Yenə inanacam mən, gəlib yalan desənə

Səadət RZAYEVA
GÖZƏL SEV MƏNİ
Gərək sevəndə də gözəl sevəsən,
Hər sevən bilmir ki, sevgi nə demək.
Sevgi ülviyyətdir, sevgi cəsarət,
Allah! Nə gözəldir gözəl sevilmək.
Sevmək istəyirsən ruhun ilə sev,
Saflığı könlünə dilə , sev məni.
Məsələn, söyləyim necə sev məni-
Kərəmtək alış- yan, belə sev məni.!
Sev məni, göldəki sonalar kimi,
Çünki bir- birindən ayrılmır onlar.
Sev məni, dənizdə balıqlar kimi,
Çünki səssiz eşqdə firtınalar var.
Sev məni, sərçənin gözyaşları tək,
Bilirsən, sərçələr ağlasa ölər.
Sev məni, qurdların məhəbbəti tək,
Cəsarət Boz Qurda sevgidən gələr!
Dərdləş mənimlə sən, aç ürəyini
Eşqin yollarında duraq bərabər.
Hörmet et sevgimə əvvəlki kimi,
Ömrü birgə başa vuraq bərabər.
Nəfəstək sev məni , gözucu deyil,
Bu eşqin bir anı getməsin hədər.
Sev məni, bağçada min bir həvəslə,
Bir bağban gülləri sevdiyi qədər.
Bilmirəm, çox şeymi istəyirəm mən,
Əgər səhvim varsa, keç günahımdan.
Bilirsən, kimdəndir bu eşq diləyim?
Əzizim, bir səndən, bir Allahımdan .
BU ÜRƏK
 Bircə dəfə sən könlümə qonaq gəl,
Qoy sevinsin sevgi dolu bu ürək.
Qoy görüşsün xəyallarım vüsalla,
Hicranımın yolu olub bu ürək,
Sənsiz sənlə dolu olub bu ürək.
Bircə dəfə dolaş mənim qanımda,
Gör nələr var. səni sevən canımda,
Sən məndəsən, olmasan da yanımda,
Həsrətindən dəli olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək…
Bircə dəfə ol arzumun pənahı,
Mən çəkəcəm bu əzabı, günahı,
Bircə dəfə ol gecəmin sabahı,
Sevdamızın qulu olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək…
Bircə dəfə yaşa mənlə zamanı,
Qoy böyüsün eşqimizin gümanı,
Gözləyirəm qovuşacaq o anı,
Könlümüzdə ulu olub bu ürək
Sənsiz sənlə dolu olub bu ürək.
YENƏ SƏNSIZLƏŞMIŞƏM
 Yenə sənsizləşmişəm, yenə yalnız qalmışam,
Qəlbimdəki sevdamla, bir üsyana qalxmışam,
Gizli-gizli ağlayıb, səssizliyə dalmışam.
Ürəyimdə başlayan təlatümü boğsana,
İntizar gözlərimi bu yollardan yığsana.
 Yenə sənsizləşmişəm, yalandan gəl sevməyə,
Yenə de yalanını, de ki, gəldim ölməyə,
Yenə danış sevgidən, yenə başla gülməyə,
Yenə inanacam mən, gəlib yalan desənə,
Sonra yenə könlümü yerlə-yeksan etsənə…
 Yenə sənsizləşmişəm, eşqin köztək dağlayır,
Axan gözyaşlarımın izləri buz bağlayır
Ürək dözmür həsrətə, gecə- gündüz ağlayır,
Ucalıbsan şöhrətə, daha niyə gələsən,
Son vida edəcəyəm bu sevgimə- biləsən.
KIMSƏN SƏN
Bilmirəm kimsən sən, ey qafil insan,
Günlərdi könlümə qənim olubsan.
Mən aşiq olmaram deyib durardım,
Sanki sən həmişə mənim olubsan.
İlişib qalmışam didələrində,
Məni baxışınla tora salıbsan.
Bəlkə də qəlbində başqa biri var,
Ancaq mənim üçün sən doğulubsan.
Gecə kimi qara eşqimin üzü,
Gecə- gündüzümə qənim olubsan.
Xəbərin olmadı sevgimdən, düzü,
Esqimdən xəbərsiz mənim olubsan.
Kimsən sən , əzizim, belə doğmasan?
De hansı xəyala, fikrə dalıbsan?
Nə dost deyilsən ki, nə də sevgili,
Sanki ruhumdasan , mənim olubsan.
Bilmədim nə zaman girdin qəlbimə,
Bir də ayıldım ki , məskən salıbsan.
Bilmədim sən kimsən, kimin nəyisən?
Elə bil həmişə mənim olubsan.
Share: