Ürəyimdə qızı bağrıma basıb dedim…

Səhər ƏHMƏD

(DUYĞUSAL TƏƏSSÜRAT)

Ev təmizliyinə köməyə çağırdığım bir qadın vardı. Qəribə taleli idi. Türkmənistana ərə getmiş, orda oğul qız böyütmüş, ev eşik tikmişdi, sonra nə olmuşdusa, ən balaca qızını götürüb Bakıya gəlmişdi. Məktəbdə xadimə işlıyir, evlərə təmizliyə gedir, kirayə evlərdə qızını böyüdürdü. Sənədləri də qaydasında deyildi, gedib ordakı böyük oğul və qızlarını görə bilmirdi, amma nikbin idi, o biri uşaqlarının həsrətini də sevgiyə çevirib bu qızına yönəldirdi, onu gözündən qirağa qoymur, özüylə təmizliyə getdiyi evlərə aparır, ağzının tikəsini ona yedirirdi.

Çox ürəyim yanırdı Bakıda bir birindən başqa kimsəsi olmayan o ana-balaya. Hərdən qızına deyirdim ki, bax böyüyəndə yaxşı oxu, özünə gün ağla… Uşaq göy dözlərini üzümə dikib məlul-məlul baxardı. Düzü, öz dediklərimə özüm də inanmırdım.
Beş altı il olar, koordinatlarını itirmişdim. Narahat idim, çünki qızı ali məktəbə hazırlamağı, bu yolla onlara kömək olmağı istəyirdim.
Bu yaxınlarda təsadüfən gördüm, görüşdük, gözümə yaxşı dəydi.
– Qızın necədi-dedim, indi on birdə oxumalıdır, hə ?
Ananın üzündə sevincdən sanki lampa yandı, günəş işığı yayıldı ətrafa:
– Nə on bir, qızım 650 balla İdarəçilik Akademiysına daxil oldu..
Sonra soruşuram, o da danışır, ana birtəhər qızını kursa yazdırır, orda ona uşağın çalışqanlığına və maddi vəziyyətinə görə çox güzəşt edirlər. Sonra sənədlərini düzəldir, Türkmənistana gedir, əriylə barışlr, böyük oğluna toy edir, qızının Bakıda oxumaq arzusuna görə təzədən qayıdır. Ana danışdlqca mən bir vaxtlar üzümə zillənən o gömgöy uşaq gözlərini xatırlayırdım və nədənsə kövrəlirdim.
– Oxuda bilirsən, əziyyət çəkmirsən ki?
-Yox, əlaçı təqaüdü allr.
Ürəyimdə qızı bağrıma basıb dedim, “Bərəkallah, qızım, sən ən çətinini bacardın…

Share: