“Adama ən güclü soyuq, Gözündəki yaşdan dəyir…”-Cabir Həsənovun şeirləri…

Müstəqil.Az  şair Cabir Həsənovun şeirlərini təqdim edir:
 
 
 
Ən təmiz sevgilər ürəkdə qalır
 
Ən şirin uşaqlar kasıb doğulur,
Ən incik baxışlar çörəkdə qalır.
Ən ağır zərbəni yaxınlar vurur,
Ən dərin yaralar kürəkdə qalır.
 
Ən nəfis duyğular çəkilib gedir,
Ən həzin baxışlar dikilib gedir.
Ən əziz adamlar bükülüb gedir,
Ən təmiz sevgilər ürəkdə qalır.
 
Ən uca könüldə yara bağlanır,
Ən ümdə arzular vara bağlanır.
Ən gözəl qapıya qara bağlanır,
Ən acı xatirə dirəkdə qalır…
 
 
Bəlkə səni bir başqası incidir
 
Mənim gözüm öz yaşına qədəhdi,
Sənin gözün adam süzür ey afət.
Hamı deyir – niyə nazlı sevgilin
Səni görüb dodaq büzür, ey afət.
 
Dodağından axan sözün incidir,
Hər baxışın gözlərimin dincidir.
Bəlkə səni bir başqası incidir,
Məni sənin dərdin üzür ey afət.
 
Kim sağaldar həyat vuran zədəni,
Nə qaytarar küsüb ondan gedəni.
Hələ məndə səpir saça ağ dəni,
Səndə telə çiçək düzür ey afət.
 
Hələ gəncsən, hələ arzu dilərsən,
İz silirsən, darıxma, göz silərsən.
Sevdiyindən ayrı düşüb bilərsən,
Cabir hər gün necə dözür ey afət.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sən demə ləyaqət əsas deyilmiş
 
Sən demə ləyaqət əsas deyilmiş,
Qazancın quruca adın olurmuş.
Sən demə evində qorxaq kişinin,
İşində rəhbəri qadın olurmuş.
 
Sən demə ağrılar cana keçirmiş,
Hər insan fiqurtək xana keçirmiş.
Sən demə nə yesən qana keçirmiş,
Nə yesən ağzında dadın olurmuş.
 
Sən demə arzular qanad kimidir,
Sən demə qocalıq imdad kimidir.
Sən demə yaxşılıq övlad kimidir,
Sonunda bəhrəsi yadın olurmuş.
 
 
Yol verin keçib gedirəm
 
Bu dünya köhnə körpüdü,
Yol verin keçib gedirəm.
Ömür yoldur, arzu bulaq,
Bir qurtum içib gedirəm.
 
Bəxt dalınca qaça-qaça,
Düşdü ağ dən qara saça.
Fikir sapdır, kədər parça,
Əynimə biçib gedirəm.
 
Cavan ömrü qovub yordum,
Daha bəsdir deyib durdum.
Bura mənim ata yurdum,
Ayrılıb, köçüb gedirəm.
 
Ölüm, nə var sən həvəsdə,
Qəfəs səndə sən qəfəsdə.
Seçim varmı son nəfəsdə,
Gəl, səni seçib gedirəm…
 
 
 
 
 
 
 
 
 
 
 
Dəyir
 
Qəm yağışdır, insan ağac,
İlk damcısı başdan dəyir.
Bu həyatda hər bir kəsə,
Qədər atan daşdan dəyir.
 
Bəxt kürt düşən çilli toyuq,
Yatar harda tapsa oyuq.
Adama ən güclü soyuq,
Gözündəki yaşdan dəyir.
 
Ömür torpaq, arzular su,
Tut, içsin ağız dolusu.
Hər qıza qadın duyğusu,
Üzükdəki qaşdan dəyir.
 
Hicran güldür bir dəstəlik,
Bir alsan, bir pay üstəlik.
Sevgi adlı xoş xəstəlik,
İnsana gənc yaşdan dəyir.
 
Anlat mənə
 
Ay həyatın eşq bağında keşikçi,
Eşqdə olan qüdrəti anlat mənə.
Nə deyirsən kəlmələrin xoş olur,
Sözdə olan hikməti anlat mənə.
 
Ay payızla görüşməyə gedən qız,
Bu görüşdən danış mənə bir ağız.
Nə geymişdi son görüşə bu payız,
Pıçıltıyla, xəlvəti anlat mənə.
 
Niyə dönüb yaşıl meşə çılpağa,
Neçə arzu dəfn elədin torpağa?
Nə söylədin ağacda son yarpağa,
Təbiətlə söhbəti anlat mənə.
 
Keçdimi gün gözlə qaş arasında,
Solubmu yaz gülün daş arasında.
Mənli mənsiz ötən yaş arasında,
Darıxdığın müddəti anlat mənə.
 
Nə gətirdin bu səfərdən gələndə,
Nə qazandın bu həsrəti böləndə.
Sən həyata gözündə yaş güləndə,
Qaçırdığın fürsəti anlat mənə…
Müstəqil.Az
Share: