Həsrət mən adında xanıma düşdü… – Mirvari Coşqun

 

***

Nə deyim mən indi bu gedişinə,
Arxanca ağlayıb gələn deyiləm.
Nifrət var qəlbimdə sevgi yerinə,
Köz olub içimdə, sönən biriyəm.

Axı hər gedişin bir ədəbi var,
Gedən dönməz geri gələnlər dedi.
Sevgidə nə şüur, nə qürur olar,
Bu hicran de görüm sənə nə verdi?

Yoxluğum iz qoydu kirli qəlbində,
Susub ürəyinlə çox danışarsan.
Tapmazsan dünyanın heç bir yerində,
Adımı söyləyib hey darıxarsan.

Söz verib sözünü belə tutmadın,
Başına bəladır qərarsızlığın.
Sən getdin, yenə də məni qınadın.
Böyük günahımdır,günahsızlığım .

***

Bu balaca qəlbim yas qurur hərdən,
O qədər dərd çəkir, dərdin üstünə.
Deyirlər, “bu yaşda nə dərdin olar”,
Demirlər bu yaşda səni üzdülər.

Yaşımdan böyükdür yaşadıqlarım,
Ürəyim körpədi, sevgiylə dolu.
Görənlər sanır ki, xoşbəxtəm amma,
Bilmirlər, çətindi bəxtimin yolu.

Aldılar o gözəl günləri məndən,
Bir eşqin atəşi canıma düşdü.
Sevgidi, vüsaldı, xoş günlər ona,
Həsrət mən adında xanıma düşdü.

***

Hardan biləsən ki gözləmək nədir,
Çıxıb o yollara, boylanmadınsa.
Sevgidir, sevdadır, məhəbbət nədir,
Gecələr yastığın islanmadısa.

Ayrılıq ölümün bir başqa növü,
Nəfəsin daralar, cismin qocalar.
Dizlərin sinəndə, ahın göylərdə,
Beləcə həyatın, ömrün qısalar.

Gözləmək həsrətin uzun gecəsi,
Yox olub bitərsən qaranlığında.
Gözləmək kimsəsiz ölüm küçəsi.
Çox gec olacaqdır yalvardığında.

Gözləyib puç olmaq, yorulmaq nədir,
Ölümü gözləyər xəstə arabir.
Əzrayil gəlməyir canını alsın,
Məni gözləyəcək bircə boş qəbir.

Mirvari Coşqun

Müstəqil.az

Share: