Azərbaycanda 30 min narkoman var: Gənclər arasında “ağ ölüm”ü kimlər yayır? – TƏHLÜKƏ

Ölkədə gənclər və yeniyetmələr arasında psixotrop vasitələrin açıq satışı və istifadəsi ilə bağlı məlumatlar var. Təhlükəli və dövriyyəsi qadağan edilən bu dərman vasitələrinin əsasən aptek şəbəkələrində satıldığı iddia olunur ki, məhz məktəb yaşlı yeniyetmə və gənclərin müəyyən vasitələrlə həmin maddələri əldə etmək imkanı yaranır.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda “Şamaxinka” adlanan ərazidə psixotrop vasitələrin açıq satışı ilə məşğul olan aptekin olduğu barədə də məlumatlar yayılmışdı.Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir xanım həmin aptekin müştərilərini öz telefonu ilə çəkib.Çəkilişdən görünür ki, əczaçı resept təqdim etməyən bir şəxsə “Tramadol” satır.Çəkiliş edən xanım aptekdən çıxan şəxsin arxasınca gedərək ondan nə aldığını soruşur.Bir qədər əsəbi də olsa, şəxs aptekdən 50 milliqramlıq “Tramadol”, “Contramal” aldığını deyir.Sonradan aidiyyatı qurumlar sözügedən dərman vasitələrinin açıq satışı ilə bağlı məsələyə müdaxilə edərək, təqsirli şəxs və obyekt barədə ölçü götürdü.İndi isə gənclər arasında psixotrop dərman vasitələrinin yayılması iddiası ortaya atılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, narkomaniya və narkotik vasitələrin ölkəyə gətirilməsi, ölkədə qanunsuz istifadəsi, bir sözlə, qarşısının alınması istiqamətində  təmsil olunduğu komissiya və onun işçi qrupu fəaliyyət göstərir. Bundan əlavə, ölkə başçısının imzaladığı Dövlət Proqramı var:

“Komissiya və bütün əlaqədar qruplar, eləcə də qeyri-hökumət təşkilatları bu proqram çəriçəvəsində üzərlərinə düşən vəzifələri yerinə yetirir ki, narkomanlığın ölkədə yayılmasının qarşısı alınsın. Xüsusilə, prixotrop maddələrin, eləcə də son dövrlərdə müxtəlif ölkələrdə yaradılmış kimyəvi narkotik vasitələrin gənclər arasında yayılmasının qarşısının alınmasına çalışılır.Bildiyim qədər bütün bu məsələlər nəzarətdə saxlanılır və qarşısı alınmaq üçün müvafiq tədbirlər görülür”.

Ekspertin sözlərinə görə, Azərbaycanda 30 min narkotik vasitə istifadəedicisi qeydə alınıb:

“Beynəlxalq təşkilatlar isə bunu onqat hesablayırlar .Əgər rəsmi rəqəm 30 mindirsə, demək bu, ölkədə 300 mindən artıq narkomanın olması deməkdir.Bu da çox ciddi statistikadır.Biz dəfələrlə həm Bakıda, həm də regionlarda keçirdiyimiz tədbirlərdə həyəcan təbili çalmışıq.Narkotik vasitələrin ölkədə qanunsuz dövriyyəsi ilə əlaqədar təbii ki, fəaliyətimizi gücləndirməliyik və bunun gənclər arasında yayılmasının qarşısını almalıyıq”. Rauf Zeyni əlavə edib ki, ölkədə gənclərin və yeniyetmələrin psixotrop vasitələrdən istifadə etmələri ilə bağlı fakt olarsa, komissiya və onun işçi qrupu məsələni araşdırmağa hazırdır: “Çünki əhalimizin gələcəyi, sağlamlığı ölkənin gələcəyi deməkdir. Biz intellektual bir xalq olduğumuzu bütün dünyaya göstərmişik.Kamil, ağıllı insan heç vaxt zərərli vərdişlərə qurban getməməlidir.Bütün mənalarda bu cür xoşagəlməz faktların qarşısını almaq lazımdır”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırılıb. Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunda dəyişiklik edilib. Hazırda Azərbaycan ərazisində 103 adda narkotik vasitənin, 45 adda psixotrop maddənin dövriyyəsi qadağandır.Yeni dəyişikliklərə əsasən isə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sayı 112-yə, psixotrop maddələrin sayı isə 52-yə çatdırılıb.    /Cebhe.info/

Share: