Azərbaycan polisi heroin müharibəsində

Rövşən Novruzoğlu 

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq

(Xüsusi olaraq Müstəqil.Az üçün

“Biz nəinki narkotiklərin daşınması üçün tranzit ölkə kimi bununla mübarizə aparırıqş eyni zamanda istəyirik ki, ölkəmizin vətəndaşları arasında narkotik vasitələrdən istifadə yayılmasın…”

Heydər Əliyev

 

“Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.

 Böyük Rus yazıçısı Lev Tolstoy

 AZƏRBAYCANIN NARKOTİKLƏRƏ QARŞI MÜBARİZƏ SİYASƏTİ: ŞAH İSMAYILDAN

 ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏDƏK

 

(Azərbaycan polisinin dünya tarixində narkotiklərə qarşı mübarizədə rolu)

Ötən əsrin, 80-ci illərin narkotiklərin Qara Bazarında baş verən siyasi və iqtisadi hadisələrin təkrarını biz bu gün – yeni yüzillikdə açıq-aşkar təkrarını görürük. Məsələn, ötən yüzilliyin son illərində narkotik maddələrin əkilməsini, daşınmasını, istehsalını və satışını iki əsas istiqamət müəyyənləşdirirdi.

Onlardan biri “And qrupu” idi. Bu qrup Cənubi Amerikanın nəzarətsiz zonası kimi BMT-nin narkotiklərə qarşı mübarizə komissiyasının sənədlərində qeyd olunur. Digəri “Qızıl üçbucaq” adlanır ki, o da Cənubi-Şərqi Asiya regionlarını əhatə edir və qara bazarı opium və heroinlə təmin edir, həmçinin, “Qızıl Aypara” narkoqrupu ilə birləşir. “Qızıl Aypara” yeni narkobiznes mərkəzi İran-Əfqanıstan-Pakistan və onlara birləşən dünyanın nəzarətsiz zonalarından sayılan “Qarabağ qrupu”nu əhatə edir, həmçinin, qara bazarı həşiş, anaşa, marixuana və sintetik narkotik maddələrlə təmin edir.

Narkotranzitə nəzər salaq;

Qərb istiqamətində. Cəlilabad-Qəndəhar-Hilmend vilayəti-Zahidan-Tehran-Təbriz-İstanbul-Avropa. Və yaxud Təbriz-Bakı-Moskva-Avropa.

Cənub istiqamətində. Peşəvər-Kəraçi-dəniz yolu ilə irəli, Avropa-Yaxın Şərq və Cənub-Şərqi Asiya-ABŞ.

Azərbaycan polisinin döyüş xəritəsinə nəzər salsaq, oranın ən çətin yollarında onun izini, nəfəsini görərik. Bəzən bir qram heroinə qarşı mübarizə Azərbaycan polisini dünyanın ən təhlükəli zonalarınadək aparıb.

Şübhəsiz, bu gün Azərbaycanın erməni terrorçuları və separatçıları tərəfindən işğal altında qalan ərazilərində – Dağlıq Qarabağ torpaqlarında qeyri-qanuni əkilən narkotik maddələrinə qarşı mübarizədə Azərbaycan polisi aktiv iştirak edir. Məlumata görə, Dağlıq Qarabağın başlı-başına buraxılan zonalarında əkilən narkotik maddələrin altı məxfi keçidinin üçü bu gün Azərbaycan polisinin və sərhədçisinin səyi nəticəsində bağlanılıb. Lakin hələ də narkotik maddələr işğal olunmuş ərazilərimizdən Axalkalakiyə, oradan Türkiyə və Gürcüstana, oradan da Rusiya Federasiyasına və digər Avropa ölkələrinə ötürülür. Bu gün BMT-nin sənədləri sırasında işğal olunmuş ərazilərimizdə ermənilər tərəfindən əkilən, kultivasiya edilən, narko-laboratoriyalara yola salınan, qeyri- qanuni becərilən narkotika sahələrini əks etdirən fotoşəkillər, digər kəşfiyyat məlumatları var. Qeyd edək ki, erməni separatçılarını ittiham edən bütün bu ciddi sənədlər BMT sənədlərinə Azərbaycan DİN-nin adı ilə düşüb.

Ümumiyyətlə, bu gün narkotiklərə qarşı keçirilən tədbirlərin başlanğıcı da tarixi baxımdan diqqəti cəlb edir. Çünki bu qədim tarixi mübarizənin özündə də Azərbaycan xəttini görürəm.

Məsələn, narkomaniyanın tarixi Şumer sivilizasiyasına və Şamanlara (Şaman – XIII əsrdə Uyğurlarda, Qırğızlarda, Altay vilayətində mənası ruhlarla əlaqəsi olan, atəşə hakim və ruhlarla danışmaq üçün yerə, yer altına enən və bunlara sahib çıxan şəxs-kişidir.) təsadüf edilir. Eramızdan əvvəlki yazılı və arxeoloji mənbələrin uzun illər aparılan tədqiqatları bu dövrdə opiumun hazırlanması və qəbul edilməsi barədə fikir yürütməyə əsas verir. Həmin dövrdə opiumu “şənlik” mənasını verən “gil” adlandırmışlar. (“Şaman məktubları”. IV məktub. XIII əsr).

Eramızın I əsrində Romalılar opiumdan istifadəyə pozitiv yanaşaraq, ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyə başladılar. İlk minillikdə Romada məşhur həkim Klavdiy Qalen (129-201-ci illər) opiumdan istifadəyə müsbət rəy vermişdi. Lakin Roma hərbi sərkərdələrdən biri Pliniy (Qərbi Almaniyada Trir qalasının komendantı olarkən) Romaya məktub yazır: “Əsgərlərin “bitki şirələrinin” qəbulundan sonra hərəkətləri dəyişir, huşsuz və ağılsız vəziyyətdə gəzirlər, onların döyüş ruhu aşağı düşür və s …”

 

Sərkərdə həmin maddənin qəbuluna qadağanın qoyulmasını istəyirdi. Söhbət “yovşan arağından” (cecə arağı kimi anlaşıla bilər) – Absentdən gedirdi. Bu cür içki XIX əsrdə artıq Fransada da dəbdə olmuşdu.

Böyük Britaniya Krallığının kitabxanasında açıq istifadəyə qoyulmuş və üstündən “məxfi” qrifi götürülmüş məlumatlara görə, ingilis tədqiqatçısı O.Ceyms iddia edir ki, hələ I-VII əsrlərdə mövcud olan Albaniyanın ictimai-siyasi mühitini idarə edən “AQUEN qanunları”nın ilk hüquqi sənədində də tiryəkin “İnsanın damarlarını qurudan, onun dölünü və nəslini məhv edən, tarixdən və həyatdan silən acı, lakin ləzzətli maddələrə qarşı” fikirlər aşkar olunub. Yəni tiryəkin, xaş-xaşın hələ o vaxt insanlar üçün təhlükəli olduğu qeyd olunurdu. Hesablamalara görə, 1750-ci ildən 1810-cu ilədək yer üzündə üst-üstə yüz on iki irili-xırdalı dövlət, ictimai quruluş, hakimiyyət və idarəedici mərkəz tiryək və xaş-xaş… burulğanında məhv olub.

Tarixi sənədlərdə, eləcə də ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat sənədlərində qeyd olunur ki, dünyada narkotik maddələrin əkilib, becərilməsi (yəni kultivasiya olunması) üçün doqquz ərazi gəlirli və sərfəli hesab olunub. Məxfi xəritədə qeyd edilir ki, onlardan biri məhz Azərbaycandır. İngiltərənin “MI- 6” kəşfiyyat sənədlərinə görə, Azərbaycanın Muğan, Qarabağ… eləcə də Şimal bölgəsi əraziləri narkotik maddələrin əkilib-becərilməsi üçün həssas ərazilər hesabındadır.

Azərbaycanda bu istiqamətdə ilk müharibə Həməşəra ərazisi uğrunda Lənkəran-Beyləqan arasında baş verib. Çünki Həməşəra (Muğan ərazisi) xaş-xaş, çətənə və bu günə qədər adı tam məxfi saxlanılan “Ayvuran ləçəyi” üçün münbit torpaq olub.

Məlumata görə, 1063-cü ildə Şəddadi hökmdarı I Şavur Şirvana tiryək uğrunda müharibə elan edib və nəticədə yüz kisə tiryəki qənimət əvəzi Şirvandan alıb. Və yaxud Azərbaycan ərazisində yabanı şəkildə bitən narkotik bitkilərin Qara dəniz vasitəsiylə dünya bazarlarına çıxarılması, paylanması istiqamətində Gürcüstanda “Georgi zəngi” adlı bir proqram quruldu. (Əslində bugünkü gündə Gürcüstan ərazisində narkotik maddələr “Georgi strategiyası” adı ilə satılır). Qədim proqrama görə gürcülər nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinə soxulmalı, narkotik bitkilərin ərazilərini zəbt etməli idilər. Nəticədə, 1161-ci ilin avqust ayında gürcü çarı III Georgi (1156-1184) Azərbaycana hücum etdi. O, Aranı, Muğanı, Gilanı, Şirvanı zəbt etdi. Torpaqlar alındı. Əhalidən beş yüz kisə tiryək çıxdı. Bu gürcü çarı üçün ən böyük qənimət idi. Bu, Azərbaycan ərazisində başlamış ilk tiryək müharibələrindən biri olaraq qalır. Sonra bu tiryək kisələri Qara dəniz vasitəsiylə Avropa ölkələrinə göndərildi. Məsələn, qədim salnaməçilərdən olan Vardanın yazdığına görə, “…gürcülər xeyli sayda azərbaycanlını qılıncdan keçirdilər. Təkcə əsir almanlar 41 min nəfər idi. 10 mindən artıq sakini qarət edib, qırdılar; çoxlu qadın və uşağı soyundurub ayaqyalın halda qovub əsir apardılar…”.

Fotoğrafv

Azərbaycan torpaqlarında bitən xaş-xaş və çətənə kolları 1175-ci ildə İngiltərənin qoşun kontingenti arasında geniş yayılır. Nəticədə, bir gündə min iki yüz əlli nəfər əsgər zəhərlənərək ölür və yaxud xırda dəstələrə bölünərək, bir-birlərini qırıb məhv edir.

Araşdırma materiallarına görə, XI-XV əsrlər arasında Azərbaycanda irili-xırdalı xeyli sayda dağıdıcı müharibələr olub. XV əsrdə Xəzər narkoticarətdə Həştərxan-Orta Asiya-Rusiya əlaqələrində misilsiz rol oynadı, tiryək satan kiçik alverçi dəstələr peyda oldu.

I Şah İsmayılın “…insanları insanlıqdan çıxaran, milləti ləyaqətsiz edən…” tiryək dəstələrinə və alverçilərinə qarşı barışmaz mövqe seçməsi, bu istiqamətdə iki fərman imzalaması hələlik tədqiq olunmayıb. Tiryək ticarətçilərinə, xaş-xaş və çətənə əkənlərə qarşı amansız mövqedə dayanan I Şah İsmayıl ilk dəfə “Şahın zərbə vuranları” qrupunu yaratdı. Məlumata görə, Şah İsmayılın xaş-xaş və çətənə kollarına “Zərbə vuranları” Avropaya dəvət olunurdular, hər döyüşdən sonra onlar qənimət və mükafatla geri qayıdırdılar. Bu, artıq ənənə şəklini almışdı. Salnaməçilər qeyd edirlər ki, vuruşma zamanı yad ölkədə şəhid olan azərbaycanlıya yeddi gün yas tutulurdu. Narkotikaya qarşı mübarizədə həlak olan, şəhid olan əsgər isə qürbət eldə ən ləyaqətli əsgər kimi dəfn olunurdu.

Mən nə üçün bunları xatırladım. Ona görə ki, bu bizim taleyimizdir və heç vaxt pozulmayan tariximiz olaraq qalır.

Artıq 1509-cu ildə Azərbaycan ərazisində belə zərbə vuran qrupların sayı yetmişi keçirdi və orduda ən çox maaş alan da elə onlar sayılırdı. I Şah İsmayılın göstərişlərindən biri bu idi ki: – “vətəni, milləti, övladını… öz şahını, Allahı sevməyən kəsi “Şahın zərbə vuran qrupları”na daxil etməyin…”

I Şah İsmayıl dövründə tiryək və çətənəyə qarşı mübarizədə ölən əsgər üçün yeddi gün Quran oxunurdu. Alimlərin fikrincə, bu məsələ genetik bir məsələ kimi qiymətləndirilirdi. Yəni azərbaycanlı genetikasını məhv edən, onu çürüdən və ağılsız edən… tiryək və xaş-xaşa qarşı amansız olmağı Səfəvilər dövləti həmişə yüksək qiymətləndirib. Lakin I Şah İsmayıl dövlətinə maraq göstərən Avropa dövlətlərinin də gizlin strateji maraqları var idi. O da Azərbaycanın çöllərində bitən xaş-xaş və çətənə kolları ilə bağlı idi. I Şah İsmayıl məhz avropalıların bu marağına cavab vermədiyinə görə bir çox müqavilələrdən imtina etdi. Avropalılar isə I Sultan Səlimlə bağladıqları müqavilələrdən istifadə edərək, I Şah İsmayıla qarşı vuruşdular.

Tarix, vaxt və zaman dəyişsə də, onun azərbaycanlıya xas olan mərdlik və cəsurluq ənənələri dəyişmədi. O, yeni formada təzahür etdi.

Narkotiklərlə mübarizədə ən böyük ağırlıq bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin polis orqanlarının çiyinlərindədir. Bu cəbhə böyük və beynəlxalq aləmdə gündən-günə nüfuz qazanan bir cəbhədir, heç bir narkoqrup, heç bir cinayətkar dəstə, heç bir narkokuryer və yaxud narkobaron bu cəbhəni yara bilməyib. Azərbaycan polisi bu istiqamətdə aparılan mübarizədə məğlub olmağı sevməyib. Azərbaycan polisi narkotiklərə qarşı mübarizəni ağılla, fiziki güclə, silahla aparıb. Düşmən həmişə hiyləgər olub və olacaq. “Narkotiklərə qarşı döyüş səhnəsində Azərbaycan polisi canını qoyur, güllə qabağında dayanır… amma məğlub olmur…” – Bu sözləri isə fransız ictimai-siyasi xadimi Mişel Baylet 2012-ci ildə deyib.

Ötən sərin 80-90-cı illərində Əfqanıstan Respublikasında narkokəşfiyyatın rəhbəri olmuş general-polkovnik Y.V.Larin xatırladırdı ki, İttifaq ərazisində yeganə Azərbaycan milisidir ki, (polisi) narkotiklərlə mübarizədə heç kəsdən və heç vaxt təmənna ummur. O, davam edirdi: “…Mən bununla bağlı qırx beş dəqiqə Moskvada Kremlin qurultaylar sarayında çıxış etmişəm… Narkotikdən rüşvət götürməyi Azərbaycan milisi heç vaxt öz şəxsiyyətinə sığışdıra bilmir. Mən narkotiklərə qarşı ölüm-dirim mübarizəsi aparan azərbaycanlını həmişə yanımda xatırlamışam…”

Araşdırmalarımıza görə, narkotiklərə qarşı mübarizə aparan polislərinizin böyük bir qismi mənəvi cəhətdən çox zəngindir. Onlar ən adi əməliyyatlarda belə, ağılla hərəkət etməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər. Onlar sərrast düşüncələrilə, ağıllı addımları ilə cəmiyyətdə meydan sulayan, millətin genetikasını iflic edən narkoqrupları diz çökdürüb, məğlub ediblər. Şübhəsiz, hər əməliyyatın arxasında qələbə ilə yanaşı… ölüm də var… Fikrimcə, ölümlə üz-üzə dayanan, narkotiklərə qənim kəsilən polis qrupları Azərbaycanın, millətin və xalqın şərəf işi olaraq qalır. Ölkədə hər an, hər vaxt yayıla biləcək narko-epidemiyanın qabağını alan məhz onlardır. İnsanı şərəfsiz və ləyaqətsiz həddə çatdıran narkotiklərə qarşı Şah İsmayılla başlayan mübarizə Ulu öndərimiz Heydər Əliyevlə davam edib.

Ümummilli lider H.Əliyev cənabları hələ 2000-ci il iyul ayının 5-də BMT Baş Katibinin müavini Pino Arlakki ilə görüşündə demişdir: “Narkotiklərlə mübarizə sahəsində biz bir çox tədbirlər görmüşük… Azərbaycan, coğrafi vəziyyətinə və mövqeyinə görə, narkotiklərin Əfqanıstandan, Mərkəzi Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımi tədbirlər görürük… Ancaq biz arxayınlaşmırıq, həmin kanalların qarşısını almaq üçün daim lazımi tədbirlər görürük və görəcəyik…”

Narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Buna görə də indi dünyada, o cümlədən, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkəmizdə Cənab Prezident İlham Əliyevin tövsiyələrilə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961, 1971 və 1988-ci illər) ətrafında sıx birləşərək, vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər. Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya

dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilmişdir.

Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımçı Komissiyasının 32-ci sessiyasında çıxış edərək, Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bir daha bəyan etmişdir. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq, ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Ulu öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramı fəaliyyətə başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun qəbul olunmuşdur.

Hazırda dünyanın bir sıra ölkələri (istər şərq olsun, istərsə qərb), Cənubi Amerikanın və Afrikanın, Avropanın, Asiyanın regionları opium və yaxud heroin müharibələriylə üz-üzə qalıb. Bu müharibələr neft və su müharibələrindən də dəhşətli fəsadlar törədir. Belə bir sual bizi düşündürür: Azərbaycan “heroin müharibəsi”nə cəlb oluna bilərmi? Əvvəlcə onu dövrələyən tarixi mühitə yenə nəzər salaq.

Bəşəriyyət tarixinin müəyyən mərhələsində, Böyük Britaniya Çini öz koloniyasına çevirməyə cəhd etdiyi bir vaxtda, külli miqdarda narkotikin Çinə göndərilməsini təchiz edir, əvəzində qızıl və xəz daşıyırdı. Məqsəd Çin ordusunu parçalamaq, onların döyüş əzmini qırmaq, dövlətin gələcək inkişafını dayandırmaq və Çində opiumdan istifadəyə geniş şərait yaratmaqdan ibarət idi. “İpək yolu”nu onlar əsas yol kimi götürdülər…

1839-cu ildə Çin Böyük Britaniyanın pozucu təsirinin qarşısını almaq və opium ehtiyatlarını məhv etmək üçün geniş əməliyyatlara başladı. İngilislərin narkotik maddələrlə yüklənən gəmilərini dənizdə batırdı. Buna cavab olaraq, ingilislər öz gəmilərini müdafiə etmək məqsədilə Çinə böyük hərbi dəstələr göndərdi. Tarixdə Böyük Britaniya ilə Çin arasında gedən bu müharibə (1856-1860-cı illər) opium müharibəsi kimi yadda qaldı. Amma Çin ordusu bu müharibədə hərbi müvazinətini saxlaya bilmədi və demək olar ki, məğlub oldu. Lakin təzyiqlər 1858-ci ildə Çini opiumun ölkəsinə import edilməsinə böyük gömrük rüsumu alınmaqla razılıq verməyə məcbur etdi. Kral ailəsinin özəl maraqları təmin olundu, bu razılığın nəticəsi olaraq, ailəyə böyük gəlirlər gəldi.

Bütün bunlara baxmayaraq, 1905-ci ildən başlayaraq, Çin opiumun mərhələlər üzrə ləğvi istiqamətində 10 il ərzində ciddi islahatlar apardı. Narkotiklərlə mübarizə dövlət siyasətinin prioritet təşkil edən məsələsi kimi bu gün də gündəmdədir.

1803-cü ildə tiryəkin emal məhsulu kimi morfinin, eləcə də 1853-cü ildə Çarlz-Qabriel Pravaz tərəfindən inyeksiya iynəsinin kəşf edilməsi narkotiklərin yayılmasına təsir göstərmişdir. Bu isə onun tətbiqini sadələşdirmiş və təsirini gücləndirmişdi. Belə ki, narkotik artıq həzm yolundan yan keçərək, dərhal qana daxil olurdu. Bundan başqa, belə bir rəy də yayılmışdı ki, tiryəkdən fərqli olaraq, morfin narkomaniyaya səbəb olmur, çünki narkomaniya yalnız “mədə xüsusiyyətləri” ilə şərtlənmişdir. Hesab olunur ki, morfinizmin başlıca yüksəlişləri Krım (1853-1856) və Fransa- Prussiya (1870-1871) müharibələri, həmçinin, ABŞ-dakı vətəndaş müharibəsi dövrünə təsadüf edir. Morfin müharibə zamanı hərbçilər üzərində aparılan əməliyyatlarda ağrıkəsici vasitə kimi istifadə edildiyindən, lazaretdə olan əsgərlər çox vaxt müharibədən morfin-narkomanlar kimi qayıdırdılar. Lakin bu, həmin zamanlar cəmiyyəti hələ ki, o qədər də narahat etmirdi, çünki təsadüfi sui-istifadə halları sayılırdı və “əsgər xəstəliyi” adı almışdı.

Elə bu dövrdə kokain Avropanı fəth etmişdi. 1911-ci ildə Londonda kokaindən istifadə edilməsi ictimai təzahür kimi qəbul edilirdi. 1915-ci ildə kokain problemi özünü bütünlüklə büruzə verdi. Kokain cəmiyyətin müəyyən təbəqələrinin həyat atributuna çevrildi. Fahişələr və əsgərlər ondan aktiv istifadə edirdilər. Lakin Birinci Dünya müharibəsi kokainin geniş surətdə yayılmasına mane oldu. Hərbi heyətlərin rəhbərləri kokainin insan iradəsini sarsıtdığını görərək, onun qadağan olunması istiqamətində tədbirlər gördülər. 11 may 1916-cı ildə kokainin və bir sıra digər narkotik tərkibli maddələrin Böyük Britaniya ordusunun əsgərləri tərəfindən istifadə olunması qadağan edildi.

Tarixçilərin tədqiqatına görə, Avropada narkotiklərdən istifadə və qəbulunun geniş vüsət alması İngiltərədə (1840-cı il) antialkoqol qanunlarının qəbul edilməsi ilə bağlı olmuşdur. Məhz elə həmin dövrlərdə alkoqollu içkilərin satışının məhdudlaşdırılması nəticəsində İngiltərənin fəhlə təbəqələri alkoqol içkilərinin əvəzinə opiumun qəbuluna başladılar. Bu dövrdə istehsalı və satışı vüsət almış opium həblərinə daha çox üstünlük verilirdi. Təkcə 1859-cu ildə İngiltərədə 61 min funt sterlinq məbləğində opium qəbul olunurdu. Bu, təxminən ildə 28 tona yaxın opiumdan istifadə deməkdir. Müxtəlif mənbələrə istinad etsək, il ərzində İngiltərə əhalisinin təxminən 5%-nin opium istifadəçiləri olduğunu görə bilərik. İngiltərə hökuməti bu sosial bəlanın qarşısını almaq məqsədilə 1893-cü ildə opiumun qəbulu məsələləri ilə bağlı kral istintaq komissiyasının yaradılması barədə təklif verdi. 1895-cu ildə Komissiyanın hesabatı mətbuatda dərc edildi.

Lakin Komissiya, ingilis koloniyası olan ölkələrdə narkotiklərin qadağan olunmasını və ya məhv edilməsini arzuolunmaz hesab etdi. Bəzi həkimlər də belə bir rəyə üstünlük verirdilər ki, bir qisim insanlar bunu “kayf-ləzzət” almaq üçün, digər qruplar isə bunu gündəlik həyat fəaliyyətinin əsası kimi qəbul etdiyindən, məsələnin həllinə yumşaq mövqedən yanaşılırdı.

Həmin illərdə Fransada həşişin – xaş-xaşın qəbulu genişlənmişdi. Daha çox istifadə edənlər ədəbiyyatçılar sayılırdı. Hətta 1830-1840-cı illərdə “Həvəskar həşiş bədii özfəaliyyət klubu” da yaradılmışdı. Həmin dövrdə – 1838-ci ildə küçələrdə iğtişaş və qarışıqlıq salan Paris hərəkatının (tətilin) iştirakçıları, tələbələr küçələrdə qışqıraraq xaş-xaşın azad satışını tələb edən şüarlar səsləndirirdilər.

Həşişdən sonra Fransada “absent” bitki şirəsinə meyl artmağa başladı. Bu adı fransız həkim – Pyer Ordiner kəşf etmişdi. Pyer Fransa inqilabının iştirakçısı kimi İsveçrədə emiqrant həyatı yaşayırdı. Nəticədə bu içkiyə maraq artmağa başladı və tədricən Fransa ordusuna yol tapdı.Təkcə Belçika dövləti bunun təhlükəliliyini anlayıb 1905-ci ildən başlayaraq, ona qadağalar qoydu.

1909-cu ildən başlayaraq Avropa və   ABŞ-da antinarkotik hərəkatları meydana gəldi. Həmin vaxt ABŞ prezidenti Ruzveltin 1909-cu il Şanxaydakı “Opiumun qadağan olunması” konfransında tələsik olaraq, opiumun qadağan müzakirəyə çıxartdı, ondan gətirilməsinə embarqo qoyuldu.

Şanxay konfransının nümayəndələri Rusiya, Avstriya, Britaniya, Çin, Hollandiya, İran, Portuqaliya və digər ölkələr dünya ölkələrinin hökumətlərinə tədricən opiumdan öz ərazilərində hətta siqar kimi çəkməyi belə qadağan, tədarükünü və istehsalını təbabətdən kənar istifadə etmək, onu ciddi nəzarətə götürmək barədə tövsiyə imzaladılar.

Amma bir müddət sonra opium başqa bir bəla ilə əvəz olundu. ABŞ-da morfı deyilən maddədən istifadə (XIX əsrin sonunda) opiumu sosial ətrafdan sıxışdırdı. 1910-cu ildə isə morfıni heroin əvəz etdi. Narahatlıq doğuran hal ondan ibarət idi ki, həmin dövrdə nə morfı, nə də heroindən istifadə hələ qadağan olunmamışdı.

1969-cu ildə ABŞ-ın digər prezidenti Riçard Nikson narkotik probleminə qarşı özünün radikal mövqeyi ilə seçildi və hakim komandaya məsələ ətrafında yumşaq mövqe tutduqlarına görə ciddi irad tutdu. Onun narahatlığına əsas var idi. Vyetnam müharibəsində Amerika hərbçiləri məhz narkotik vasitələrdən istifadə nəticəsində döyüş əzmi nümayiş etdirə bilməmişdilər (məğlub olmuşdular…).

Bu mənada Niksonun idarəçiliyi dövründə amerikalılar üçün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sanksiyanın sərtləşdirilməsinə zəmin yarandı. Lakin bu ərəfədə marixuananın qəbulu əhali arasında artıq yayılmışdı. Beləliklə, Çindən sonra ABŞ dünyada uzun müddət antinarkotik mübarizəsində lokomotiv rolunu oynadı.

1979-cu ildə ABŞ-ın növbəti prezidenti Cimmi Karter Sovet İttifaqını sarsıtmaq, dağıtmaq və dünyanın siyasi xəritəsindən silmək üçün narkotiklərin təsiri vasitəsilə Əfqanıstan mücahidlərindən siyasi məqsəd üçün, hiyləgər diplomatiyasayağı istifadə etdi. ABŞ Əfqanıstanda opiumun satışından əldə edilən kapitalla geniş, müasir silah-sursatla (MKİ-nin burda xüsusi köməyi oldu) mücahidləri silahlandırırdı.Təkcə onu qeyd etmək kifayətdir ki, 1980-cı ildə Amerikada olan heroinin 60%-i Əfqan mənşəliyə aid edilirdi.

Sonrakı mərhələdə prezident Ronald Rey qan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlətin siyasi kursunu gücləndirdi. Ümummilli kompaniya Reyqanm arvadı Nensi tərəfindən “Sadəcə yox de” ingilis dilində “Just Say No” eqidası altında həyata keçirilməyə başlanıldı və səmərəsi də oldu.

Həmin illərdə (1985-ci ildə) narkobaronlara qarşı “ölüm cəzasının” tətbiq edilməsi təklifi də səslənmişdi. Bu təklifi narkotiklər üzrə Federal Büronun rəhbəri Karlton Temer irəli sürmüşdü.

Niksondan sonra bu istiqamətdə mübarizə səngidi və SSRİ-yə qarşı soyuq müharibə kursu ilə əvəz olundu. Bu siyasət 1991-ci ildə bəhrəsini verdi, sovet divarı – səddi dağıldı.

Digər təhlükəli narkotik vasitə 1803-cü ildə morfınin kəşfi idi. Morfi opiumun təkrar emalı nəticəsində alınırdı. Opiumdan fərqli olaraq, morfınin qəbulu daha sadə idi və inyeksion yol (iynə vasitəsilə) ilə birbaşa qana (mədəyə ötürülmədən) yeritmək mümkün idi. Morfi müharibə vaxtı əsgərlərin – yaralıların əməliyyatı zamanı ağrıkəsici preparat kimi də əhəmiyyət kəsb etdiyindən, onun ləğvinə o qədər də cəhd göstərilmirdi.

Elə həmin ərəfədə Avropada kokain hasil edildi. 1911-ci ilə yaxın bir vaxtda İngiltərədə kokainin istehsalı ictimai bir hadisə kimi qəbul edildi və 1915-ci ildə kokain inkişaf edən tələbat problemi kimi özünü təsdiqləmiş oldu və cəmiyyətdə müəyyən təbəqənin atributuna çevrildi. Lakin I Dünya müharibəsinin başlanması ilə kokainin əhatə dairəsi daraldı. Hərbi rəislər bu maddənin döyüş ruhunu sarsıdan, ağlı çaşdıran bir hal kimi qəbul etdilər və onun qadağan olunmasına ciddi tədbirlər görməyə başladılar.

Narkotik maddələrin digər inkişaf mərhələsində Meksika kaktusundan 1896-cı ildə alınan meskalin tarixin yaddaşında özünə yer aldı. 1919-cu ildə meskalin kimyəvi yolla – sintezin köməyi ilə alınırdı. Bu maddənin təsiri nəticəsində ağılın illüziya vəziyyətini öyrənmək mümkün olurdu.

Tarixdə belə bir fakt da diqqət çəkir. 1940-cı ildə İngiltərə üzərində alman təyyarəsi vurulur. Hadisə yerinin və təyyarənin müayinəsi zamanı təyyarənin pilotunda bir neçə kiçik qənd parçaları tapılır. Həmin tikələrdə aşkar edilən maye ləkələri kokaini sıxışdıran amfetamin adlanırdı. Məlum olur ki, amfetamin tərkibin görə, yorğunluğu aradan qaldıran, iş qabiliyyətini artıran xassəyə malikdir. Onun bir neçə damcısı damızdırılmış qəndi qəbul edən pilot əməliyyatlarda daha cəsarətlə iştirak edə bilir. Vyetnam müharibəsində Amerika hərbiçiləri amfetamindən istifadə etmişlər.

1930-cu illərdə Amerika cəmiyyətində amfetamin və benzedrin maddələrindən yük avtomobillərinin sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün “bəhrələniblər”. Nəhayət, amfetaminin böhran vaxtında onun tapılması çətinləşdi, yaranmış defisit tədricən həmin maddənin qiymətinin qalxmasına təsir etdi və təbii hal kimi tələbatın ödənilməsi bəziləri üçün əlçatmaz oldu. Pul əldə etmək və amfetamini almağa yollar axtarıldı, tədricən müxtəlif cinayətlərə meyl artdı. Beləliklə, narkotik vasitələrin dövriyyəsi və mübarizəsi ilə bağlı bürolar təsis edilməyə başlanıldı.

Müasir dünyada narkotik problemə aid başqa baxışlar da var. İnkişaf etmiş sivil ölkələrdə belə cinayətə qarşı düşünülmüş mübarizə kursu həyata keçirilir. Faktiki olaraq, Niderlandda qara bazar yoxdur. Ölkədə təkmil qanunvericilik bazası var. Bu gün Niderlandda 1500 lisenziyalaşmış müəssisələr fəaliyyət göstərdiyindən, narkomanların sayı da azalmağa doğru gedir.

2013-cü ilin yanvar ayında Böyük Britaniyanın lordlar palatasının partiyalararası qrupu 31 ekspertin rəyinə əsaslanaraq, narkotiklərdən sui-istifadə məsələləri üzrə polis rəhbərlərindən ibarət assosiasiyanın yaradılması haqda təklif verdi. Təklif nəticəsində narkotik maddələrin saxlanılması və qəbulu kriminallıqdan çıxarılmalı, həyat və sağlamlıq üçün daha təhlükəli narkotik preparatların satılmasına dair xüsusi lisenziyanın verilməsinə icazə verilməli idi.

Beləliklə, narkomaniya dedikdə – narkotik vasitələrdən fiziki və psixioloji cəhətdən asılı olmaq və tədricən orqanizmin məhv olması başa düşülür. Asılılıq, bihuşluq və ağılsızlıq da bundan yaranır.

Bu gün narkomanların siyahısı dünyada artımla müşahidə edilir. Bu prosesin əyləci dünyada yeni epidemiya – SPİD yaranandan sonra qismən dayanıb və yerini yeni növ bəlaya verib.

1980-ci illərdə İspaniyanın gecə klublarının birində musiqi ilə başlayan və davam edən “ekstazi” həblərinin qəbulu aşkar olundu. Onu qəbul edənlər gümrahlıq əldə edir və yorulmadan səhərə qədər rəqs edə bilirlər. Alimlər belə qənaətə gəlirlər ki, səslənən musiqi həbi qəbul edənin beyninə təsir edir və o, təxminən 2 saatdan 8 saata qədər yorulmadan hərəkətdə olur. Amma “ekstazi”dən (bu da narkotiklərin təhlükəli növü sayılır) hər il yüzlərlə cavanlar dünyasını dəyişirlər. Əksər dövlətlərdə bu həb qadağan olunmuşdur. Həbi qəbul edənlərin böyrək və ciyərində ciddi dəyişikliklər əmələ gəlir… bu isə sağalmaz xərçəngə çevrilir.

“Flakka” isə daha təhlükəli narko-həb kimi bu gün meydandadır. Xüsusən bəzi xalqların, millətlərin tarixdən tamam silinib getməsinə xidmət edən bu narkotik maddə – bədəni iflic edib, beyini düşünməkdən məhrum edən bu həb üçün isə heç bir vaksin və ya profilaktik tədbir yoxdur…

Yaşadığımız yeni yüzillikdə narkotik maddələrə qarşı aparılan mübarizə bizdən daha ciddi islahatlar tələb edir.

Bu kitabda Azərbaycan polisinin – narkotiklərə qarşı mübarizə cəbhəsində dayanan cəngavərlərin mübarizə tarixinin bir parçası əks olunub. Qeyd edim ki, bu kitab çox həssaslıqla və polislərimizə böyük məhəbbət və sevgi ilə yazılıb. Ona görə ki, bu kitabın dəyəri həqiqət üstündə köklənib. Oxuduqca oxumaq istəyirsən. Bu kitab polis orqanlarında çalışanları bir daha bizə tanıdır. Gözəl tərəflərini təbliğ edir.

Müəllif, ictimai-siyasi mühitimizdə, xarici ölkələrdə tanınan insandır. Onun indiyədək Milli Təhlükəsizliyimizlə bağlı olan yüzlərlə elmi-tədqiqat məqalələri, onlarla monoqrafiya və digər kitabları ilə tanışıq. Vaxtı ilə Ulu Öndər Heydər Əliyev onun xüsusən beynəlxalq terrorla və korrupsiya ilə bağlı araşdırmalarına xüsusi qayğı ilə yanaşmış, işğal altında olan ərazilərimizi, Dağlıq Qarabağ torpaqlarını əhatə edən ilk elmi-tədqiqat əsərini – “Qarabağ: Nəzarətsiz zona” kitabını bir neçə dildə çap etdirib. H.Əliyev Fondu isə müəllifin “Leyla Əliyeva: Xocalıya ədalət! Erməni terroruna qarşı yeni strateji model” üç cildliyini nəşr etdirib. Müəllif Azərbaycanda ilk tədqiqatçılardandır ki, birbaşa ermənilərin qoruduğu arxivdə (Livan) iş aparıb. O, mübarizə aparıb. Qısqanclıq və paxıllıq zəminində ona qarşı da mübarizə aparıblar. Bəzən udub, bəzən uduzub. Amma bu vuruşlarda ədalət həmişə zəfər çalıb. O, ruhdan düşməyib. Bu gün o, Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan alverinə, Banditizm və Mütəşəkkil Cinayətkarlığa, Terrorçuluğa qarşı mübarizə aparan polislərin həyatını əks etdirən yeni kitablarını hazırlayır. Gəncliyin, yeni yetişən nəsillərin, ümumiyyətlə, bizim özümüzün buna ehtiyacımız var. Şübhə etmirəm ki, bu kitablar əsasmda dəyərli filmlər də çəkiləcək.

Artıq dünyamn kəşfiyyat sənədlərində biz bu gün “narko-korrupsiya” ifadəsinə də rast gəlirik. Bu daha ciddi və daha təhlükəlidir. Bu narkocəbhə heç bir dövlət siyasəti, insanlıq sərhəddi tanımır. O, həmişə dövlət daxilində dövlət qurmaq meylindən əl çəkmir. Narkokorrupsiyanın proqramında dövlət çevrilişləri, qətllər… ictimai-siyasi

adamların aradan götürülməsi, siyasi qətllər, terror hadisələri, insan alveri və oğurluqları, kütləvi qırğın silahları ilə məşğul olan qara bazar tacirləri… artıq görünməkdədir. Artıq bu gün Azərbaycanın Silahlı Qüvvələrində, onun digər qoşun kontingentində bu bəlanın – narkomaniyanın kökü bir dəfəlik kəsilib. Bu özü, dövlət başçımızın, Cənab İlham Əliyev siyasətinin ən böyük qələbələrindən biridir.

Şübhəsiz, Azərbaycanda bu məsələ həmişə gündəmdə olan məsələ kimi mənəvi cəhətdən sağlam olan hər kəsi çox düşündürür.

Azərbaycan bu gün dünyada narkotiklərə qarşı mübarizədə xeyli iş görüb. Artıq BMT sənədlərində Bakı bu istiqamətdə ciddi mövqeyi olan şəhərlərdən biri kimi qeyd olunur, başqa dövlətlərə nümunə kimi göstərilir. Azərbaycan polisinə gəlincə, bu polis əməkdaşları dünya mətbuatı səhifələrində “Məğlubedilməz dəstə” kimi qeyd olunur.

Dünyanın narko-tarixinə bir də nəzər salmaq maraqlı olar. Çünki Azərbaycanın narkotiklərə qarşı mübarizə tarixini dünyanın narko-tarixindən ayrı təsəvvür etmək mümkün deyil..

Azərbaycanda narkotiklərə qarşı mübarizə davamlı və həmişə diqqətdə olan aktiv dövlət siyasəti olaraq qalır.

 

 

Share: