Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur. Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır. 

Qeyd edək ki, MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrufat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.


Share: