Andrey Qalamaqa: – Məzarlığın küncündə Yatır o yaxşı adam!

Andrey Qalamaqa 1958-ci ildə anadan olub. M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Şeirlər, pyeslər, film ssenariləri və bədii tərcümələrdən ibarət 6 kitab müəllifidir.  Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır.

Yaradıcılığı fəlsəfi tutumu, fani həyata deyil, əbədiyyətə – irfana bağlılığı, haqq-ədalət uğrunda mübarizliyi ilə seçilir.

Andrey Qalamaqa Azərbaycan oxucularına ilk dəfədir təqdim edilir.

Ölüm mələyi

 

Ömür kitabımı son qapı kimi

Arxamca bağlayıb getdiyin gündən

Əbədi ölümə hazırlaşıram…

Günbəgün anlayıb, kəşf elədim mən.

 

Arxamca son dəfə qapı bağladın,

Sonuncu cildimi bitirən zaman.

Elə həmin gündən bu günə qədər

Özümü ölümə hazırlayıram.

 

Qətiyyən qınağa çəkmərəm səni,

Sən əsl mələksən mənim gözümdə.

Ölüm dedikləri nədir ki, hətta

Ölümü sanıram təpər dizimdə.

 

Qocalıq xofu da çökmür üstümə,

Xəstəlik qorxumu susdurub daha.

Nə qədər olsa da şirin bu həyat,

Əbədi ölümdən deyildir baha!

 

Mələk işığının parıltısında

Sonunda tərk etdin məni, bağışla!

Hay verib, hayıma gəlmədin, əfsus,

Boşuna üz tutdum bu yalvarışla.

 

Cavabsız qoyduğun suallarımla,

Səni qınayımmı, budur niyyətin?

Fevralda öləni iyulda gəzmə,

Ölüm beşiyidir əbədiyyətin!

 

Qalxdığın zirvəni fəth etmək üçün

Gülərək addımla, olar qismətin.

Mənə nəsib oldu sağ ikən ölmək,

Ölümlə doğulmaq! Ən son niyyətim!

 

İçimdə çırpınan vüsal eşqiylə

Özümü tovlayıb, ya aldatmıram.

Sağ ikən sinəmdə qalan sözləri

Yoxluğum deyəcək, hey aram-aram!

 

Sənə yalvarmıram, pənah ummuram,

Faniymiş ümidlər, bitdi zillətim!

Mənim ala gözlü Ölüm Mələyim,

Sənsən əzəl sevdam, son məhəbbətim!

Yaxşı adam

 

Böyük, məşhur şəhərdə

Yaxın keçmişdən bəri

Sakit qonum-qonşuyla

Yaşardı yaxşı biri.

 

Nə arıqdı, nə də kök,

Nə günahkar, nə də pak,

Tələsmədən, durmadan

Yaşardı yaxşı adam.

 

Onu heç kəs görməyib,

Ya sərxoş, ya davakar.

O, yaxşı adamıydı –

Beləydi ən son qərar.

 

Bilik sahibi olmaq,

Onunçün çox zoruydu. .

Uğur qazanmasa da,

Yaxşı adı varıydı.

 

Nə Allah vergilisi,

Nə xeyirxah deyildi.

Yaxşılıq etməsə də,

Adam bədxah deyildi.

 

Hökmə gələndə isə,

Sadəydi ən son qərar –

Əgər pisliyi yoxsa,

Demək, yaxşılığı var!

 

Bir gün yığıb köçünü,

Gözlərini qapadı..

Sanki yaşamamışdı,

Amma yaxşıydı adı.

 

Dəfn edib söylədilər –

Qurudu qol-budağı.

Çəkəmmədi yükünü,

Yaxşı kişiydi, fağır.

 

Dostları, tanışları,

Unudub onu tamam.

Məzarlığın küncündə

Yatır o yaxşı adam!

 

Cilddən cildə ha düşsən,

Geri qayıtmaz gedən.

Bir düşün, doğrudanmı,

Yaxşıydı həmin adam?

Tərcümə İradə Aytelə məxsusdur.

 

Share: