Ali Yusif Poeziyasına Ədəbi-Bədii Baxış

Ali Yusif Poeziyasına Ədəbi-Bədii Baxış

Solan Qızılgüllər

Qızılgül
ətri ilə dünyanı ovudur,
gözəlliyi ilə
baxan gözləri heyran qoyur.
Amma nə yazıq…
ən gözəl güllərin
ömrü qısa olur.

İnsan da elədir bəlkə.
Yaxşı adamlar
tez köçür bu dünyadan.
Sanki Allah
ən sevdiyi bəndələrini
çox saxlamır yer üzündə.

Pislik edənlər isə
daş kimi qalırlar zamanın içində.
Nə dərd-bəla aparır onları,
nə də illər yorur.

Gecələr düşəndə
yuxum ərşə çəkilir.
Sükutun içində
özümü axtarıram.

Çıxıb gedirəm
təbiətin qoynuna —
küləyin səsinə,
yarpaqların pıçıltısına,
uzaqdan görünən ay işığına.

Qaranlıq məni sıxsa da
ay göydən yoluma işıq salır,
ulduzlar
səssizcə yol göstərir mənə.

Onda
gedən dostlarım düşür yadıma.
Bir-bir keçir gözümün önündən
səsi, gülüşü, baxışı…

Sonra ürəyimdən
səssiz bir sual keçir:
görəsən
mən gedəndən sonra
məni də yada salan olacaqmı?
Bilmirəm…

Bəlkə də
insanın əsl qiymətini
o gedəndən sonra
zaman verir.

13.05.2026-cı il

Şeirin Bədii-Fəlsəfi Təhlili:

Ali Yusifin bu mətni dərin fəlsəfi-lirik düşüncələrdən yoğrulmuş, insan ruhuna toxunan təsirli bir miniatürdür.
Mətndə ömrün müvəqqətiliyi, xeyir və şərin dünyadakı varlıq müddəti fəlsəfi şəkildə qarşılaşdırılır. Əsas ideya insanın bu dünyada qoyduğu iz və ölümündən sonra xatırlanmaq istəyidir. Miniatür qızılgül metaforası ilə başlayır. Təbiətdən insana, ordan isə müəllifin daxili dünyasına, yəni tənhalığına doğru uğurlu bir keçid edilir. Sonda isə ritorik sualla insanın öz varlığını sorğulaması ilə tamamlanır.
Yaxşı insanların ömrü qısaömürlü qızılgülə, pislik edənlər isə zamanın içindəki “daşa” bənzədilir.
“Yarpaqların pıçıltısı”, “ulduzların səssizcə yol göstərməsi” təbiəti müəllifin dərd ortağına çevirir.
Güllərin solması ilə daşın qalması, qaranlıq ilə ay işığı, getmiş dostların xatirəsi ilə müəllifin indiki tənhalığı güclü təzad yaradır.
Mətn lirik-fəlsəfi üslubdadır. Cümlələr axıcı, emosional və ritmikdir. Səmimi etiraf tonu oxucuda dərhal rəğbət və kədər hissi oyadır. “Yuxunun ərşə çəkilməsi” kimi frazeoloji ifadələr bədii təsir gücünü artırıb.
Bu yazı, insanın daxili sarsıntılarını və varlıq qayğılarını təbiətin dili ilə ifadə edən, bədii cəhətdən bitkin və oxucunu düşündürən uğurlu bir qələm nümunəsidir.
Sizə cansağlığı, bərəkətli ömür və yaradıcılıq uğurları arzulayıram!

Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.

AJB-nin üzvü. Ədəbi təhliltənqidçi. Yazar-publisist
14.05.202

Share: