi” (2010), “224 qədim türk sözü” (2010), “Dil-söz çələngi” 2013), “Azərbaycan dili antologiyası” (2013), “Dil, ədəbiyyat, Mədəniyyət” (2013), “Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz” (2013), “Nitq mədəniyyəti” (2016 və 2017), “Dil mədəniyyəti” (2016), “Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri” (2016), “Müasir Azərbaycan dili (sintaksis bölməsi)” (2017) adlı monoqrafiya, dərs vəsaiti və elmi kitablar nəşr olunmuşdur. Bundan başqa, 2014–cü ildə onun İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə haqqında bir neçə kitabı işıq üzü görmüşdür. Buludxan Xəlilovun ədəbiyyata və ədəbiyyatşünaslığa dair “Bəyaz doğulan şeirlər”, “Zamanın sınağından keçənlər”, “Əbədiyaşar ədəbiyyat” və sair kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Bibloqrafik göstəricini maraqlı edən cəhətlərdən biri burada Buludxan Xəlilov haqqında ayrı-ayrı alim, şair, aşıq, jurnalist və ictimai xadimlərin məqalə və şeirlərinin verilməsidir. Nadir Abdullayev, Ağasən Bədəlzadə, Əjdər Ağayev, Ağababa Avtandil, Əziz Axundlu, Gülçöhrə Alıyeva, Cəlal Abdullayev, Aslan Vahid, Loğman Babanlı, Adil Babayev, Həşim Balasıyev, Aslan Bayramov, Kamil Bəşirov, Müşfiq Borçalı, Cəfər Cəfərov, Nizami Cəfərov, Elnaz Eyvazlı, Ramin Əhmədov, Musa Ələkbərli, Şəfəq Əlibəyli, Əli Əliyev, Vilayət Əliyev, Şəhla Əliyeva, Ədalət Fərəcov, İsa Həbibbəyli, Məhərrəm Hüseynov, Bəxtiyar Xəlilzadə, Zahid Xəlil, Elçin İsgəndərzadə, Xanhüseyn Kazımlı, Muxtar (Kazımoğlu) İmanov, Arif Kazımov, Teymur Kərimli, Mahir Qabiloğlu, Nimalay Qasımov, Məsud Mahmudov, Fəxrəddin Meydanlı, Rəşad Məcid, Məsiağa Məhəmmədəli. Baba Məhərrəmli, Firuzə Məmmədli, İsmayıl Məmmədli, Ramazan Məmmədov, Qara Məşədəliyev, Həbib Mirzəyev, Mikayıl Muğanlı, Nizami Muradoğlu, Mirzəli Mirzəyev, Nazim Mustafa, Yusif Nəğməkar, Pəri Paşayeva, Telli Pənahqızı, Buta Pənalıoğlu, Əhliman Rəhimov, Oqtay Rza, Sayalı Sadıqova, Ziyad Səmədzadə, Nizaməddin Şəmsizadə, Ülvi Almaz, Leyla Vəzirova, Yusif Yusifov, Sadiq Zaman, Sərdar Zeynal və Əsgər Zeynalovun məqalə və şeirlərində Buludxan Xəlilovun elmi fəaliyyətinə yüksək dəyər verilir, o, elm fədaisi, cəsarətli insan, insanlığa, həqiqətə xidmət edən alim, görkəmli ictimai xadim, halal insan, şair ürəkli alim, istedadlı təhsil təşkilatçısı adlandırılır. Musa Ələkbərli yazır:

O, dil alimidir, dil mühəndisi,
Dediyi hər sözün öz dəyəri var.
Özəlliklə seçir yaxşını, pisi,
Sanballı, qiymətli çox əsəri var.

Hər kəs təsdiq edər – doğması, yadı, 
Ondadır söhbətin, sözün dərini.
Bir müəllim kimi də ucadır adı,
Həvəslə öyrədir bildiklərini.

Oqtay Rza yazır:

Dost alim Buludxan Əziz oğlusan,
Sən də bu məmləkətin əziz oğlusan.
Ürəyi buludsuz göy qədər geniş,
Ürəyi çeşmədən təmiz oğlusan.

Professor Cəfər Cəfərov yazır ki. Buludxan Xəlilov çox qabiliyyətli, bacarıqlı, obyektiv, gözü-könlü tox bir ziyalıdır. Bu çoxsaylı müsbət rəylər Buludxan müəllimin öz şəxsiyyətinə verdiyi dəyərdən irəli gəlir. Şəxsin özünə verdiyi dəyər ləyaqət, cəmiyyətin ona verdiyi dəyər isə şərəf adlanır.
Topluda biblioqrafik göstərici ilə yanaşı, Buludxan Xəlilovun kitablarının nəşri haqqında Bəybala Ələsgərovun ayrıca yazısı verilmişdir ki, bu da kitaba bələdçilik etmək baxımından maraqlıdır. Kitabın əlifba göstəricələri isə ayrı-ayrı mövzular və müəlliflər haqqında məlumatları daha tez tapmaqda oxucuya yardımçı olur.
Professor Buludxan Xəlilovun elmi fəaliyyəti haqqında olan bu kitabı həm biblioqrafiyanın, həm də Bəybala Ələsgərovun növbəti uğuru saymaq olar.

Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

Share: