Sovetlər niyə Mirzə Cəlili seçmişdi: xalqı aşağılamaq, düşüncə terroru və… – MÜSAHİBƏ

Bu günlərdə tanınmış ziyalı Həmid Herisçinin Cəlil Məmmədquluzadənin yaradıcılığı haqda söylədiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmadı. Məşhur jurnalist İlhamiyə Rza ilə söhbətimizdə onun bu məsələyə yanaşmasını öyrəndik.

Müstəqil.Az teleaparıcı İlhamiyyə Rzanın  Publika.az-a verdiyi  müsahibəni olduğu kimi təqdim edir :

– Bu günədək Nitsşeni, Kamünü, Sartr və digər mütəfəkkirləri nihilist kimi tanımışıq. Həmid bəy çıxışında Mirzə Cəlili nihilist adlandıraraq, onun yaradıcılığının bu səmtinin araşdırılmadığını vurğuladı. Həmfikirsiniz?

– Ümumiyyətlə, klassiklərimizin yaradıcılığının kifayət qədər araşdırılmadığını düşünürəm. İstənilən müəllifi klassik, korifey mərtəbəsində ağırlamaq üçün ideologiyanın və hakimi-mütləqlərin təqdimatı yetməz. Təəssüf ki, bir çox dəyərlər fərdi deyil, kütlə psixologiyası ilə qəbul edilir. Kütlə özü də buna meyillidir. Çünki bunun üçün ondan zəhmət tələb olunmur. Bəli, hesab edirəm ki, Cəlilin yaradıcılığı bu yöndən araşdırılmayıb. Nihilizm də bir təfəkkür və yanaşmadır ki, adlarını çəkdiyiniz müəlliflərin nihilist olması, onları nə ədəbiyyatdan, nə fəlsəfə tarixindən silib. Fəqət, onların doğru yerini müəyyən edib. Motivlərindən asılı olmayaraq, öz inkarçı yanaşması ilə Cəlil, əlbəttə ki, nihilistdir. Onun qəhrəmanları ya ikrah doğuracaq qədər alçaq, ya da hallarına acınacaq qədər avamdırlar. İşıqlı bir personaj, təəssüf ki, yox qədərdir. Çox çalışsaq, baş verənlərə kinayə və sarkazmla yanaşan bir müəlif-ziyalı obrazı tapmaq olar. Əlbəttə, müsbət qəhrəman adına ki, mən belə qəhrəmanı sevə bilmirəm. Onun bu yekəxana ağrısında sevgi axtarıb tapa bilmirəm.

– Düşünürəm ki, Həmid bəyin Mirzə Cəlilin özünü xalqdan daha ağıllı göstərmək istədiyini, bu düşüncənin klassik ədəbiyyatımıza yad olduğunu söyləməsi mübahisəyə zəmin yaratdı…

– Mübahisəyə zəmin yaradan fikirləri alqışlayıram. Yunan filosofları deyirdilər ki, mübahisələrdə həiqiqət üzə çıxır. Odur ki, bunu müsbət hal hesab edirəm. O ki qaldı, hər hansı bir müəllifin özünü xalqdan daha ağıllı göstərməsinə, bu tərbiyə metodu heç vaxt uğurla nəticələnməyib. Bəli, obyekt dəyişib, amma pisə doğru. Necə? İzah edim. Ağıllı olmaq gözəldir. Özünü ağıllı göstərmək də pis deyil, hər halda insanın ağıllı görünmək cəhdi onun ağıl məfhumuna dəyər verdiyinə dəlalət edir. Amma özünü kimdənsə, illah da, xalqdan üstün və ağıllı göstərmək yanlış yanaşmadır. Hər mənada. Çünki ümumidir. Subyektivdir. Həqiqət deyil, ola da bilməz. Ümumiləşdirmələrlə, stereotiplərlə düşünmək bütün zamanlarda müəllif üçün qüsur sayılıb. Buna baxmayaraq, kütlə birinci və ikinci kateqoriyadan olanlara qıcıqla yanaşdığı halda, sonuncuları sevir. Demək ki, özgüvən hissindən uzaqdır və əziklik kompleksi içindədir. Və bunun səbəbini araşdırmaqdansa, “ancaq bizdə belə şeylər ola bilər”, “geridəqalmış xalqıq”, “əcnəbilərsə seyrə balonlarla çıxır” düşüncəsi ilə qane olur.

– Çağdaş Azərbaycan yazarlarının da Kefli İsgəndəri özlərinə örnək alıb içkili halda xalqı alçatması faktı, qələmlərindən tökülən nihilizm Həmid bəy kimi sizi də qıcıqlandırır?

– Kefli İskəndər mübariz deyil, uduzmuş, təslim olmuş bir fiqurdur. Odur ki, onu özünə örnək bilənlərin, ona oxşamağa çalışanların xalqa yuxarıdan aşağı baxmasına, yumşaq desək, ciddi yanaşa bilmirəm.

– Həmid bəy həmçinin ilk dəfə bir fakt səsləndirdi. “Ölülər” əsərinin, Mirzə Cəlilin felyetonlarının əslində plagiat olduğunu dedi. Danılmaz faktdır ki, istənilən sənətin nümayəndələri sələflərindən qidalanırlar. Məsələyə bu yöndən yanaşsaq, Mirzə Cəlili qeyri-orijinallıqda günahlandırmalıyıq?

– Cavab sualınızda var artıq – “danılmaz faktdır ki, istənilən sənətin nümayəndələri sələflərindən qidalanırlar” – orijinallıq, elə orijinal olmaq deməkdir. Nə sələfindən, nə qonşusundan, nə də atasından qidalanmadan, öz ideya və mövzularını gətirmək deməkdir ədəbiyyata. Yaxud tanış bir mövzunun tam orijinal bədii həllini verməkdir ki, bunun da öz adı var, dekonstruksiya və ya iqtibas kimi. Vəssalam. Nə üçün, hansı səbəbdən və kimdən təsirləndiyi barədə axtarışlar aparmaq və sonucda nəsə tapmaq olar. Amma və lakin bu tapdığmız hər nə olsa belə, əsərin orijinal olduğunu söyləmək haqqını verməyəcək.

 

Həmid bəy dediyi bütün fikirləri kifayət qədər əsaslandırıb. Cümə günü çox dəyərli fikir sahibi Elçin Alıoğlu ilə də polemikaları baş tutacaq. Suallarınız olsa, canlı efirdə (Kulis.az) də verə bilərsiniz.

Onun fikirlərinə dəqiqlik gətirmək, izah etmək mənə düşməz.

Məsələ burasındadır ki, o, bütün əsərlərə dünya kontekstindən baxmağı bacaran bir fikir sahibir. Çoxlarının belə bir lüksü yoxdur. Bunun üçün, ən azı, haqqında danışdığın müəllifin yaşadığı dövrü, onun parlaq simalarını və yaradıcılıqlarını dərindən bilməlisən və bu bilgilər əsasında quş uçuşundan baxmağı da bacarasan, buna “helikopter vyu” da deyirlər. Mövzunu tam və bütöv, konturları ilə bərabər görə bilməlisən. Həmid buna alışıb və bunu bacarır. Onun rəhmətlik atası professor, elmlər doktoru Qafar Kəndli Xaqani Şirvani monoqrafiyasının müəllifidir. Onun bu elmi işi belə adlanır: “Xaqani Şirvani- həyatı, dövrü və mühiti”. Yəni tam. Bir müəllifi, onu istər fərd, istərsə də fikir sahibi kimi yetişdirən ailəsi, dövrü və mühitindən kənarda necə qiymətləndirmək olar axı. Dediyim o ki, Həmid bu yanaşmanı və dəyərləndirməni rəhmətli atasından əxz edib. Odur ki, dediyiniz felyetonları oxuyanda motivlərin “Satirikon”dan gəldiyini deyəcək qədər məlumatı var. O ki qaldı plagiat məsələsinə… Həmidin yerinə cavab vermək istəməsəm də, onun bədii əsərlərdə ilkin süjet və mövzuları qiymətləndirdiyini bilirəm. Məsələn, hərhansı bir müəllif və ya əsər haqda ondan fikir soruşanda belə deyə bilər: yaxşıdır, amma ilkin deyil. Və əksinə, orijinal gedişləri, mövzu və süjetləri çox yüksək qiymətləndirir. Onun üçün bu, əsas meyardır. Və təkcə onun üçün yox, sənətdə bu meyarlar əsasdır.

– Maraqlıdır, İlhamiyyə Rza XIX əsr Azərbaycan ədəbiyyatı deyəndə, təsəvvüründə kimləri canlandırır?

– Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh və əlbəttə ki, Axundov. Başqa adlar da var, zənnimcə, məqsədiniz mənim dəyərlərimi, öncəlik verdiklərimi öyrənmək idi.

– Mirzə Cəlil hekayələri, xüsusən də “Poçt qutusu” yetişən nəsilə qarşı düşüncə terrorudurmu?

– Düşüncə terroru deyəndə nəyi nəzərdə tutduğunuzu deyə bilməsəm də, hesab edirəm ki, uşaqlarımızda milli qürur hissi tərbiyə etmək üçün, istər tariximizdə, istərsə də bugünümüzdə kifayət qədər hadisə və insanlar var. Onları tanıtmadan, öyrətmədən uşaq və yeniyetmələrimizi Novruzəliylə üz-üzə qoymaq düzgün deyil, həm də ziyanlıdır. Amma Cəlili də, “Poçt qutusu”nu da nə zamansa oxumalıdırlar. Həm də mütləq. Oxumalıdırlar ki, bilsinlər, belə olmaq olmaz!

– Sonda əlavə etmək istədiyiniz nə isə varsa, buyurun...

– Bir şeyi əlavə etmək istərdim, Mirzə Cəlil və digər maarifçilərimiz sovet ideologiyasının ciddi cəhdlə təbliğ etdikləri simalardır. Biz sovetlərdən imtina etmişik. Özü də düşünülmüş şəkildə. Demirəm, sovetlərin təbliğ etdiyi müəlliflərdən də imtina edək, qətiyyən! Lakin bir düşünək ki, niyə məhz onları seçibmiş rejim. Zamanla müəlliflər, onların əsərləri yenidən dəyərləndirilməli, bu dəfə artıq sovet konyukturasından kənar, ədəbiyyat, millilik, bəşərilik meyarları ilə yenidən oxunmalı və lazım gələrsə yenidən sevilməlidirlər. Dərsliklərə hansı ədəbiyyat nümunələrinin salınması isə bir ayrı, çox ciddi və ağrılı bir mövzunun predmetidir. Bədii əsərlərin müəllif üslubuna və qayəsinə xələl gətirmədən redaktə olunması faktları da mövcuddur. Bir-ikisini deyim. Səməd Vurğunun “çadrasız, boyasız türk qızlarından” misrasındakı “türk” sözü, gah “şərq”, gah da “el qızları” olmadımı? Yaxud, epik janrda yazılmış möhtəşəm bir poema – “26-lar” tarixin arxivlərinə göndərilmədimi? Belə misallar çoxdur. Gəlin, bu işlərdə ardıcıl olaq. On illərdir ki, torpağımıza, ərazimizə, izzəti-nəfsimizə qəsd etmiş düşmənlərimizi bizimlə müqayisədə daha sivil və alicənab göstərmək bəlkə qardaş respublikalar ailəsində yaşayan sovet Azərbaycanı üçün normal idi, müstəqil və təcavüzə məruz qalmış bügünkü Azərbaycan üçün isə bu, bir heysiyyat məsələsidir. Klassiklərimizin əsərlərində erməniyə uduzan azərbaycanlı döyüş meydanlarında, yaxud debatlarda, söz savaşında hansı qələbəni çala bilər? Məncə, bu barədə düşünək.

Share: