“Allahşükür Paşazadə və dövlət-din münasibətləri…” -Esmira İsmayılova…

“Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur.

Allahşükür Paşazadə və dövlət-din münasibətləri.

“Allah istədiyi şəxsə hikmət(elm, mərifət,müdriklik)bəxş edər.Kimə hikmət bəxş edilmişsə,ona çoxlu xeyir(əbədi səadət) verilmişdir.Bunu yalnız ağıl sahibləri düşünüb dərk edərlər!”(Qurani Kərim,əl-Bəqərə surəsi,ayə 269).

Söz vaxtına çəkər deyiblər. 1993-cü ilin yayında Azərbaycanda, o cümlədən Cənub bölgəsində vəziyyət kritik həddə çatmış,dövlətçiliyimiz üçün təhlükə yaranmışdı.Talış Muğan Respublikası yaratmaqla Azərbaycanı parçalamaq  istəyən Ələkrəm Hümbətovu dayandırmaq  üçün xalqın etibar,etimad bəslədiyi oğullar lazım idi. Dini liderimiz –Hacı Allahşükür Paşazaadə məhz  belə oğul oldu, hadisələrin üstünə gedərək dərinləşməsinə imkan vermədi .

2009-cu ilin noyabrında Bakıda  “Dinlərarası dialoq:Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı Beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev Şeyxülislamın  bu  vətənpərvərliyini yüksək qiymətləndirərək onu Azərbaycan dövlətinin ,dövlətçiliyinin xilaskarlarından biri kimi dəyərləndirdi: “Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi.Müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir”.

“Bütün dinlər sülhə, barışığa çağırır,ölümə deyil, həyata dəvət edir.Din buna xidmət etməlidir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir.Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır” deyən Allahşükür Paşazadə bəşəri dəyərləri qiymətləndirməyi bacaran, digər dinlərə hörmətlə yanaşan, tolerantlığı iş fəaliyyətinin əsas istiqaməti sayan din xadimidir

Lənkəran rayonunun Cil kəndində, 1949-cu ilin 26 avqustunda Hümmət kişi dünyaya göz açan  övladına  tanrıya minnətdarlıq rəmzi olaraq Allahşükür adını qoydu. Ata oğlunun Allah yolunu seçməsini, islami dəyərləri tam mənimsəməsini arzu edərək bu adı seçmişdi. Hümmət kişi kamillik yolunu dində axtardığına görə oğlu  Allahşükürü də  ilahiyyatçı kimi  görmək istəyirdi.Ata  stolüstü kitabı olan  “Qabusnamə”dəki  kəlamları oğluna  dönə-dönə oxuyurdu: “Ey oğul,bil,axirət elmindən götürə biləcəyin qədər heç bir elmdən o qədər xeyir götürə bilməzsən.Ən böyük elm  din elmidir,çünki onun əsası tohid,törəməsi  şəriət ehkamları, səmərəsi isə dünya malıdır”. Hümmət kişi  oğlunun dini biliklərə yiyələnməsi üçün Allahşükürü kənddəki mollanın yanına göndərib. İlk dini təhsilini yerli din adamlarından alan Allahşükür Paşazadə sonralar cənub bölgəsində  yaşayan  ilahiyyatçı alimlərdən,mollalardan  İslam dininin əsaslarını mənimsəyib.O,1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olmuş, buranı bitirdikdən sonra dini təhsilini  Daşkənd İslam Universitetində davam etdirmişdir.1975-ci ildə sözügedən universiteti bitirərək Azərbaycana dönən Allahşükür  Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi təyin olunub. A.Paşazadənin dini fəaliyyəti həm dindarları, həm də dövlət rəsmilərini qane etdiyindən o, 1980-ci ildə QMİ-nin sədri seçilib və Şeyxülislam dərəcəsinə yüksəlib. 29 iyul 2003-cü il tarixində Qafqaz müsəlmanlarının Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə A. Paşazadə ömürlük sədr- Şeyxülislam seçilib .

1986-cı il oktyabr ayının 1-də Bakıda keçirilən İslam Konfransı Təşkilatının “Müsəlmanlar sülh uğrunda mübarizədə!” mövzusunda Beynəlxalq konfransında dünyanın 60 ölkəsindən 600 nəfər nüfuzlu dövlət və din xadimlərinin iştirakı  gənc dini liderin təşkilatçılıq qabiliyyətindən, dünyada söz sahibi kimi tanınmasından xəbər verirdi. Xatırladaq ki, 1987-ci ildə Moskvada keçirilmiş “Nüvə silahsız dünya: bəşəriyyətin xilası uğrunda” Beynəlxalq forumun təşəbbüs qrupunun başçısı və həmsədri  də Şeyxülislam A.Paşazadə olmuşdur.

“Şeyx həzrətləri ictimai-siyasi xadimdir.O ,zamanında  həm Azərbaycanda,həm Sovetlər İttifaqında yüksək səviyyədə qanunverici hakimiyyətdə təmsil olunmuşdur.Həm ictimai fəaliyyəti ilə sayılıb seçilibdir.Şeyx həzrətləri Azərbaycanda Milli  Azadlıq hərəkatında xüsusi rol oynayıbdır”-bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı A.Paşazadənin  anadan olmasının 70,şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə bağlı Lənkəranda keçirilmiş “Mənəviyyata həsr edilmiş ömür” adlı regional konfransdakı çıxışında söyləyib.Bəli,Sovet Ordusu  1990-cı ildə Bakıda 20 yanvar faciəsini törədəndə A. Paşazadə təkcə dini lider deyildi,mübariz siyasi rəhbər idi:  “Biz bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik!” deyərək  M. Qorbaçovdan haqq-hesab tələb edirdi “Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə,o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər,lakin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Təalaya tutur və onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət diləyirəm. Qoy Allah-Təala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin!”.

Hadisələrin sonrakı gedişi göstərdi  ki, bu nifrin yerdə qalmadı, Şeyxülislamın haqq qarğışı baiskarları tez tutdu,70 ildən artıq dünyaya meydan oxuyan SSRİ  imperiyası törətdiyi zülmlərin ahındaca boğuldu,əlləri xalqın qanına batan cəlladlar “zəlil”, “xar” kimi siyasət meydanını tərk etdilər.

SSRİ-nin kifayət qədər güclü olduğu bir vaxtda, baş verənlərdən cəmi bir gün sonra  M.Qorbaçova qəzəb dolu məktub yazması ilə bağlı jurnalistin verdiyi sualı Hacı Allahşükür Paşazadə belə cavablandırmışdı: “ Onlar siyasətə əl atdılar və 20 yanvarda baş verənləri İslam inqilabı kimi qələmə vermək üçün taktika işlətmək istədilər. Hətta SSRİ-nin rəhbərlərindən biri olan Yevgeni Primakov mənə dövləti idarə etməyi öz əlimə götürməyi təklif etdi. Məqsədləri məni tora salmaq,öz törətdiklərinə dini çevriliş donu geyindirmək idi.Biz bunu başa düşdük və mənim onlara cavabım belə oldu: “Mən din adamıyam,dövlət adamı deyiləm.Mənim 2 rükət namazım sənin verdiyin dövlətdən daha artıqdır”.

QMİ sədrinin Azərbaycan dövlətçiliyinə verdiyi ən böyük töhfə ölkədə dini sabitliyi bərqərar etməsi,tolerant mühit yaratması,məzhəblər arasında barışığa nail olmasıdır.Bütün dini bayramlarda Azərbaycanda şiə və sünni məzhəbli dindarlar birgə vəhdət namazı qılır və bu mərasimlərin başında Şeyxülislam özü durur. “Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı mövcuddur. Məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur”-deyən  QMİ sədrinin fikrincə  bunun əsas səbəbi Azərbaycandakı dövlət-din  münasibətləridir: “Buna görə dövlətimizə, dövlətimizin rəhbərlinə minnətdarıq”.

Bakıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə Qarabağ probleminin din amili ilə bağlı olmasını söyləyən ermənilərin məkrli hərəkətlərinə cavab vermişdir. “Qarabağ münaqişəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti yolverilməzdir və bunu edənlər Yaradan qarşısında ən ağır günah işlətmiş olurlar”.2011-ci ildə Yerevanda Ermənistan prezidentinin üzünə kəskin etiraz edən Şeyxülislam onun “ heç bir müsəlman məscidinə toxunulmayıb”sözlərinə “təyyarəyə otur,mənimlə gedək.Ağdamda mənə namaz qılmaq üçün bir məscid göstərə bilərsənmi”sözləri  ilə erməni prezidentini çıxılmaz duruma  salmışdı.

Şeyxülislamın Parisdəki məşhur  Notr-Dam kilsəsinin yanmasına verdiyi reaksiya da təsirlidir: “Ürəyim ağrıyır .Dünyada harada olmasından asılı olmayaraq, bütün məbədlər Allahın evidir” .

QMİ sədri ölkəmizi təmsil etdiyi bütün tədbirlərdə Dağlıq Qarabağ problemini önə çəkir,ermənilərin işğalçı mövqedə durmasını kəskin pisləyir. “Başımızda  əmmamə olsa da,bir əsgər kimi həmişə dövlət başçımızın yanındayııq”  deyən Şeyxülislam Allahşükür Paşazadə

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaraq beynəlxalq qurumları təcəvüzkarın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, Yer üzünün əşrəfi olan insana və onun faciəsinə biganə qalmamağa çağırır.

Bütün Qafqazın şeyxi İslam dinindən xurafat  məqsədilə istifadə edənlərə qarşı barışmaz mövqeyi  ilə həmişə seçilib.Azərbaycanda dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə bağlı Şeyxülislamın uğurlu təşəbbüsü  islam aləmində böyük yenilik kimi dəyərləndirilməlidir. 2001-ci ildən başlayaraq   məhz Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il  Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin xatirəsinə qanvermə aksiyaları keçirilir. “Qan ver, yaşat” devizi ilə keçirilən Aşura aksiyası zamanı QMİ sədri  özü də hər il  qan verməklə xəstə uşaqlara dəstək,həm də dindaşlarına örnək olur.

A.Paşazadə dini dəyərlərin təbliğində,kütləyə olduğu kimi çatdırılmasında savadlı din xadimlərinin rolunu vacib hesab edir:  “ Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.

Bu gün ordu sıralarına yola salınan gənclərin Azərbaycan bayrağı ilə yanaşı,din xadimlərimiz  tərəfindən müqəddəs dini kitabımız olan Qurani-Kərimin altından  da keçirilərək hərbi xidmətə yola salınmaları,vətənpərvərlik mövzularında keçirilən tədbirlərdə din xadimlərinin  fəal iştirakı ölkəmizdə dövlət-din münasibətlərinin uğurlu nizamlanmasından xəbər verir.

Bu anlaşma  özünü dini abidələrin tikilməsində və bərpasında,savadlı dini kadrların hazırlanmasında  da  göstərir.Əgər Azərbaycan dövlət müstəqilliyini əldə edən dövrdə ölkəmizdə cəmi-cümlətanı 17 məscid var idisə, indi onların sayı 2500-dən çoxdur.

Şeyxülislam Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Bir Şeyxülislam kimi onun müasir Azərbaycan tarixində milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolunda danılmaz xidmətləri var.Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti dini və ictimai fəaliyyəti ilə vəhdət təşkil edir.Şeyxülislam A. Paşazadə İslam aləmində yeganə fiqh alimidir ki, həm şiə, həm də sünni məzhəblərinə fəqihlik etmək-ali dini hüquqi qərar vermək səlahiyyətinə malikdir.O, məzhəbi vəhdət naminə beynəlxalq miqyasda təbliğat aparan ictihad alimlərindəndir.

Sevindirici haldır ki, bu il Azərbaycan daha bir mötəbər beynəlxalq  tədbirə ev sahibliyi edəcək. Noyabrın 14-15-də dünyanın nüfuzlu din xadimləri Bakıda bir araya gələcəklər. “Dünya dini liderlərinin II Bakı sammiti” Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40  illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçiriləcək.Məlum sammitin Bakıda keçirilməsi növbəti dəfə imkan verəcək ki, həm Azərbaycandakı mövcud reallıqları bir daha dünyaya nümayiş etdirək, həm ölkəylə maraqlanan, ölkə haqqında məlumat almaq istəyən müxtəlif dairələri informasiyalarla təmin edək, həm də qonaqları Azərbaycanın dinlərarası münasibətlərin tənzimlənməsində apardığı siyasətlə tanış edək.

Milli Liderimiz Heydər Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir və buna görə də dövlətin bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik şəkildə, bütün tərəflərin maraqlarını gözləməklə, öz qanunlarımızı və qoşulduğumuz konvensiyaları pozmamaqla həyata keçirmək lazımdır.  QMİ ilə   Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu gün  bu siyasəti uğurla həyata keçirir. DQİDK –nin sədri Mübariz Qurbanlının fikrincə din xadimi də cəmiyyətin bir üzvüdür,ölkə vətəndaşıdır: “Azərbaycanda dövlət dindən ayıdır, amma din xadimi dövlətdən ayrı deyil. O axı ölkə vətəndaşıdır. Dövlət dinin bu və ya digər işlərinə qarışmır”.

…“Yolların ən mübarəki insanı özünə çatdıran yoldur”. Bu mübarək deyimi Şeyxülslam Allahşükür Paşazadəyə də aid etmək olar. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətlərindən  biri olan QMİ sədri ömrünün 70, fəaliyyətinin 40 illik yubileyini alnıaçıq, üzüağ qarşılayır.Bu gün   haqq dünyalarına qovuşan   valideynlərin  ruhları da  rahatdır.Şeyxülislam A.Paşazadəni yubiley münasibətilə  ürəkdən təbrik edir,Allahdan mənalı ömrünün davamını arzulayıram:

Tanrıya sığınan Tanrı bəndəsi-

Arzum-Tanrı özü qorusun səni!

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 

Share: