“Azəristiliktəchizat”dan borclu abonentlərlə bağlı AÇIQLAMA

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümü aprelin 15-də başa çatacaq.

Bu barədə Müstəqil.az-a  “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

R.Əliyev bildirib ki, mövsümün vaxtından əvvəl başa çatdırılması nəzərdə tutulmayıb.

Qurum rəsmisi eyni zamanda deyib ki, 2017-2018-ci illər istilik mövsümü ərzində əhali və qeyri-əhali qrupundan olan abonentlər tərəfindən yaranan borcun miqdarı çox deyil:

“Yaranan borcla bağlı vətəndaşlara bildiriş, təşkilatlara elektron qaimə, hesab-faktura göndərilir. Onlar da qanunvericiliyə uyğun olaraq bir ay müddətində ödənişi edirlər. Ödəniş olunmadığı halda, bir ay sonra yenidən bildiriş-xəbərdarlıq göndərilir. Elə abonentlər var ki, mövsüm başa çatdıqda tam ödəniş edir. Elələri də var ki, aybaay ödəniş edir. Ümumilikdə ciddi problemimiz olan abonentimiz yoxdur”.

Xatırladaq ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlayıb.

 

Share: