ABŞ-da erməni diasporu

ABŞ-da erməni diasporu

Amerika Birləşmiş Ştatlarında dünya xalqlarına məxsus diaspor təşkilatları çoxdur. Onların arasında yəhudilərdən sonra, nüfuzuna görə, erməni diasporu ikinci yerdədir. Maraqlısı da odur ki, amerika elitası keçmiş sovet xalqları arasında məhz erməniləri, necə deyərlər, rusun şinelindən çıxmayan millət kimi tanıyır. Bəlkə də buna səbəb ermənilərin ABŞ-a axınının XIX əsrin axırlarına, XX əsrin əvvəllərində sosialist inqilabı dövrünə təsadüf etməsidir, bilmirəm. Amma bir faktı yaxşı bilirəm ki, elə o vaxtdan ermənilər ABŞ-da bir araya gələrək diaspor təşkilatları yarada biliblər. Təsadüfi deyil ki, bu gün erməni diasporu ABŞ-ın ictimai-siyasi həyatına, ali dövlət orqanlarına təsir göstərməyi bacarır. Bundan əlavə bu təşkilatlar erməni əsilli tələbələrin ali təhsil almasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər məxvi layihələrə maddi kömək edirlər. Bu gün ABŞ ərazisində Azərbaycanı çox az adam tanısa da Ermənistanı demək olar ki, əksəriyyət tanıyır. ABŞ-da nüfuzlu ermənilərə gəldikdə isə bəli, onların sayı yetərincədir. Aralarında şəhər rəhbərlərindən tutmuş siyasi təşkilatlarda təmsil olunanlarına qədər kimsəyə rast gəlmək olar. Eləcə də imkanlı, böyük iş adamları da bizimkilərə nisbətən çoxdur. O ki, qaldı ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarına, yüz iyirmi ildən çox yaşı olan erməni diasporunun yanında çox gəncdirlər. Sıralarında bir sıra uğurlara imza atanları olsa da böyük əksəriyyəti necə deyərlər, yerində sayır. Bəziləri də Azərbaycan dövlətindən nə isə umur. Erməni təşkilatlarının isə maliyyə mənbəyi dövlət yox, xalqdır. Bəli, dövlət diaspor təşkilatları üçün deyil, diaspor qrumları dövlətin, xalqın maraqları naminə çalışmalıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

No hay descripción de la foto disponible.
Share: