Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək şansı verdi

Nigeriyada görmə əngəlli övladını könüllü türk həkimlərinin pulsuz göz müayinəsinə gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

“Anadolu” xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarakt əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəlikləri mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə agentliyə deyib: “Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq”.

“Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu bizi duyğulandırdı”, – deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra sevincindən ağlamağa başlayıb.

Share: