“Ayrılıq” mahnısının müəllifi bu dünyadan ayrıldı

Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur “Ayrılıq” mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı məlumat verib.

Xalq şairi bildirib ki, musiqisi Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimiyə məxsus olan “Ayrılıq” milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq.

Qeyd edək ki, “Ayrılıq” mahnısını ilk dəfə bəstəkar və tarzən Əli Səliminin xanımı Fatəmə Qənnadi 1958-ci ildə oxuyub. Lakin mahnının sözləri senzuraya məruz qalıb və ifasına icazə verilməyib. Bundan sonra Ə.Səlimi mahnının sözlərinin sevgi motivinə dəyişdirilməsini F.İbrahimidən xahiş edib və yeni sözlər yazılıb.

1961-ci ildə İranda səfərdə olarkən bu mahnı “Sizə salam gətirmişəm” mahnısı ilə birgə Rəşid Behbudova təqdim edilib. R.Behbudov Bakıya qayıtdıqdan sonra bu mahnını öz ifasında lentə yazdırıb və “Ayrılıq” bu ifa ilə də məşhurlaşıb.

R.Behbudovun İrana növbəti səfərlərinin birində F.İbrahimi mahnının sözlərini rəsmi olaraq R.Behbudova təqdim edib.

Qeyd: Təqdim edilən foto F.İbrahiminin R.Behbudova mahnının sözlərini verdiyi anı əks etdirir.

Share: